HÜQUQŞÜNASLARIN MƏKANI
  İttiham aktının tərtib edilməsi və prokuror tərəfindən ona baxılması
 

İttiham aktının tərtib edilməsi və prokuror tərəfindən ona baxılması
         
İttiham aktına dair məsələlər AR Cinayət Prosessual Məcəlləsinin 289-cu maddə­sində tənzimlənmişdir. İttiham aktı ibtidai istintaqın yekun aktıdır. O, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və nəticələrini özündə əks etdirir. İttiham aktı mühüm prosessual sənəd kimi istintaq orqanının gəldiyi nəticənin səciyyəvi xüsusiyyətlərini ehtiva edir.
Bəzi hüquqçular ittiham aktının məhkəmə üçün “məlumat sənədi”, “soraq və arayış sənədi” xarakteri daşıması barədə fikirlər irəli sürürlər. Zənnimizcə, bu fikirlərlə razılaşmaq olmaz. Belə ki, məhz bu akt təqsirləndirilən şəxsin barəsində irəli sürülən ittihama dair kifayət qədər dəlillərin toplanması və istintaqın tamamlanması barədə müstəntiqin daxili inamını əks etdirir.
Göründüyü kimi ittiham aktı cinayət işi üzrə kifayət qədər sübutlara əsaslanan prosessual sənəddir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilmiş hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut­etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
İttiham aktı təqsirləndirilən şəxsin cinayətdə təqsirliliyi məsələsini qəti həll etmir. O, hətta ittiham tərəfinin də qəti mövqeyi, qəti qənaəti deyildir. Belə ki, ittiham aktı müstəntiq tərəfindən imzalandıqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun onda dəyişikliklər aparmaq, işi əlavə istintaqa qaytarmaq, iş üzrə icraatı dayandırmaq və hətta cinayət işini xitam etmək səlahiyyətləri vardır.
Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarıldığı halda iş üzrə hər  bir halda ittiham aktı tərtib olunur.
İttiham aktı müstəntiq tərəfindən cinayət prosesi iştirakçıları cinayət işinin mate­rialları ilə tanış edildikdən, bu hərəkət protokollaşdırıldıqdan, cinayət işinin mate­rial­ları ilə tanış olmuş cinayət prosesi iştirakçılarının vəsatətlərinə baxıldıqdan, vəsatət təmin olunduqda cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaradıldıqdan sonra tərtib olunur.
İttiham aktı məntiqli, dəqiq, ardıcıl, sistemli, aydın, rəsmi-işgüzar stildə, anlaşılan şəkildə tərtib edilməlidir. İşin hallarına aid olmayan məlumatların ittaham aktına daxil edilməsi yolverilməzdir. İttiham aktı tərtib edilərkən xüsusi terminlərdən və anlayış­lardan istifadə etmək zərurəti yaranarsa, mətndə onun məzmununun izahı verilmə­lidir. İttiham aktının tərtibində şəxsi ixtisarlardan və digər ixtisarlardan istifadə edil­məsi, əgər bu mətnin hər hansi şəxs tərəfindən sərbəst qavranılmasını çətinləşdirərsə, məqsədəmüvafiq deyildir. İttiham aktında təhqiramiz ifadələrin və rəsmi-işgüzar stilə uyğin olmayan qeyri-əxlaqi, hüquqi mədəniyyətə zidd sözlərin işlədilməsi yolveril­məzdir. Vulqar sözlərin, ədəbi dildə qarşılığı olan məhəlli sözlərin və dialektlərin məhdud dairədə işlədilən terminlərin, müasir dilimizdəki bəzi sözlərin klassik dilimiz­də işlədilmiş formalarının ittiham aktında işlədilməsi yolverilməzdir.
İttiham aktı 3 hissədən ibarət tərtib edilir: giriş hissəsi, təsviri-əsaslandırıcı və nəticəvi hissə.
İttiham aktının giriş hissəsində ittham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı, adı, atasının adı, vəzifəsi göstərilir.
Cinayət işi istintaq qrupu tərəfindən aparılmışdırsa, ittiham aktını istintaq qrupunun rəhbəri tərtib edir.
İttiham aktının giriş hissəsində barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat da göstərilməlidir, yəni cinayət işi nə vaxt, hansı əsasla, kim tərəfindən başlanılmışdır. Cinayət işi nə vaxt icraata götürülmüş və nə vaxt müs­təntiqin icraatına qəbul olunmuşdur, əgər cinayət işi xarici dövlə­tin hüquq-mühafizə orqanları tərəfindən başlanılmışsa, həmin dövlətin cinayət qanu­nunun maddəsi və cinayət işi daxil olduqdan sonra AR CM-in 12-ci maddəsinə mü­vafiq olaraq cinayət əməlinin tövsif olunduğu AR CM-in müvafiq maddəsi, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittiham irəli sürülməsi, iş üzrə qətimkan tədbirinin seçilməsi, əgər vardırsa icraatın dayandırılması və təzələnməsi, cinayət işinə xitam verilməsi və iş üzrə icraatın təzələnməsi ilə bağlı məlumatlar göstərilməlidir. İbtidai istintaq müddəti uzadıldıqda, bu fakt onun uzadılması haqqında qərarın yerləş­dirildiyi cinayət işinin vərəqələrinə istinad edilməklə ittiham aktına daxil edilməlidir.
Bundan başqa, cinayət işinin bir icraatda birləşdirilməsi, yaxud ayrıca icraata ayrılması haqqında qərarın çıxarldığı vaxt, bu qərarları çıxarmış orqanlara dair məlu­matlar da ittiham aktında öz əksini tapmalıdır.
İttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir.
İttiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin törətdiyi cinayətin mövcudluğunu və onun təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar da göstərilməlidir.
İttiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilmiş ittihama münasibəti də öz əksini tapmalıdır. Təhqiqatın və ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin verdiyi ifadəsini dəyişməsinin səbəbi aydınlaşdırılmalıdır. Müs­təntiq təqsirləndirilən şəxsin dəyişmiş ifadəsinə digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.
Cinayət işinin materiallarında eyni bir xüsusat, eyni bir məsələ barəsində bir-birinə zidd olan bir neçə ekspert rəyi olduqda, müstəntiq ittiham aktının təsviri-əsas­landırıcı hissəsində həmin ekspert rəylərinə cinayət işində toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməli, hansı əsasla və hansı səbəbə görə onlardan biri ilə razılaşdığını, ekspert rəylərini isə rədd etdiyini göstərməlidir. Bu zaman hər bir ekspert rəyinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi ddə nəzərə alınmalıdır.
Həmçinin ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən və zərər­çəkmiş şəxsi səciyyələndirən hallar, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da öz əksini tapmalıdır.
İttiham aktının nəticəvi hisssində təqsirləndirlən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilir. Təqsir­ləndirilən şəxs haqqında məlumatlara onun soyadı, adı, atasının adı, anadan olduğu il, ay, gun və yer, yaşayış yeri, vətəndaşlığı, milliyyəti, təhsili, məşğuliyyəti, ailə vəziy­yəti, əvvəlki məhkumluğu və təqsirləndirilən şəxs haqqında iş üçün əhəmiy­yətli olan sair məlumatlar daxildir.
İttiham aktı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində tərtib olunur.
İttiham aktına əlavə edilməli sənədlər siyahısına həm də məhkəməyə çağırılmalı olan şəxslərin siyahısı da aiddir və siyahı müstəntiq tərəfindən imzalanmalıdır.
Azərbaycan Respublikası CPM-in 290-cı maddəsində prokuror tərəfindən ittiham aktına baxılması öz əksini tapmışdır.
Müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstər­məklə onu imzalamalı və həmin gün onu ibtidai araşdırmaya prosessual rəhbər­liyi həyata keçirən prokurora göndərməlidir.
Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora gondərilməzdən əvvəl ittiham aktı və onun əlavələri ilə birlikdə tikilməli və səhifələn­məlidir.
Cinayət işi ittiham aktı ilə prokurora göndərilərkən ona cinayət prosesi iştirak­çılarına çatacaq sayda ittiham aktının surətləri əlavə olunmalıdır.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin ittiham aktı ilə birlikdə daxil olduğu vaxtdan 5 gün müddətində cinayət işini öyrənir, toplanmış sübutların mötəbərliyinə və kifayət edib-etməməsinə, müstəntiqin həyata keçirdiyi istintaq və digər prosessual hərəkətlərin qanuniliyinə və əsaslılığına qiymət verdikdən sonra qərar qəbul edir. 5 günlük müddət, iş prokurora daxil olduqdan etibarən hesablanır. Bu müddt uzadıla bilməz. əgər cinayət işinin həcmi böyük olarsa prokuror ibtidai istintaqın gedişi zamanı cinayət işi ilə tanış ola bilər.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yeni ittiham aktı da tərtib edə bilər.
Həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müvafiq dəyişikliklər etməklə ittiham aktını təsdiq də edə bilər.
İttiham aktında ittihama əlavələr edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda irəli sürülmüş ittihamın ondan faktiki hallarına görə əhəmiy­yətli surətdə fərqlənən ittihamla əvəz edilməsi və faktiki hallarına görə əvvəl elan edilmiş ittihamın daha ağır ittihamla əvəz edilməsi kimi əlavə və dəyişikliklərin edilməsinə yol verilmir.

 
  Bugün 35 ziyaretçi (64 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol