HÜQUQŞÜNASLARIN MƏKANI
  Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
 

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948)
 
PREAMBULA
Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; və insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddət­ləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azad­lığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq; və insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; və xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; və Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında insanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq; vəbu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq
Baş Assambleya
Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlərsəy göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və həyata keçirilməsi yolu ilə çalışsınlar.
 
Maddə 1
Bütün insanlar azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.
 
Maddə 2
Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidə­sinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara ma­lik olmalıdır.
Bundan başqa, insanın mənsub olduğu ölkə, yaxud əraziyə siyasi, hüquqi, yaxud beynəlxalq statu­su əsasında, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir fərq qoyulmamalıdır.
 
Maddə 3
Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
 
Maddə 4
Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır.
 
Maddə 5
Heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.
 
Maddə 6
Hər bir insan, harada olursa-olsun, hüquq subyekti kimi tanınmaq hüququna malikdir.
 
Maddə 7
Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır.
 
Maddə 8
Hər bir insan onun Konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən səmərəli şəkildə bərpa olunması hüququna malikdir.
 
Maddə 9
Heç kəs özbaşına həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.
 
Maddə 10
Hər bir insan öz hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, ona qarşı irəli sürülən cinayət ittihamının əsaslılığının təsdiqlənməsi üçün onun işinə tam bərabərlik əsası­n­da, aşkarlıqla və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
 
Maddə 11
1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri müdafiəsinə bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında qanuni qaydada sübut edilənədək günahkar sayıla bilməz.
2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətə cəlb edilə bilməz. Eləcə də cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.
 
Maddə 12
Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.
 
Maddə 13
1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.
2. Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.
 
Maddə 14
1. Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.
2. Bu hüquqdan əslində qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan fəaliyyət üstündə təqibolunma hallarında istifadə edilə bilməz.
 
Maddə 15
1. Hər bir insanın vətəndaşlıq hüququ var.
2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
 
Maddə 16
1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.
2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.
3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
 
Maddə 17
1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ var.
2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.
 
Maddə 18
Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəslə­mək azadlığı daxildir.
 
Maddə 19
Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
 
Maddə 20
1. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var.
2. Heç kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz.
 
Maddə 21
1. Hər bir insanın öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.
2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər
hüquqa malikdir.
3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyniəhəmiyyətli formalarda keçirilən dövri və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır.
 
Maddə 22
Hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qurumuna və ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.
 
Maddə 23
1. Hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir.
2. Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var.
3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.
4. Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.
 
Maddə 24
İş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, hər bir insanın, istirahət və asudə vaxt, ödənişli dövri məzuniyyət hüququ var.
 
Maddə 25
1. Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsiz­lik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
2. Analar və uşaqlar xüsusi himayədarlıq və yardım göstərilmək hüququna malikdirlər. Nikah­dan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.
 
Maddə 26
1. Hər bir insanın təhsil hüququ var. Təhsil (heç olmasa ibtidai və ümumi təhsil) pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil hər kəsin qabiliyyətinə görə eyni dərəcədə müyəssər olmalıdır.
2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və azadlıqlarına ehtira­mın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.
3. Valideynlər öz azyaşlı uşaqlarına təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər.
 
Maddə 27
1. Hər bir insan cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir.
2. Hər bir insan müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir.
 
Maddə 28
Hər bir insan bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir.
 
Maddə 29
1. Hər bir insan cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür.
2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir insana yalnız başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblə­rini yerinə yetirmək məqsədilə qanunun müəyyənləşdirdiyi məhdudiyyətlər tətbiq edilmə­lidir.
3. Bu hüquq və azadlıqların həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə qətiyyən zidd olmamalıdır.
 
Maddə 30
Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.
 
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı qətnaməsi ilə qəbul və bəyan edilmişdir
 
 
  Bugün 26 ziyaretçi (42 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol