HÜQUQŞÜNASLARIN MƏKANI
  Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı kimi
 

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı kimi
 
Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Res­pub­lika­sının Konstitusiyası qəbul olunmuşdur.
158 maddə, 12 fəsil, 5 bölmədən ibarət olan Konstitusiyada Nazirlər Kabinetinin səlahiyyətləri 114-124-cü maddələrdə öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında icra və sərəncam orqanı kimi 1991-ci il 7 fevral tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsis olunması və Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanunun) 122-ci maddəsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub­li­kasının Qanunu ilə təsis olunmuşdur.
Nazirlər Kabineti - Azərbaycan Respublikasının hökuməti, icra hakimiyyətinin yuxarı orqanıdır.
Hökumət ayrı-ayrı ölkələrdə müxtəlif konstitusion adlar daşıyır. Kolumbiyada və Çexiyada Hökumət, Yaponiyada Kabinet, Hindistanda Nazirlər Şurası, Çində Dövlət Şurası, İsveçrədə Federal Şura, KXDR-də Administrativ Şura və s.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə hökuməti olaraq mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, müxtəlif sahələrə dair məqsədli proqramların hə­yata keçirilməsini, eləcə də milli təhlükəsizliyi təmin edən qüvvələri və orqanları maddi və maliyyə resursları ilə təmin edir. Nazirlər Kabineti Silahlı Qüvvələrin silah, hərbi texnika, böyük döyüş sursatı və sair başqa resurs (köməkçi vəsait) və xidmətlərlə təchiz olunmasını təşkil edir. Hökumət həmçinin ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçi­rilməsinə rəhbərlik edir, mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir, silah­ların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir, hərbi qul­luqçuların, hərbi qulluqdan ehtiyata və istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.
Bütün administrativ xidmətlər mərkəzdə toplanır.
Nazirlər Kabinetinin özünün ayrıca administrativ təşkilatı var. Quruma Baş nazirlə bərabər başqa nazirliklər və komitələr daxil olsa da, dar mənada Nazirlər Kabinetinin strukturuna Baş nazirlikdə birləşən Baş nazir, onun müavinləri və Nazirlər Kabinetinə tabe olan orqan və komitələr daxildir. Məsələn:
1. Nazirliklər;
2. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya;
3. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi;
4. Qiymətli kağızlar üzrə Dövlət Komitəsi;
5. Diaspora ilə iş üzrə Dövlət Komitəsi;
6. Dövlət Statistika Komitəsi
7. Satınalmalar üzrə Dövlət Agentliyi və s.
Azərbaycan Respublikası Konstitusiyasının 114-cü maddəsində Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin statusu belə təsbit olunmuşdur:
I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçiril­məsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Pre­zidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Res­publikasının Prezidenti müəyyənləşdirir.
Maddədən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetini yaratmaq Prezidentin müstəsna səlahiyyətinə aiddir.
Konstitusiyanın sözügedən maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Res­publikası Nazirlər Kabinetinin iş qaydası qanun qüvvəli aktlarla müəyyənləşdirilir.
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, müxtəlif ölkələrdə bu müddəa ilə bağlı fərqli yanaşmalar mövcuddur. Məsələn, Belorusiya, Moldova, Özbəkistan, Tacikistan Türkmənistan və digər ölkələrdə hökumətin fəaliyyət qaydasının qanunla tənzimlənməsi ümumiyyətlə, konstitusiyada tapmamışdır.
Əsas Qanunumuzun 115-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Həmin maddədə Nazirlər Kabinetinin tərkibi müəyyən olunmaqla yanaşı, fəaliyyətinin kollegiallıq prinsipi əsasında həyata keçirilməsi şərtləndirilir.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da hər bir nazir Prezidentə tabedir. Onları bir­ləş­dirən kabinet isə kollegial orqan olmayıb qərar qəbul etmir və o, ancaq qəbul olunmuş qərarları müzakirə etmək səlahiyyətinə malikdir.
Maddədə mərkəzi icra hakimiyyəti orqanları dedikdə isə nazirliklər, dövlət komitələri, xidmətlər (məsələn,  feldyeger xidməti) Nazirlər Kabineti yanında baş idarələr (məsələn, Baş Döv­lət Arxivi) başa düşülür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefasını nəzərdə tutan Konstitu­siyanın 116-cı maddəsində deyilir:Yeni seçilmiş Azərbaycan Respublika­sının Pre­zidenti vəzifəsini tutdugu və səlahiyyətlərini icra etməyə başladıgı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir”.
Nazirlər Kabinetinin kollektiv qaydada istefası ilə yanaşı, onun ayrı-ayrı üzvləri də fərdi qaydada istefa verə bilər.
Azərbaycan prezidentli respublika olduğu üçün hökumətin səlahiyyət müddəti Prezi­dentin səlahiyyət müddəti ilə ölçülür. Maddədən də göründüyü kimi yeni Prezident vəzi­fəsini tutduğu və səlahiyyətlərini icrasına başladığı gün (103-cü maddənin II bəndi) Nazirlər Kabinetinin istefası şərtləndirilir. Bəs niyə “istefa verməlidir” yox “istefa verir” müəyyən edilir? İstefa vermək Nazirlər Kabinetinin könüllü iradəsini əks etdirir. Prezident isə bu istefanı qəbul edə və ya etməyə bilər. İstefa qəbul edildiyi təqdirdə Nazirlər Kabinetinin yeni tərkibi formalaşanadək Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinin üzvlərinin üzərinə müvəqqəti olaraq öz səlahiyyətlərinin icrası vəzifəsi qoyulur.
İstefa qəbul edilmədiyi təqdirdə Nazirlər Kabineti köhnə tərkibdə fəaliyyətini davam etdirir.
Konstitusiyanın 117-ci maddəsində belə qeyd olunur: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir”.
Bu maddədə “bir qayda olaraq” ifadəsinin işlədilməsi o deməkdir ki, Prezident istənilən vaxt Nazirlər Kabinetinin iclaslarına sədrlik edə bilər. Bu səlahiyyət Konsti­tusiyanın 109-cu maddəsinin V bəndində Prezidentin səlahiyyətlərindən biri kimi əks olunmuşdur.
Onu da nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir, burada dövlət idarə edilməsinin, təsərrüfat və sosial-mədəni fəaliy­yətinin əsas məsələləri həll edilir. İclasda hökumət üzvlərinin azı üçdə ikisi iştirak etdikdə o, səlahiyyətli hesab olunur.
Fransada hökumətin iclaslarına Prezident sədrlik edərkən Nazirlər Şurası, Baş nazir sədrlik edərkən isə Kabinet Şurası adlanır. Əsas dövlət sənədləri Kabinet Şurasında qəbul edilə bilməz, yalnız müzakirə edilə bilər. Bu orqanların rolu eyni deyil, parla­mentdəki siyasi qüvvələrin nisbətindən asılıdır. Prezident bir partiyaya, hökumət isə baş­qa bir partiyaya mənsub ola bilər. İcra hakimiyyətinin rolu Prezident və hökumət eyni partiyaya mənsub olduğunda yüksəlir.
Konstitusiyanın 118-ci maddəsində Azərbaycan Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən Azərbaycan Res­publikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gün­dən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gün­dən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
Maddədə sözügedən “razılıq” məsələsi Konstitusiyanın 95-ci maddəsinin IX bəndində Milli Məclisin həll etdiyi məsələlər sırasında öz əksini tapmışdır. Maddədə işlədilən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməməsi məsələsinəgəlincə, konstitusiyanın bu müddəası icra hakimiyyətinin qanunvericilik hakimiyyətindən nisbi müstəqilliyini təmin edir, Nazirlər Kabinetinin Prezidentə tabeliyini bir daha qyed edir.
Konstitusiyanın 119-cu maddəsində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazırlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləgv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Nazirlər Kabinetinin iş qaydasını Prezident müəyyən etsə də (114), bu qurumun əsas konstitusion səlahiyyət dairəsi 119-cu maddədə əks olunmuşdur.
Nazirlər Kabineti öz vəzifələrini əsasən tabeliyində olan orqanlar vasitəsilə yerinə yetirir.
Nazirlər Kabineti dövlət büdcəsinin işlənib hazırlanmasında və onun icrasının təmin edilməsində məsuliyyət daşıyır. Büdcənin işlənib hazırlanması ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinin proqnozlaşdırılmasından başlanır.
Dövlət büdcəsi qanun şəklində qəbul edilir və bütün dövlət hakimiyyəti orqanları büdcənin icrasında iştirak edir. Lakin dövlət büdcəsinin icrası ilə bağlı əsas işlər Maliy­yə Nazirliyinin səlahiyyətlərinə aiddir.
Büdcədənkənar fondların yaradılması və istifadə edilməsi məsələlərinə Nazirlər Kabinetinin iclaslarında baxılır. Vahid maliyyə-kredit və pul siyasətini Maliyyə Nazirli­yinin vasitəsi ilə Nazirlər Kabineti həyata keçirir. Bundan əlavə, Nazirlər Kabineti Maliy­yə və İqtisadi İnkişaf nazirlikləri tərəfindən təsdiq olunmuş məqsədli proqramların icrasına nəzarət edir və müvafiq qərarlar qəbul edir.
Nazirlər Kabineti qəbul edilmiş qərarların mərkəzi icra hakimiyyəti orqanları tərə­findən icra olunmasına nəzarət edir və onların qəbul etdikləri aktları ləğv etmək səlahiy­yətinə malikdir. 
İcra hakimiyyətinin mərkəzi orqanlarının bir neçə təşkilati hüquqi forması mövcuddur:
1. Azərbaycan Respubikasının nazirlikləri;
2. Azərbaycan Respubikasının dövlət komitələri;
3. Azərbaycan Respubikasının Nazirlər Kabineti yanında xüsusi idarələr;
4. Digər orqanlar.
İcra hakimiyyətinin dövlət idarəetmə orqanları aşağıdakı kimi fəaliyyət göstərir:
1. İqtisadi sahədə: Buraya kənd təsərrüfatı, İqtisadi İnkişaf və s. nazirliklər;
2. Sosial-mədəni fəaliyyət sahəsində: Səhiyyə, Təhsil, Mədəniyyət Nazirliyi və s.
3. İnzibati-siyasi fəaliyyət sahəsində: Müdafiə, Ədliyyə, Daxili işlər, Xarici işlər və sair nazirliklər, dövlət mühafizə xidmətləri və s.
Bütün mərkəzi orqanlar onlara həvalə edilmiş idarəçilik sahələrinə rəhbərlik edirlər və xüsusi səlahiyyətlərə malikdirlər.
Azərbaycan Respublikası Prezidenti tərəfindən və ya onun göstərişi ilə hökumət tərəfindən hər bir mərkəzi orqan haqqında “Əsasnamə” təsdiq edilir və bu Əsasnamələr onların fəaliyyətinin əsasını təşkil edir.
Təşkilati-hüquqi formalarına və əlamətlərinə görə icra hakimiyyətinin mərkəzi orqanlarının xidmət sahələri biri digərindən fərqlənir.
Nazirlik, Komitə, müfəttişlik kimi müxtəlif anlayışları ifadə edirlər:
1. Nazirliklər - sahəvi, vahidrəhbərlikli, mərkəzi orqanlardır. Nazirləri Prezident vəzifəyə təyin edir və vəzifədən azad edir.
Nazirlikdə təkbaşına nazir rəhbərlik edir, eyni zamanda vəzifə səlahiyyətlərinə görə hökumətin tərkibinə daxildir.
2. Dövlət komitələri - sahələrarası idarəçiliyi həyata keçirən mərkəzi orqanlardır. Onlar Prezident tərəfindən təşkil edilir, dəyişdirilir və ləğv edilir. Öz vəzifələrinə görə hökumətin tərkibinə daxildirlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında lazımi hallarda komitələr, baş idarələr və digər idarələr yaradıla bilər. Elmi ədəbiyyatda onları xüsusi orqanlar adlandırırlar. Onların rəhbərlərini Nazirlər Kabineti təyin edir, lakin onlar Nazirlər Kabi­netinin tərkibinə daxil deyildirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə bağlı məsələ Konstitusiyanın 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə Ümumi qaydalar müəyyən etdik­də Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sə­rəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüv­vəyə minir.
Öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənən qərar və sərəncamlar hüquqi akt hesab edilir.
Qərarlar daha mühüm məsələlər üzrə qəbul edilməklə məzmunca dövlət idarə­etməsinin məsələlərini nizama salır. Qərarlar normativ-hüquqi aktlar üçün xarakterik olan bütün əlamətlərə malikdirlər.
Qanunvericilik sisteminə daxil olan Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Konstitusiyaya, qanunlara və fərmanlara zidd olmamalıdır.
Sərəncamlar isə dərhal həll edilməli olan daha konkret, cari xarakterli məsələlər üzrə qəbul edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər aşağıdakılardır:
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdə­liyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra haki­miyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azər­baycan Respublikası vətəndaşı təyin edilir.
Baş nazirin yüksək statusa malik olması Konstitusiyada nazirə xüsusi diqqət ayrılma­sında özünü göstərir. O, Konstitusiya ilə müəyyən edilmiş hallarda Prezidentin səlahiy­yətlərini icra edir. Buna görədir ki, Baş nazir vəzifəsinə namizədlər üçün 30 yaş müəyyən olunur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Nazirlər Kabinetinin üzvü ola bilməz. Konstitusiyanın 85-ci (Milli Məclisə deputatlığa namizədliyə aid tələblər) və 100-cü (Azərbaycan Respublikasının Prezidentliyə aid tələblər) maddələrindən fərqli olaraq, bu maddədə ikili vətəndaşlığın olmasını qadağan edən müddəa yoxdur.
Hökumət başçısının xüsusi statusu bir çox ölkələrin konstitusiyalarında öz əksini tapmışdır. Məsələn, İsveçdə Hökumət başçısı özü nazirləri təyin edir və onları Riqstaqa təqdim edir, eləcə də onları vəzifədən kənarlaşdırır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndində Nazirlər Kabineti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Prezidentin səlahiy­yət­lərindən biri kimi təsbit olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə aid tələblərə gəldikdə isə, konstitusiyanın 121-ci maddəsində bu barədə qeyd olunur: “Azərbaycan Respublika­sının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqan­larının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyə­tindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habeləelmi, peda­qoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər”.
Sadalanan tələblər Konstitusiya ilə dövlət hakimiyyətinin, qanunvericilik (maddə 85) və məhkəmə hakimiyyətlərini təmsil edən şəxslər barəsində də müəyyən olunmuşdur.
Mühüm müddəalardan biri də Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı ilə bağlı münasibətlərin konstitusion müstəvidə tənzimlənməsidir. Bu da konstitu­siyanın 123-cü maddəsində belə təsbit olunur:
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma halla­rından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
Bu maddə Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının toxunul­mazlığını müəyyən edən Konstitusiyasının 90-cı maddəsi ilə eynidir desək yanılmarıq. Yalnız cüzi fərq ondan ibarətdir ki, deputatın toxunulmazlığına Milli Məclisin qərarı ilə, Baş nazirin toxunulmazlığına isə Prezident tərəfindən xitam verilir. Bundan fərqli olaraq bir sıra ölkələrin, məsələn, Belarusiya, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistanın Konsti­tusiyalarında hökumət başçısının toxunulmazlığını müəyyən edən müddəa yoxdur.
Yaponiyada hakimiyyət bölgüsü konsepsiyasına müvafiq olaraq icra hakimiyyətinə İmperator (dövlət başçısı) və hökumət (Nazirlər Kabineti) aid edilir. Burada hökumət və nazirlər həm də imperatorun hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Çünki o, toxunulmazdır və heç bir mülki, inzibati, cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Dövlət intizamını daha da möhkəmləndirmək, təsərrüfatın səmərəli idarə olunmasını təşkil etmək məqsədilə yerlərdə icra hakimiyyətləri fəaliyyət göstərir ki, bu da konsti­tusiyanın 124-cü maddəsində belə əks olunmuşdur: Yerlərdə icra hakimiyyətini yerli icra haki­miyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azər­bay­can Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Yerli icra haki­miyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Bu maddədə Nazirlər Kabinetinin Yerli İcra Hakimiyyətlərinə təsir mexanizmi gös­tərilməyib. Lakin yerli icra hakimiyyətlərinə tabe, nazirliklərin bəzi struktur şöbələrinin ikili tabeçilikdəki fəaliyyətini nəzərə alsaq, Nazirlər Kabinetinin yerli icra hakimiyyəti üzərində ayrı-ayrı nazirliklər baxımından dolayı təsir mexanizminin olduğunu görərik.
Məsələn, Polis Şöbəsi Yerli İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə tabedir və s.
Yerli icra hakimiyyətinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti haqqında” 16 iyun 1999-cu il tarixli Əsasnaməsi ilə müəyyən edilmişdir. Yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri həmin əsasnamədə öz əksini tapmışdır.
İcra hakimiyyəti vahid rəhbərlik orqanı olub milli dövlət, inzibati-ərazi vahidi çərçi­vəsində fəaliyyət göstərir, əvvəllər mövcud olmuş kollegial orqan – İcraiyyə Komitəsinin hüquqi varisidir desək yanılmarıq.
     Naxçıvan MR Nazirlər Kabineti - Naxçıvan MR-də yuxarı icra hakimiyyəti orqanı­dır. Naxçıvan İnqilab Komitəsinin 10 sentyabr 1921-ci il tarixli qərarı ilə Naxçıvan Diyar Xalq Komissarları Soveti (N.D.X.K.S) adı altında yaranmışdır. N.D.X.K.S 1925-ci ildən Naxçıvan MSSR. XKS, 1946-cı ildən isə Nax. MSSR Nazirlər Soveti, Nazirlər Soveti isə Naxçıvan MR Ali Məclisinin “Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin adı və Naxçıvan Muxtar Respublikası hökumətinin başçısı haqqında” 3 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan MR Nazirlər Kabineti adlandırılmışdır.
Konstitusiyanın 140-cı maddəsinə görə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezi­dentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respub­likasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın büdcəsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.
Sözügedən maddədə Naxçıvan MR Nazirlər Kabinetinin tərkibi dəqiqləşdirilmir, Nazirlər Kabinetinin tərkibi Naxçıvan MR Konstitusiyasının 36-cı maddəsi ilə müəyyən edilmişdir.
Mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması, Baş nazirin təklifi ilə Nazirlər Kabinetinin tərkibinin fəaliyyətinin təmin edilməsi Ali Məclis Sədrinin səlahiyyətləri kimi Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsində təsbit olunmuşdur. Ali Məclisin Naxçıvan MR Nazirlər Kabinetinin tərkibini təsdiq etməklə yanaşı, Nazirlər Kabinetinin tərkibinə irəli sürülən namizədləri təsdiq etməkdən imtina hüququ da var.
Muxtar Respublika Konstitusiyasının 34-cü maddəsinin III bəndinə əsasən Nazirlər Kabineti Ali Məclisə tabedir və onun qarşısında hesabat verir. AR Konstitusiyasının 114-cü maddəsinin III bəndinə əsasən AR Nazirlər Kabineti Prezidentə tabedir.
Naxçıvan MR Baş nazirinin təyin edilmə qaydası (maddə 37) Nazirlər Kabinetinin ikiqat tabeliyə məruz qalmasının hüquqi əsaslarını yaradır. Belə ki, muxtar respublika Baş nazirini Prezidentin təqdimatı əsasında Naxçıvan MR Ali Məclisi tərəfindən təyin edilməsi müddəası faktiki olaraq Naxçıvan MR Nazirlər Kabinetinin həm Prezidentə, həm də Naxçıvan MR Ali Məclisinə tabeliyini müəyyən edir.
Muxtar Respulika Konstitusiyasının 25-ci maddəsinin 6-cı bəndində, AR Konstitusi­yasının 95-ci maddəsinin 14-cü bəndində qanunvericilik hakimiyyətlərinin həll etdiyi məsələlər sırasına Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi verilmişdir. “Etimad məsələsi”nin hüquqi mexanizminin dəqiqləşdirilməsi məqsədi ilə 2002-ci il 24 dekabr tarixində AR Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Milli Məcli­sinin Azərbaycan Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin qanunla hökumət üzərində parlament nəzarətinin üç forması müəyyən edilir.
1) Nazirlər Kabinetinin hesabatı;
I. Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında öz fəaliyyəti haqqında hesabat verir. Hesabatı Baş nazir təqdim edir. Hesabat Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsinin həll edilməsi üçün başlıca əsasdır.
2) Milli Məclisin sorğusu;
II. Milli Məclis Nazirlər Kabinetinə, onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu verə bilər. Bu sorğuya cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Milli Məclisin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
3) Deputat sorğuları.
III. Azərbaycan Respublikası Milli Məclisin deputatlarının sorğularına cavab vermək üçün Nazirlər Kabinetinin iş qaydaları ilə müəyyən edilmiş hallarda Nazirlər Kabinetinin üzvləri Milli Məclisin iclaslarında iştirak edirlər.
 
 
  Bugün 1 ziyaretçi (1 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol