HÜQUQŞÜNASLARIN MƏKANI
  Dövlət qulluqçularının etik davranış qaydaları
 

 
Dövlət qulluqçularının etik davranış qaydaları
 
İnsan cəmiyyətinin formalaşmasında, onun mənəvi tələbatının ödənilməsində bilavasitə rolu olan etika bu gün də öz əhəmiyyətini itirməyib və demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. ETİKA sözü yunan mənşəli olmaqla “ədəb”, “ənənə” və “adət” mənasını verir.
Son  dövrlərdə xüsusilə hüquqi dövlətlərdə etik normalara böyük əhəmiyyət verilir, etika ilə əlaqədar müxtəlif qaydalar hazırlanır, onun tətbiqi sferası müəyyən­ləşir. Hazır­da ətraf mühit, iqtisadiyyat, siyasət, hüquq, internet və s. sahələrlə bağlı etik dəyərlər mövcuddur.
Müasir dövrdə dövlət qulluqçularının etik davranış qaydalarının tənzimlənməsi aktual problemlərdən biridir. Bu problemi aradan qaldırmaq məqsədilə müxtəlif qanunvericilik aktları işlənib hazırlanmışdır. Ölkəmizdə dövlət qulluqçularının etik davranışının təkmilləşdirilməsi üçün sözü gedən sahə ilə bağlı davranış qaydaları qəbul edilmişdir. Belə ki, 31 may 2007-ci il tarixdə qəbul olunmuş “Dövlət qulluq­çularının etik davranış qayda­ları haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiq edil­məsi ba­rədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Fərmanı dövlət qulluqçularının etik davranış qaydalarının tənzimlənməsinə həsr olunmuşdur. Adı çəkilən qanun ölkəmizdə müasir dövlət qulluğu sisteminin beynəlxalq hüquq normalarına uyğun qurulmasına, bu sahədə qanunun aliliyinin təmin olunmasına xidmət edir. Dünya təcrübəsinə əsaslanan həmin qanun dövlət qulluqçularının etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizm­ləri müəyyən edir.
Qanunda nəzərdə tutulmuş qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların döv­lət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi; dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması; dövlət or­qanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquş­ma­sının qarşısının alınması; dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi; dövlət qulluqçularından gözlənilən davranış barədə vətən­daş­ların məlumatlandırılması; dövlət orqanlarının və dövlət qulluqçularının fəaliy­yətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi bu qanunun məqsədlərini təşkil edir.
Etik qayda hər hansı yerdə davranışın - özünü aparmanın müəyyən edilmiş qayda­sı­dır. Etik davranış qaydaları haqqında qanunda təsbit edilmiş normalar dövlət qulluq­çu­larının davranış qaydalarını tənzimləyir. Bu qaydalar dövlət qulluqçuları üçün mə­nə­vi, etik, hüquqi dəyərləri müəyyən edir.
Dövlət qulluqçuları dövlət qulluğunda etik davranış qaydalarına aşağıdakı prinsipləri rəhbər tutaraq riayət etməlidirlər:
- vicdanlı davranış prinsipi - şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
- peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - dövlət qulluqçusu öz fəaliy­yətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiy­yətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
- loyallıq prinsipi - dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-peda­qo­ji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Dövlət qulluq­çusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
- ictimai etimad prinsipi - dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət or­qanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozul­ması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxsləri­nin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nüma­yən­də­lərinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
- insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf, ləyaqətinə və işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət prinsipi - dövlət qulluq­çularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
- mədəni davranış prinsipi - dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.
- qərəzsizlik prinsipi - dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
- maraqların toqquşmasının qarşısının alınması prinsipi - dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. Qeyd etmək lazımdır ki, xidməti vəzifə (davranış) qanunvericiliklə dövlət qulluqçusuna veril­miş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliy­yət­dir. Dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşma­sına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat vermə­li­dir. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunve­riciliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
Dövlət qulluqçularının etik davranış qaydalarına əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, əmlakdan və məlumatlardan istifadə, maddi və qeyri maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, ictimai və siyasi fəaliyyət aiddir.
 Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyət­ləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. O, birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Qeyd etmək lazımdır ki, korrupsiya ilə əlaqədar hüquq pozmanın subyektlərinin tərkibinə inzibati vəzifə tutan dövlət qulluqçuları da daxildir. Dövlət qulluqçularının etik davranış qaydalarından biri olan korrupsiyanın qarşısının alınması qaydası ona əsaslanır ki, dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Dövlət qulluqçularının əsas etik davranış qaydalarından biri maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi ilə bağlıdır. Bu qaydanın özü də dolayısıyla korrupsiyanın qarşısının alınmasına yönəlmişdir. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir. Qanunve­riciliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunve­riciliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstə­rən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz. Qanunun 12-ci maddəsində təsbit edilən bu qaydanın başlıca məqsədi dövlət qulluğunda korrupsiya hüquqpozmalarının qarşısını almaq, hüquqi və fiziki şəxslərə göstərilən xidmətin hüquqauyğun surətdə həyata keçirilməsini təmin etməklə şəxslərin dövlət orqanlarına və dövlət qulluğuna inamı formalaşdırmaq və qorumaqdır.
Etik davranış qaydalarından hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qaydası aşa­ğı­dakıları özündə ehtiva edir. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqa­bilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpər­vərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görəvəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyutervə digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə,kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. Bu dövlət qulluqçularının etik davranış qaydalarından biri olan əmlakdan istifadə ilə bağlı qaydadadır. Bu qayda ilə yanaşı, məlumat­lardan istifadə ilə əlaqədar etik qayda müəyyən edilmişdir ki, bu qayda da ilk növbədə dövlət qulluq­çu­sunun dövlət qulluğunda olduğu müddətdə ona məlum olan xidməti informasiya­lardan qanunauyğun surətdə istifadəni özündə ehtiva edir. İnformasiya azadlığının təmin edilməsinə yönəlmiş “məlumatlardan istifadə qaydası”na görə, dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunveri­ciliklə müəy­yən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiya­nın təqdim edilməsi qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz. Bu qayda bir növ dövlət qulluqçusunun “dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlə­dən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı” vəzifəsinin təmini kimi çıxış edir.
Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması üçün dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu qanunda nəzərdə tutulmuş tədbirlər görülür.
Etik davranış qaydalarına əməl olunmasına nəzarəti xidməti qaydada dövlət orqanın rəhbəri, tabeçilik əsasında yuxarı orqan, nəzarət qaydasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir.
Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Dövlət qulluqçuları barəsində intizam icraatı aşağıdakı hallarda başlana bilər:
- bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
- kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
İntizam məsuliyyətinə cəlb olunmuş dövlət qulluqçusu barəsində intizam tənbehi onların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
Hər bir dövlət qulluqçusu işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməklə etik qaydalara əməl olunmasını təmin edə bilər.
 
 
  Bugün 5 ziyaretçi (12 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol