HÜQUQŞÜNASLARIN MƏKANI
  İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya
 

İŞGƏNCƏLƏRƏ VƏ DİGƏR QƏDDAR, İNSANLIQDAN KƏNAR, YAXUD LƏYAQƏTİ ALÇALDAN DAVRANIŞ VƏ CƏZA NÖVLƏRİ ƏLEYHİNƏ KONVENSİYA
 
Baş Məclisin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş və imzalanmaq, təsdiq və qoşulmaq üçün açıqdır.
 
QÜVVƏYƏ MİNMƏSİ:27(1)-ci maddəyə müvafiq olaraq 26 iyun 1987-ci il    
 
     Bu   K o n v e n s i y a n ı n    iştirakçı-dövlətləri
     Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq, insana məxsus ləyaqəti və insan nəslinin bütün üzvlərinin bərabər, və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu n ə z ə r ə   a l a r a q,
     dövlətlərin Nizamnaməyə, məsələn, 55-ci maddəyə müvafiq olaraq insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət və riayət edilməsinə yardım göstərməyə dair öhdəliklərini n ə z ə r ə a l a r a q,
hər ikisinin — həm insan hüquqları haqqında Ümumi bəyannamənin 5-ci maddəsinin, həm də mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktın 7-ci maddəsinin — heç kəsin işkəncəyə və ya qəddar, insanlıqdan kənar, yaxud onun ləyaqətini alçaldan davranış və cəza növlərinə məruz qalmalı olmadığını nəzərdə tutdurunu h e s a b a   a l a r a q,
həmçinin Baş Məclisin 9 dekabr 1975-ci ildə qəbul etdiyi bütün şəxslərin işkəncələrdən və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərindən müdafiə olunması haqqında bəyannaməni   n ə z ə r ə   a l a r a q,
     işkəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizənin səmərəsini   a r t ı r m a q   i s t ə y ə r ə k,
     aşağıdakılar barədə r a z ı l ı ğ a   gəldilər:
 
    I HİSSƏ 
 
     Maddə 1
     1. Bu Konvensiyanın məqsədləri üçün «işkəncə» termini hər hansı bir şəxsə ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf almaq, onu, yaxud üçüncü şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnən hərəkətə görə cəzalandırmaq, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya onların bixəbərliyi, yaxud köz.yumması ilə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və ya əzab yetirən hərəkətlər deməkdir. Bu tərifə yalnız qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir.
       2. Bu maddə daha geniş tətbiq müddəaları nəzərdə tutan hər hansı beynəlxalq müqaviləyə və ya milli qanunvericiliyə xələl gətirmir.
 
Maddə 2
          1. Hər bir iştirakçı-dövlət onun yurisdiksiyasında olan hər hansı ərazidə işkəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görürlər.
          2. Neçə olursa-olsun, heç bir müstəsna hal — müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait — işkəncəyə bəraət qazandıra bilməz.
          3. Vəzifəcə yüksək rəisin, yaxud dövlət hakimiyyəti orqanının əmri işkəncə verilməsinə bəraət qazandıra bilməz.
 
Maddə 3               
          1. Heç bir iştirakçı-dövlət heç bir şəxsi orada ona işkəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı (refoqber) və ya təhvil verməməlidir.
          2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar bütün şəraiti, müvafiq hallarda həmin dövlətdə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi surətdə daim pozulması praktikasının mövcudluğu daxil olmaqla, nəzərə alır.
 
Maddə 4
          1. Hər bir iştirakçı-dövlət bütün işkəncə hərəkətlərinə onun cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət kimi baxılmasını təmin edir. Bu, işkəncə vermək cəhdinə və hər hansı bir şəxsin işkəncədə iştirakçıları, yaxud iştirak etməsi demək olan hərəkətlərinə də aiddir.
          2. Hər bir iştirakçı-dövlət bu cinayətlərə görə, onların ağırlıq xarakteri nəzərə alınmaqla, müvafiq cəza müəyyən edir.
 
Maddə 5
          1. Hər bir iştirakçı-dövlət 4-cü maddədə göstərilən cinayətlər barəsində belə tədbirləri öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək aşağıdakı hallarda görür:
          a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya hamin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;
          b) güman edilən cinayətkar həmin dövlətin vətəndaşı olduqda;
          c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət bunu məqsədəuyğun saydıqda.
          2. Hər bir iştirakçı-dövlət analoji qaydada güman edilən cinayətkarın onun yurisdiksiyasındakı hər hansı bir ərazidə olduğu və bu dövlət 8-ci maddəyə müvafiq olaraq, onu bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansına təhvil vermədiyi hallarda belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək belə tədbirləri görür.
        3. Bu Konvensiya daxili qanunvericiliyə müvafiq istənilən cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.
 
Maddə 6
          1. Ərazisində 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməsi güman edilən şəxs olan hər hansı iştirakçı-dövlət sərəncamındakı informasiyanı araşdırdıqdan sonra şəraitin tələb etdiyini yəqin etdikdə həmin şəxsi həbsə alır və ya onun ölkədə qalmasını təmin edən digər hüquqi tədbirləri görür. həbsəalma və digər bu qəbil tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir lakin yalnız cinayət-prosessual, yaxud təhvil verilmə işlərini görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.
          2. Belə dövlət dərhal faktların ilkin araşdırılmasını aparır.
          3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı bir şəxsə vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.
          4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə həmin şəxsin həbsdə olması faktını və onun tutulmasına əsas verən hallar barədə 5-ci Maddənin 1-ci bəndində xatırlanan dövlətlərə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət aldığı məlumatları təcili surətdə yuxarıda xatırlanan dövlətlərə bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.
 
Maddə 7
          1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməsində şübhələnilən şəxsin yurisdiksiyasındakı ərazidə olduğu aşkar edilən iştirakçı-dövlət 5-ci maddədə nəzərdə tutulan hallarda — cinayətkarı təhvil vermirsə, — həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət orqanlarına verir.
          2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq ciddi xarakterli hər hansı cinayət hallarında olduğu kimi, həmin qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci bəndində sadalanan hallarda məhkəmə təqibi üçün zəruri olan dəlillərə verilən tələbat və çıxarılan hökmlər 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən az sərt olmur.
          3. Barəsində 4-cü maddədə göstərilən hər hansı bir cinayətlə bağlı təhqiqat aparılan hər hansı şəxslə təhqiqatın bütün mərhələlərində ədalətli davranışa təminat verilir.
 
Maddə 8
          1. 4-cü maddədə göstərilən cinayətlər iştirakçı-dövlətlər arasındakı müqəssirlərin təhvil verilməsinə dair hər hansı mövcud müqaviləyə daxil edilməli olan müqəssirləri təhvil verilməli cinayətlər sayılır. İştirakçı-dövlətlər belə cinayətləri müqəssirlərin təhvil verilməsinə dair aralarında bağladıqları hər hansı müqaviləyə təhvil verilməli cinayətlər kimi daxil etməyi öhdələrinə götürürlər.
        2. Müqəssirin təhvil verilməsini müqavilə olması ilə şərtləndirən iştirakçı-dövlət müqəssirlərin təhvil verilməsinə dair müqaviləsi olmayan digər iştirakçı-dövlətdən müqəssirin təhvil verilməsi barədə xahiş alarsa, bu Konvensiyaya həmin cinayətlərə münasibətdə müqəssirlərin təhvil verilməsinin hüquqi əsası kimi baxa bilər. Təhvil verilmə bu barədə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan başqa şərtlərə müvafiq həyata keçirilir.
        3. Təhvilverməni müqavilənin olması ilə şərtləndirməyən iştirakçı-dövlətlər arasındakı münasibətlərdə belə cinayətlərə təhvil vermə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan şərtlərə müvafiq olaraq, müqəssirləri təhvil verilməli cinayətlər kimi baxılır.
4. Belə cinayətlərə iştirakçı-dövlətlərin təhvilvermə məqsədləri uçun elə baxılır ki, sanki onlar yalnız törədildiyi yerdə deyil, həm də 5-ci maddənin 1-ci bəndinə müvafiq olaraq öz yurisdiksiyasını bərqərar etməyə borclu olan dövlətlərin ərazisində baş vermişdir.
 
Maddə 9
          1. İştirakçı-dövlətlər 4-cü maddədə sadalanan cinayətlərdən hər hansı biri barədə görülən cinayət-prosessual işləri ilə bağlı bir-birinə daha dolğun yardım— sərəncamlarındakı məhkəmə təhqiqatı uçun zəruri olan bütün dəlil-sübutlar daxil olmaqla — göstərir.
          2. İştirakçı-dövlətlər bu maddənin 1-ci bəndinə əsasən öz öhdəliklərini qarşılıqlı hüquqi yardım haqqında aralarında bağlana biləcək hər hansı müqaviləyə müvafiq yerinə yetirirlər.
 
Maddə 10
          1. Hər bir iştirakçı-dövlət işkəncələrin qadağan edilməsinə dair tədris materiallarının və informasiyanın tam şəkildə hüquq orqanları personalının hazırlığı, mülki və ya hərbi, tibbi personalın, dövlətin vəzifəli şəxslərin və hər hansı formada həbs edilmiş, tutulmuş, yaxud dustaqxanaya salınmış şəxslərin həbsdə saxlanması və istintaqı, yaxud onlarla davranışla əlaqəsi ola bilək şəxslərin hazırlığı proqramlarına daxil olunmasını təmin edir.
          2. Hər bir iştirakçı-dövlət bu qadağanı belə şəxslərdən hər birinin vəzifə və funksiyalarına aid qaydalara, yaxud təlimatlara da daxil edir.
 
Maddə 11
          Hər bir iştirakçı-dövlət hansısa işkəncə hallarına yol verməmək üçün onun yurisdiksiyasında olan hər hansı ərazidə hər hansı formada həbs edilmiş, tutulmuş, yaxud dustaqxanaya salınmış şəxslərin istintaqına, həmçinin onların həbsdə saxlanmasına və onlarla davranışa dair qaydaları, təlimatları, üsulları və praktikanı müntəzəm surətdə gözdən keçirir.
 
Maddə 12
          Hər bir iştirakçı-dövlət işkəncənin onun yurisdiksiyasında olan hər hansı ərazidə tətbiq olunmasını ehtimal etməyə kifayət qədər əsas olduqda, səlahiyyətli orqanlarının tez və qərəzsiz təhqiqat aparmasını təmin edir.
 
Maddə 13
          Hər bir iştirakçı-dövlət bu dövlətin yurisdiksiyasında olan hər hansı ərazidə işkəncələrə məruz qaldığını iddia edən hər bir şəxsin həmin dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və belə şikayətlərə təcili və əngəlsiz baxılması hüququnu təmin edir. İddiaçının və şahidlərin onun şikayəti və ya hər hansı şahidin ifadələri ilə bağlı hər hansı pis davranış, yaxud hədə-qorxudan müdafiəsini təmin etmək üçün tədbirlər görülür.
 
Maddə 14
          1. Hər bir iştirakçı-dövlət öz hüquq sistemində işkəncə qurbanının əvəz almasını və hüquqi sanksiya ilə gücləndirilən ədalətli kompensasiya almaq hüququnu — mümkün qədər daha tam reabilitasiya vasitələri daxil olmaqla — təmin edir. İşkəncə qurbanı işkəncə nəticəsində. ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir.
          2. Bu maddədə heç nə işkəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mümkün olan hər hansı kompensasiya almaq hüququna toxunmur.
 
Maddə 15
          Hər bir iştirakçı-dövlət işkəncə altında verildiyi müəyyən edilmiş hər hansı bəyanatdan — bu bəyanatın işkəncə verməkdə ittiham oluna şəxsə qarşı sübut kimi istifadə edilməsi halları istisna olmaqla — heç bir məhkəmə baxışında dəlil-sübut kimi istifadə olunmamasını təmin edir.
 
Maddə 16
          1. Hər bir iştirakçı-dövlət onun yurisdiksiyasında olan hər hansı ərazidə işkəncənin 1-ci maddədəki tərifinə düşməyən digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinin dövlətin vəzifəli şəxsləri və ya rəsmi şəxs kimi çıxış edən şəxs tərəfindən, yaxud onların təhriki, yaxud onların bixəbərliyi, yaxud göz yumması ilə törədilməsinin qarşısını almağı öhdəsinə götürür. O cümlədən, 10, 11, 12 və 13-cü maddələrdəki öhdəliklər işkəncə sözünün digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri sözləri ilə əvəz olunması ilə tətbiq edilir.
          2. Bu Konvensiyanın müddəaları qəddar, insanlıqdan kənar, yaxud, ləyaqəti alçaldan davranış və cəza növlərini qadağan edən, yaxud təhvil verilməyə, sürgün olunmağa dair hər hansı digər beynəlxalq müqavilələrini, yaxud milli qanunvericiliyin müddəalarına xələl gətirmir.
 
 
         II HİSSƏ
 
         Maddə 17           
          1. Aşağıdakı nəzərdə tutulan funksiyaları yerinə yetirən işkəncələr əleyhinə Komitə (bundan sonra Komitə adlandırılacaq) yaradılır. Komitə yüksək əxlaqi keyfiyyətlərə malik və insan hüquqları sahəsində səriştəsi ilə tanınan və şəxsi keyfiyyətdə çıxış edən on bir ekspertdən ibarətdir. Ekspertlər iştirakçı-dövlətlər tərəfindən seçilir, həm də ədalətli coğrafi bölgüyə və hüquq təcrübəsi olan bir neçə şəxsin iştirakının məqsədəuyğunluğuna diqqət verilir.
          2. Komitə üzvləri iştirakçı-dövlətlərin irəli sürdükləri namizədlərdən siyahısından gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı-dövlət öz vətəndaşları arasından bir namizəd irəli sürə bilər. İştirakçı-dövlətlər, həmçinin Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakta müvafiq olaraq təsis edilmiş insan hüquqları Komitəsinin üzvü olan və işkəncələr əleyhinə Komitədə işləmək arzusunu bildirən şəxslərin namizədliyinin irəli sürülməsinin məqsədəuyğunluğunu nəzərə alırlar.
          3. Komitə üzvlərinin seçkisi iştirakçı-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin iki ildə bir dəfə çağırdığı müşavirələrində keçirilir. İştirakçı-dövlətlərin üçdə ikisinin yetərsay olduğu bu müşavirələrdə ən çox səs alan və Konvensiyanın müşavirədə və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin nümayəndələrinin mütləq səs çoxluğunu əldə etmiş namizədlər Komitəyə üzv seçilmiş olurlar.
          4. İlk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra altı aydan gec olmayaraq keçirilir. Növbəti seçkilərin keçirilməsinə heç olmasa, dörd ay qalmış Birləşmiş Millətlər təşkilatının Baş katibi iştirakçı-dövlətlərə üç ay müddətində namizədlərini irəli sürmək təklifi ilə məktub göndərir. Baş katib namizədliyi beləliklə irəli sürülmüş iştirakçı-dövlətlər göstərilməklə — əlifba sırası ilə düzülmüş siyahısını hazırlayır və bu siyahını iştirakçı-dövlətlərə təqdim edir.
          5. Komitə üzvləri dörd ilə seçilir. Onlar namizədlikləri təkrar irəli sürüldükdə yenidən seçilmək hüququna malikdir. Lakin ilk seçkilərdə seçilmiş beş üzvün səlahiyyət müddəti ikinci ilin sonunda qurtarır. Bu beş üzvün adları haqqında bu maddənin 3-cü bəndində danışılan müşavirə sədrinin ilk seçkidən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.
          6. Komitə üzvü öldükdə və ya istefa verdikdə, yaxud hər hansı başqa səbəblərə görə Komitədə öz funksiyalarını yerinə yetirə bilmədikdə onun namizədliyini irəli surmuş iştirakçı-dövlət qalan müddətə öz vətəndaşları arasından iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən bəyənilmiş başqa ekspert təyin edilir. İştirakçı-dövlətlərin yarısı və ya bundan da çoxu təklif olunan təyinat haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibindən məlumat aldıqdan sonra altı həftə ərzində mənfi cavab vermədikdə namizəd bəyənilmiş sayılır.
          7. İştirakçı-dövlətlər Komitə üzvlərinin Komitə vəzifələrini yerinə yetirdiyi müddətdə xərclərini ödəməyi öz üzərlərinə götürürlər.
 
Maddə 18       
          1. Komitə iki il müddətinə vəzifəli şəxslərini seçir. Onlar yenidən seçilə bilərlər.
          2. Komitə özünün məxsusi prosedura qaydalarını müəyyən edir, lakin bu qaydalarda, o cümlədən aşağıdakılar nəzərdə tutulmalıdır:
          a) altı üzv yetərsay təşkil edir;
          b) komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
          3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyaya müvafiq olaraq funksiyalarını səmərəli yerinə yetirməsi üçün onu lazımi personal və şəraitlə təmin edir.
          4. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin ilk müşavirəsini çağırır. Komitə ilk müşavirədən sonra onun prosessual qaydalarında nəzərdə tutulan müddətlərdə toplaşır.
          5. İştirakçı-dövlətlər bu dövlətlərin və Komitənin müşavirələrinin keçirilməsi ilə bağlı xərclərin — Birləşmiş Millətlər Təşkilatına ödənilən hər hansı xərclər, o cümlədən bu maddənin 3-cü bəndinə müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının personal və şərait üçün ödənməsini təmin etdiyi xərclər daxil olmaqla — ödənilməsini öz üzərlərinə götürürlər.
 
Maddə 19
          1. İştirakçı-dövlətlər Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə Komitəyə bu Konvensiyanın müvafiq iştirakçı-dövlət üçün qüvvəyə mindiyi vaxtdan keçən bir il ərzində bu Konvensiyaya əsasən öhdəliklərini həyata keçirmək üçün gördükləri tədbirlər haqqında məruzə təqdim edirlər. Sonralar iştirakçı-dövlətlər dörd ildə bir dəfə görülmüş hər hansı yeni tədbirlər haqqında əlavə məruzələr, həmçinin Komitənin istəyə biləcəyi digər məruzələr təqdim edirlər.
          2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məruzələri bütün iştirakçı-dövlətlərə göndərir.
          3. Hər bir məruzə ona dair məqsədəuyğun saydığı ümumi qaydada qeydlər edə bilən Komitədə baxılır. Sonra Komitə onları müvafiq iştirakçı-dövlətlərə göndərir. Məlum iştirakçı-dövlət cavab olaraq Komitəyə münasib saydığı hər hansı qeydlərini təqdim edə bilər.
          4. Komitə bu maddənin 3-cü bəndinə müvafiq olaraq etdiyi qeydlərdən və onlara dair müvafiq iştirakçı-dövlətlərdən aldığı qeydlərdən hansını 24-cü maddəyə müvafiq olaraq hazırladığı illik məruzəsini salmağı öz mülahizəsinə görə həll edir. Komitə, həmçinin müvafiq iştirakçı-dövlətin xahişi ilə, bu maddənin 1-ci bəndinə müvafiq olaraq təqdim edilmiş məruzənin nüsxəsini də özünün illik məruzəsinə daxil edə bilər.
 
Maddə 20
         1. Komitə, onun fikrincə, hər hansı bir iştirakçı-dövlətin ərazisində müntəzəm olaraq işkəncə tətbiq edildiyinə dair tam əsaslandırılmış məlumatlar olan mötəbər informasiya alarsa, həmin iştirakçı-dövlətə bu informasiyaya baxılmasında əməkdaşlıq etməyi və bu məqsədlə həmin informasiyaya dair qeydlərini təqdim etməyi təklif edir.
          2. Komitə müvafiq iştirakçı-dövlətin təqdim edə biləcəyi hər hansı qeydləri, həmçinin işə dair sərəncamında olan hər hansı digər informasiyanı nəzərə almaqla, məqsədəuyğun hesab edərsə, bir və ya bir neçə üzvünü məxfi şəkildə təhqiqat aparmağa və Komitəyə təcili surətdə müvafiq məruzə təqdim etməyə təyin edə bilər.
          3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq, təhqiqat aparılarsa, Komitə müvafiq iştirakçı-dövlətlə əməkdaşlığı qaydaya salmağa çalışır. Bu iştirakçı-dövlətin razılığı ilə belə təhqiqata onun ərazisinə getmək də daxil edilə bilər.
          4. Komitə bu üzvün və ya üzvlərin apardığı təhqiqatın bu maddənin 2-ci bəndinə müvafiq olaraq təqdim, edilən nəticələrinə baxdıqdan sonra həmin nəticələri hazırki situasiyada məqsədəuyğun olan hər hansı qeyd və təkliflərlə birlikdə müvafiq iştirakçı-dövlətə göndərir.
          5. Komitənin bu maddənin, 1-4-cü bəndlərində xatırlanan bütün işləri məxfi xarakter daşıyır və bu işin bütün mərhələlərində iştirakçı-dövlətlə əməkdaşlığa səy göstərilməlidir. Komitə 2-ci bəndə müvafiq olaraq aparılan təhqiqata dair belə iş başa çatdıqdan Sonra müvafiq iştirakçı-dövlətlə məsləhətləşəndən sonra 24-cü maddəyə uyğun olaraq hazırladığı illik məruzəsinə bu işin nəticələrinə dair qısa hesabatın daxil edilməsi haqqında qərar qəbul edə bilər.
 
Maddə 21
          1. Bu maddəyə müvafiq olaraq bu Konvensiyanın hər hansı iştirakçı-dövləti istənilən vaxt Komitənin bir iştirakçı-dövlətin digər iştirakçı-dövlətin bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirmədiyinə dair ərizəsinə aid məlumatları almaq və onlara baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Belə məlumatlar bu maddədə şərh edilən prosedurlara müvafiq olaraq, yalnız o halda qəbul edilə və baxıla bilər ki, onlar özünə münasibətdə Komitənin səlahiyyətini tanıdığını bəyan etmiş iştirakçı-dövlət tərəfindən təqdim edilmiş olsun. Bu maddə üzrə məlumatlar belə bəyanat verməmiş iştirakçı-dövlətlərə aiddirsə, Komitə onlara baxmır. Bu maddəyə əsasən alınmış məlumatlar aşağıdakı prosedura ilə baxılır:
          a) bir iştirakçı-dövlət digər iştirakçı-dövlətin bu Konvensiyanın müddəalarını yerinə yetirmədiyini hesab edirsə, onda bu məsələni yazılı məlumatla göstərilən iştirakçı-dövlətə bildirə bilər. Bu məlumatı alan dövlət onu aldıqdan sonra üç ay ərzində belə məlumatı göndərmiş dövlətə yazılı formada izahat və ya bu məsələni aydınlaşdıran digər bəyanat göndərə bilər; burada mümkün və məqsədəuyğun olduğu qədər, daxili proseduralar və bu məsələ üzrə görülmüş, görüləcək, yaxud görülə biləcək tədbirlər göstərilməlidir;
          b) məsələ məlumat alan dövlət ilk məlumatı aldıqdan sonra altı ay ərzində hər iki müvafiq iştirakçı-dövlət üçün qənaətbəxş şəkildə həll edilməzsə, bu dövlətlərdən hər hansı birinin məsələni, Komitəyə və digər dövlətə bildirişlə, Komitəyə vermək hüququ var;
          c) Komitə bu maddəyə uyğun olaraq ona verilmiş məsələyə yalnız hazırki halda hamılıqla tanınmış beynəlxalq hüquq normalarına müvafiq olaraq bütün mümkün daxili tədbirlərin tətbiq edildiyini və tükəndiyini yəqin etdikdən sonra baxır. Bu qayda həmin tədbirlərin tətbiqi əsassız olaraq ləngidildikdə və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə kömək edə biləcəyi çətin güman edildikdə işləmir;
          d) Komitə bu maddə üzrə məlumatlara baxarkən iclaslarını qapalı keçirir;
          e) Komitə
          c) yarımbəndinin müddəalarına riayət etməklə, məsələni bu Konvensiyada nəzərdə tutulan təəhhüdlərə hörmət əsasınsa dostcasına həll etmək məqsədilə müvafiq iştirakçı-dövlətlərə xeyirxah xidmət göstərir. Komitə bu məqsədlə, lazım gəldikdə, razılaşdırıcı komissiya təsis edə bilər;
          f) Komitə b) yarımbəndində xatırlanan iştirakçı-dövlətlər bu maddəyə müvafiq olaraq ona verilmiş hər hansı məsələ üzrə işə dair hər hansı məlumatı təqdim etməyə çağıra bilər;
          g) Məsələyə Komitədə baxılarkən b) yarımbəndində xatırlanan müvafiq iştirakçı-dövlətlərin təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimat vermək hüququ var;
          h) Komitə b) yarımbəndinə müvafiq olaraq bildiriş aldıqdan sonra on iki ay ərzində aşağıdakıları bildirir:
          i) e) yarımbəndinin müddəaları çərçivəsində qərar əldə edilərsə, Komitə öz məlumatında faktların və əldə edilmiş qərarın qısa şərhi ilə kifayətlənir;
          ii) c) yarımbəndinin müddəaları çərçivəsində qərar qəbul edilməzsə, Komitə öz məlumatında faktların qısa şərhi ilə kifayətlənir; iştirakçı-dövlətlərin təqdim etdikləri yazılı təqdimatlar və şifahi bəyanatların yazılı mətni məlumata əlavə edilir. Hər məsələyə dair məlumat müvafiq iştirakçı-dövlətlərə göndərilir.
          2. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı-dövləti bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı-dövlətlər belə bəyanatları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verirlər. Baş katib onların nüsxələrini qalan iştirakçı-dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş katibin adına bildirişlə geri götürülə bilər. Belə geri götürmə bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın mövzusu olan hər hansı bir məsələyə baxılmasına xələl gətirməməlidir. Müvafiq iştirakçı-dövlət yeni bəyanat verməzsə, bu maddəyə müvafiq olaraq, Baş katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra hər hansı iştirakçı-dövlətdən heç bir məlumat qəbul edilmir.
 
Maddə 22
          1. Bu Konvensiyanın iştirakçı-dövləti bu maddəyə müvafiq olaraq, istənilən vaxt Komitənin onun yurisdiksiyasında olan şəxslərin iştirakçı-dövlətin Konvensiyanın müddəalarını pozmasının qurbanı olduqlarını iddia etmələrinə dair məlumatlarını, yaxud onların adından kələn bu qəbil məlumatları almaq və onlara baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Komitə belə bəyanat verməmiş iştirakçı-dövlətə aid heç bir məlumat qəbul etmir.
          2. Bu maddəyə əsasən Komitə anonim və ya onun fikrincə, belə məlumatlar təqdim etmək hüququndan sui-istifadə olan, yaxud bu Konvensiyanın müddəalarına uyğun gəlməyən hər hansı məlumatı məqbul saymır.
          3. 2-ci bəndin müddəalarını nəzərə alaraq, Komitə ona bu maddəyə müvafiq olaraq təqdim edilmiş hər hansı məlumatı bu Konvensiyanın 1-ci bəndə əsasən bəyanat vermiş və guya Konvensiyanın bu və ya digər müddəasını pozan iştirakçı-dövlətin diqqətinə çatdırır. Məlumatı almış iştirakçı-dövlət altı ay ərzində Komitəyə məsələni və həmin dövlətin görə biləcəyi tədbirləri dəqiqləşdirən yazılı izahat və ya bəyanat təqdim edir.  
          4. Komitə bu maddəyə əsasən aldığı məlumatı məlum şəxsin, yaxud müvafiq iştirakçı-dövlətin onun adından Komitəyə təqdim etdiyi bütün informasiya baxımından nəzərdən keçirir.
          5. Komitə bu maddəyə əsasən, aşağıdakıları yəqin etməyincə hər hansı şəxsin təqdim etdiyi heç bir məlumata baxmır:
          a) bu məsələyə hər hansı digər beynəlxalq təhqiqat prosedurasında, baxılmamışdır və baxılmır;       
          b) məlum şəxsin bütün daxili hüquqi müdafiə tədbirləri tükənmişdir; həmin qayda bu tədbirlərin tətbiqi əsassız ləngidildikdə və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə təsirli kömək edə biləcəyi çətin güman edildikdə işləmir.
          6. Komitə bu maddə üzrə məlumatlara baxarkən iclaslarını qapalı keçirir.
          7. Komitə öz rəyini müvafiq iştirakçı-dövlətə və məlum şəxsə bildirir.
          8. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı-dövləti bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı-dövlətlər belə bəyanatları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verirlər. Baş katib .onların nüsxələrini qalan iştirakçı-dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş katibin adına bildirişlə geri götürülə bilər. Belə geri götürmə bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın mövzusu olan hər hansı bir məsələyə baxılmasına xələl gətirməməlidir. Müvafiq iştirakçı-dövlət yeni bəyanat verməzsə, bu maddəyə müvafiq olaraq Baş katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra hər hansı iştirakçı-dövlətdən heç bir məlumat qəbul edilmir.
 
Maddə 23
          Komitənin və 21-ci maddənin 1-ci bəndinin e) yarımbəndinə əsasən təyin edilə bilən razılaşdırıcı komissiyaların üzvləri güzəşt hüququna — Birləşmiş Millətlər Təşkilatının imtiyazlar və immunitetlər haqqında Konvensiyanın müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının tapşırığı ilə fəaliyyət göstərən ekspertlərin malik olduqları imtiyazlara malikdirlər.
 
Maddə 24
          Komitə bu Konvensiyaya müvafiq olaraq öz işi barədə iştirakçı-dövlətlərə və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik hesabat təqdim edir.
 
         III HİSSƏ  
 
Maddə 25
          1. Bu Konvensiya bütün dövlətlərin imzalanması üçün açıqdır.
          2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
 
Maddə 26
          Bu Konvensiya bütün dövlətlərin qoşulması üçün açıqdır. Qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilməsilə həyata keçirilir.
 
Maddə 27
          1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil veriləndən sonra otuzuncu gün qüvvəyə minir.
          2. Bu Konvensiyanı iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmağa təhvil veriləndən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin dövlət öz təsdiqetmə fərmanını, yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra otuzuncu gün qüvvəyə minir.
 
Maddə 28
          1. Hər hansı bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən Komitənin 20-ci maddədə müəyyən edilən səlahiyyətini tanımadığını bəyan edə bilər.    
          2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt qoymuş iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirməklə qeyd-şərtini geri götürə bilər.
 
Maddə 29
          1. Bu Konvensiyanın hər hansı iştirakçı-dövləti düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi təklif olunmuş düzəlişi iştirakçı-dövlətlərə göndərərək, onların bu təklifə baxmaq və onu səsə qoymaq məqsədilə iştirakçı-dövlətlərin konfransının çağırılmasına razı olub-olmamalarını ona bildirməyi xahiş edir. Bu məktubun göndərildiyi tarixdən keçək dörd ay ərzində iştirakçı-dövlətlərdən, heç olmasa, üçdə biri belə konfransın çağırılmasına razılıq versə, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında konfrans çağırır. Baş katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər hansı düzəlişi təsdiq üçün bütün iştirakçı-dövlətlərə göndərir.     
          2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş bu Konvensiyanın iştirakçı-dövlətlərinin ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına müvafiq qaydada qəbul etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirdikdən sonra qüvvəyə minir.
          3. Düzəlişlər qüvvəyə mindikdən sonra onları qəbul etmiş iştirakçı-dövlətlər üçün icbari olur; digər iştirakçı-dövlətlər üçün isə bu Konvensiyanın onların əvvəllər qəbul etdikləri müddəaları və düzəlişlər icbari olaraq qalır.
 
 
Maddə 30
          1. Bu Konvensiyanın şərhinə və ya tətbiqinə dair iki, yaxud daha çox iştirakçı-dövlət arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisə onlardan birinin xahişi ilə arbitraja verilir. Tərəflər arbitraj haqqında xahişin verilməsindən sonra altı ay ərzində arbitrajın təşkili məsələsi barəsində razılığa gələ bilməsə, mübahisə tərəflərdən hər hansı biri tərəfindən Məhkəmə Statusuna müvafiq olaraq Beynəlxalq Məhkəməyə verilə bilər.
          2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən özünü bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olmadığını bəyan edə bilər. Digər iştirakçı-dövlətlər belə qeyd-şərt qoymuş iştirakçı-dövlətlər barəsində bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olmayacaqlar.
          3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq bəyanat vermiş hər hansı iştirakçı-dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirişlə öz qeyd-şərtini geri götürə bilər.
 
Maddə 31
          1. Hər hansı iştirakçı-dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildirişlə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib bildiriş alandan bir il sonra qüvvəyə minir.
          2. Belə denonsasiya iştirakçı-dövləti denonsasiya qüvvəyə minənə qədər baş vermiş hərəkətinə və ya xətasına görə bu Konvensiya üzrə təəhhüdlərindən azad etmir və denonsasiya qüvvəyə minənə qədər Komitədə artıq baxılmış və baxılmaqda davam edən hər hansı məsələyə xələl gətirə bilməz.
          3. Denonsasiya hər hansı dövlət üçün qüvvəyə mindikdən sonra Komitə həmin dövlətə aid yeni məsələlərin baxılmasına başlamır.
 
Maddə 32
          Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətlərinə və bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakı məlumatları bildirir:
          a) 25-ci və 26-cı maddələrə müvafiq olaraq imzalamaları, təsdiq etmələri və qoşulmaları;
          b) 27-ci maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi tarixi və 29-cu maddəyə müvafiq olaraq hər hansı düzəlişin qüvvəyə mindiyi tarixi;
          c) 31-ci maddəyə müvafiq olaraq denonsasiyaları.
 
Maddə 33
          1. İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
          2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş nüsxələrini bütün dövlətlərə göndərir.
 
***
 
 
  Bugün 25 ziyaretçi (38 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol