HÜQUQŞÜNASLARIN MƏKANI
  Beynəlxalq təşkilatlar müstəvisində BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT
 

Beynəlxalq təşkilatlar müstəvisində
BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT
 
Beynəlxalq təşkilat dedikdə, müəyyən məqsədləri həyata keçirmək üçün beynəl­xalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyi başa düşülür. XIX əsrin ikinci yarısından yaranmağa başlayan beynəlxalq təşkilatların sayı hazırda qeyri-hökumət təşkilatları da daxil olmaqla dörd mindən artıqdır. Beynəlxalq təşkilatlar içərisində BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT özünəməxsus yer tutur.
BMT (Birləşmiş Millətlər Təşkilatı)- bütündünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilatdır.
BMT Nizamnaməsi 26 iyun 1945-ci ildə San-Fransiskoda keçirilən konfransda imzalanmış, həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. 19 fəsil, 111 maddədən ibarət olan bu Nizamnamə hərbi, siyasi, iqtisadi, ekoloji, hümanitar və digər sahələrdə dövlətlərin davranışına dair özünəməxsus məcəllənin işlənib hazırlanmasında müstəsna rola malikdir.  Özünü “ədalət və təhlükəsizliyi, iqtisadi inkişaf və sosial bərabərliyi bütün ölkələrdə təmin etməyi qarşısına məqsəd qoyan qlobal bir qurum kimi” təqdim edən BMT-nin hazırda 192 üzvü vardır.
Birləşmiş Millətlər termini ilk dəfə Franklin D.Ruzvelt tərəfindən II Dünya müha­ribəsi dövründə işlədilərək 1 yanvar 1942-ci ildə Birləşmiş Millətlər Bəyənna­məsində və Atlantika Xartiyasında rəsmi olaraq istifadə edilmişdir.
BMT 6 əsas orqandan ibarətdir: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik.
Baş Assambleya- BMT-nin nümayəndəli orqanı olmaqla üzv dövlətlərdən təşkil olunmuşdur. Hər üzvün Baş Assambleyada təmsilçiləri 5 nəfərdən çox ola bilməz. Baş Assambleyanın səlahiyyətinə sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanılması ilə bağlı dövlətlərin əməkdaşlığının ümumi prinsipləri, o cümlədən, tərksilah məsələləri, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq məsələləri, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dəstək verilməsi, beynəlxalq hüququn mütərəqqi inkişafı və onun məcəllələşdirilməsi məsələləri daxildir.
Həmçinin Baş Assambleya BMT-nin büdcəsini nəzərdən keçirir və təsdiq edir, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini, İqtisadi və Sosial Şuranın, Beynəlxalq Məhkəmənin üzvlərini seçir, köməkçi orqanlar yaradır, Baş Katibi təyin edir.
Baş Assambleyada mühüm məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar isə sessiyada və səsvermədə iştirak edən üzv dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir. Baş Assambleyanın qətnamələri dövlətlər üçün hüquqi cəhətdən məcburi səciyyə daşımır, tövsiyyə xarakterlidir.
Təhlükəsizlik Şurası- Beynəlxalq sülhün və təhlükəziliyin qorunmasında başlıca məsuliyyət məhz bu orqanın üzərinə qoyulmuşdur. 15 üzvü olan Təhlükəsizlik Şura­sının 5 daimi üzvü vardır ki, bu üzvlər veto hüququna sahibdirlər. Bunlar ABŞ, İngiltərə, Fransa, Çin, Rusiyadır. Təhlükəsizlik Şurasının qalan 10 üzvü isə qeyri-daimi üzv olmaqla Baş Assambleya tərəfindən iki il müddətinə seçilir.
Sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasının müəyyən edilməsi Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir. Təhlükəsizlik Şurasının təcrübədə geniş həyata keçirdiyi mühüm səlahiyyətlərindən biri də potensial və ya mövcud münaqişə rayonuna müvafiq dövlətin razılığı ilə sülhməramlı qüvvələrin göndərilməsi yəni sülhün bərpa edilməsi və ya qorunub saxlanılması üzrə əməliyyatlardır. Təhlükəsizlik Şurasının ən çox istifadə etdiyi üsul isə preventiv diplomatiyadır. Preventiv diplomatiya tərəflər arasında yarana biləcək mübahisə və fikir ayrılıqlarının qarşısını irəlicədən almağa, bunların böyüyüb münaqişəyə çevrilməsinə yol verməməyə və münaqişə yarandıqda bunun miqyaslarını məhdudlaşdırmağa yönəlmiş siyasi, diplomatik, beynəlxalq-hüquqi və digər xarakterli hərəkətlərdir.
BMT Təhlükəsizlik Şurası BMT sistemində yeganə orqandır ki, öz səlahiyyətlərinə daxil olan məsələlər üzrə məcburi qərarlar qəbul edə bilər. BMT Təhlükəzilik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir. Lakin məlum olduğu kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının 1993-cü il ərzində çıxardığı dörd qətnamə (822, 853, 874, 884) hələ də yerinə yetirilmir və bu biganəliyə dünya ictimaiyyəti hələ də susur.
Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Şuranın prosedur məsələləri üzrə qərarları doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Şuranın hər hansı daimi üzvü qərarın əlehinə səs verərsə qərar qəbul olunmur. Əgər daimi üzvlərdən biri və ya bir neçəsi səsvermə zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə doqquz üzvün lehinə səs verdiyi qərar qəbul olunmuş sayılır.
İqtisadi və Sosial Şura (EKOSOK)- BMT-nin və onun ixtisaslaşdırılmış təsisatlarının iqtisadi və sosial sahələrdə fəaliyyətini əlaqələndirən orqandır. O, Baş Assambleya tərəfindən üç il müddətinə seçilən 54 üzvdən ibarətdir. Bu tərkibin üçdə biri yəni 18 üzv dövlət hər il yenidən seçilir.
EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar, həmçinin regional komissiyalar təsis edir. 
Qəyyumluq Şurası- BMT Nizamnaməsində formal olaraq qalan, artıq fəaliyyət göstərməyən orqandır. Bu orqanın yaradılmasında başlıca məqsəd beynəlxalq qəyyumluq sisteminə daixli olan ərazilərin siyasi, iqtisadi və sosial tərəqqisinə, onların özünüidarəyə və müstəqilliyə doğru inkişafına dəstək vermək olmuşdur. Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmış, 1994-cü ildə Paluanın müstəqillik əldə edərək BMT-yə üzv qəbul edilməsi ilə Qəyyumluq Şurası öz vəzifəsini yerinə yetirmişdir. Qəbul olunmuş qərara görə vəziyyət tələb etdikdə gələcəkdə Şura yenidən bir araya gələ bilər.
Beynəlxalq Məhkəmə - BMT-nin əsas məhkəmə orqanı olmaqla, BMT Nizam­naməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun ola­raq fəaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasında mübahisələri həll edir, hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər çıxarır. BMT-nin bütün üzvləri ipso fakto Beynəlxalq Məhkəmə Statutunun iştirakçılarıdır. Hətta BMT-nin üzvü olmayan dövlətlər də Təhlükəsizlik Şurasının tövsiyyəsi əsasında Baş Assambleya tərəfindən müyyən edilmiş şərtlərlə Beynəlxalq Məhkəmə Statutunun iştirakçısı ola bilərlər.
Beynəlxalq Məhkəməyə 15 hakim daxildir. Onlar Baş Assambleya və Təhlükə­sizlik Şurası tərəfindən seçilir. Məhkəmə Niderlandın Haaqa şəhərində yerləşir.
Katiblik - əsas vəzifəsi BMT-nin normal fəaliyyətini təmin etməkdən ibarət olan bu orqan baş katib və təşkilat üçün tələb olunan ştatdan ibarətdir. Katibliyin işçiləri Baş katib tərəfindən təyin olunur və beynəlxalq vəzifəli şəxslər hesab olunur.  BMT-nin Baş Katibi təşkilatın baş inzibati vəzifəli şəxsi olmaqla Təhlükəsizlik Şurasının tövsiyyəsi əsasında Baş Assambleya tərəfindən 5 il müddətinə təyin olunur. 1945-ci ildən bu günədək BMT-nin 8 Baş Katibi olmuş, sonuncusu 1 yanvar 2007-ci ildə seçilən Koreya Respublikasından olan  Pan Gi Mun hazırda vəzifədədir.
BMT-nin əsas orqanları ilə yanaşı beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində (iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və s.) fəaliyyət göstərən, BMT ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökümətlərarası təşkilatlar hesab olunan ixtisaslaşdırılmış təsisatları da mövcuddur. İxtisaslaşdırılmış təsisatlar EKOSOK vasitəsi ilə BMT ilə əlaqə saxlayırlar. Hazırda BMT-nin 16 ixtisaslaşdırılmış təsisatı mövcuddur ki, bunlar da bir neçə qrupa ayrılırlar: Sosial (BƏT- beynəlxalq əmək təşkilatı, ÜST- ümumdünya səhiyyə təşkilatı), mədəni və hümanitar (YUNESKO- təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı), iqtisadi (YUNİDO- sənaye inkişafı üzrə Birləşmiş Millərlər Təşkilatı), maliyyə (BVF-beynəlxalq valyuta fondu), kənd təsərrüfatı sahəsində (ƏKTT-ərzaq və kənd təsərrüfatı təşkilatı), nəqliyyat və rabitə sahəsində (İMO-beynəlxalq dəniz təşkilatı), meteorologiya sahəsində (ÜMT-ümumdünya meteorologiya təşkilatı və s.) təşkilatlar.
BMT-nin mərkəzi ABŞ-ın Nyu-York şəhəri olub rəsmi dilləri ərəb, çin, ingilis, fransız, rus və ispan dilləridir.
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvülüyünə qəbul edilmiş, həmin ilin may ayının 6-da Azərbaycanın BMT Nəzdində Daimi Nümayəndə­liyi açılmışdır. Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə əməkdaşlıq edir. Bunların içərisindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Sənaye İnkişaf təşkilatı, Ümumdünya Səhiyyə təşkilatı, BMT-nin Qadınlar Fondu və s. qeyd etmək olar.
Avropa İttifaqı - İlk vaxtlar sırf iqtisadi məqsədlərlə yaradıldığına baxmayaraq, Avropa İttifaqı indi siyasi-iqtisadi quruma çevrilmişdir. Avropa İttifaqının təməlini II Dünya müharibəsindən sonra sənaye üçün xüsusilə önəmli iki əsas xammal olan kömür və polad sektorunu gücləndirmək məqsədilə 1951-ci ildə qurulan Avropa Kömür və Polad Cəmiyyəti təşkil edir. Avropa Kömür və Polad Cəmiyyəti 18 aprel 1951-ci ildə Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qurulmuşdur.
Avropa İttifaqının əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç müqavilə ilə qoyulmuşdur: Avropa Kömür və Polad Birliyinin yaradılmasına dair 1951-ci il tarixli Paris müqaviləsi, Atom Enerjisi üzrə Avropa Birliyinin yaradılmasına dair 25 mart 1957-ci il tarixli Roma müqaviləsi, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il tarixli Roma müqaviləsi.
Təsis müqavilələri ilə yanaşı, Avropa İttifaqının təşkili və fəaliyyəti aşağıdakı hüquqi sənədlərə əsaslanır: Avropa İqtisadi Birliyinin, Avropa Atom Enerjisi Birliyinin, Avropa Polad və Kömür Birliyinin vahid şəkildə birləşməsinə dair 1965-ci il tarixli Brüssel müqaviləsi, ən mühüm məsələlər üzrə qərarın yalnız ümumi razılıq əsasında qəbul olunması barədə razılıq əldə edilməsinə dair 1971-ci il tarixli Lüksemburq müqaviləsi, vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında 1986-cı il tarixli vahid Avropa aktı, 1993-cü ildən etibarən Avropa İttifaqı ərazisində vahid viza rejimi, yük, kapital və şəxslərin sərhədlərdən maneəsiz olaraq keçidi nəzərdə tutulma­sına dair 1990-cı il tarixli Şengen müqaviləsi, siyasi ittifaqın və valyuta-iqtisadi ittifa­qının yaradılmasının nəzərdə tutulmasına dair  1992-ci il tarixli Maastrix müqaviləsi və sosial sahədə əməkdaşlığın gücləndirilməsi və əhalinin miqrasiyasının liberallaşdırıl­ması və vahid valyutaya-avroya keçidlə bağlı müddəalar əks olunduğu 1997-ci il tarixli Amsterdam müqaviləsi, qurumun orqan və institutlarının formalaşdırılması məqsədilə təsis aktlarına əsaslı dəyişikliklər edilməsinə dair 2001-ci il tarixli Nitsa Sazişi. 
Avropa İttifaqının əsas məqsədi İttifaqa daxil olan ölkələrin vətəndaşlarına sülh və tərəqqi gətirmək, iqtisadi, siyasi və sosial əməkdaşlıq sahələrində İttifaqın sosial və iqtisadi tərəqqisini təmin etmək, beynəlxalq miqyasda biriliyin vahidliyini möhkəmlən­dirmək, Avtopa vətəndaşlığını tətbiq etmək, azadlığın təhlükəsizliyin və ədalətin əhatə dairəsini inkişaf etdirmək, Avtopa İttifaqı hüququ əsasında Avropa Cəmiyyəti qurmaq­dan ibarətdir.
Avropa İttifaqının əsas orqanları bunlardır: Şura, Komissiya, Avropa Parlamenti, Avropa Məhkəməsi.
Şura -Avropa İttifaqının ali orqanı olmaqla iclasları bir qayda olaraq dövlət və hökümət başçıları səviyyəsində keçirilir. Şurada ən mühüm məsələlərlə bağlı qərarlar yekdil səs çoxluğu ilə qəbul olunur.
Komissiya - daimi fəaliyyət göstərən icra orqanıdır. Bu orqan üzv dövlətlərdən asılı deyil, həmçinin məcburi aktlar vermək səlahiyyətinə malikdir. Komissiya qanun təklif­ləri hazırlayır, Parlament və Şuraya təqdim edir.
Avropa Parlamenti - üzv dövlətlərin vətəndaşları tərəfindən birbaşa seçilən deputatlardan ibarət birpalatalı orqandır. Deputatlar dövlət mənsubiyyətinə görə deyil, partiya mənsubiyyətinə görə qruplaşdırılır. Avropa Parlamenti Avropa İttifaqı orqanları ilə bağlı məsləhətçi, nəzarət və büdcə səlahiyyətlərini həyata keçirir.
Avropa Məhkəməsi(bəzən Lüksemburq Məhkəməsi də adlandırılır) - Avropa İttifa­qı yurisdiksiyası sahəsində ali məhkəmə hakimiyyətidir. Üzv dövlətlərin hökumətləri tərəfindən 6 illik müddətə təyin olunan 15 hakim və 9 vəkildən ibarətdir. Bu məhkəmə həmçinin beynəlxalq məhkəmə təcrübəsində öz təkrarolunmaz xarakterinə görə beynəl­xalq konstitusiya və inzibati məhkəmə funksiyalarına da malikdir.
Şura və Komissiya öz səlahiyyətləri çərçivəsində qərarlar (reqlamentlər), direktiv­lər, qətnamələr, tövsiyə və rəylər kimi hüquqi aktlar qəbul edə bilər.
Avropa İttifaqının hüquqi təbiətinin unikallığı onun dövlətüstü xarakter daşımasın­dadır. Bu isə özünü onun qəbul etdiyi hüquqi aktların üzv dövlətlərin ərazisində birbaşa qüvvəyə malik olmasında göstərir. Belə ki, Avropa İttifaqının hüquq normaları milli qanunvericilik üzərində üstünlüyə malikdir, bütün vətəndaşlar və hüquqi şəxslər üçün məcburi xarakter kəsb edir.
Əsas orqanlarla yanaşı Avropa İttifaqında müəyyən məqsədlərin həyata keçirilməsi üçün Avropa İnvestitsiya Bankı, Dövlət başçıları Şurası (Avropa Zirvəsi), Bölgələr Komitəsi, Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu, Ombudsman İnstitutu da fəaliyyət göstərir.
Hazırda Avropa İttifaqının 27 üzvü vardır, mərkəzi Brüssel şəhəridir.
Avropa İttifaqının üzv dövlətləri ilə Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qüvvəyə minmişdir. Avropa İttifaqının MDB ölkələ­rinə texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə yaradılmış TACİS proqra­mının şəbəkə layihələri olan TRACECA (Avropa-Asiya-Qafqaz nəqliyyat koridoru) və İNOGATE (Avropaya dövlətlərarası neft və qaz ixracı) bilavasitə Azərbaycana münasi­bətdə trans-sərhəd layihələrinin həyata keçirilməsi üçün yeni perspektivlər yaratmışdır.
Avropa Şurası - bu beynəlxalq təşkilat Avropa qitəsində ən böyük regional təşkilat sayılır. Əsası 1949-cu ildə on Avropa dövləti tərəfindən qoyulmuş Avropa Şurasının əsas məqsədləri demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi, Avropa Şurasına üzv dövlətlərin sosial, mədəni və hüquqi sahələrdəki problemlərinin həllinə birgə səylərlə yardım göstərilməsidir.
Avropa şurasının Nizamnaməsi 5 may 1949-ciu ildə Londonda imzalanmış, 3 avqust 1949-cu ildə qüvvəyə minmişdir. 3 fəsil, 12 maddədən ibarət olan bu Nizam­namənin 1-ci maddəsinin “a” bəndinə əsasən Avropa Şurasının məqsədi öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədi ilə daha sıx birliyə nail olunmasıdır. Nizamnaməyə görə Avropa Şuurasının hər bir üzvü qanunun aliliyini və onun yurisdiksiyası çərçivəsində insan hüquq və azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.
Avropa Şurası çərçivəsində qəbul edilmiş konvensiyalardan ən əsası Nazirlər Komitəsinin 15 üzvü tərəfindən 4 noyabr 1950-ci ildə imzalanmış, 3 sentyabr 1953-cu ildə qüvvəyə minmiş İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasıdır. Avropa Şurasını bu Konvensiya və onun əsasında yaradılmış Avropa İnsan Hüquqları Məhkəməsi olmadan təsəvvür etmək qeyri-mümkündür.
Avropa Şurasının əsas orqanları bunlardır: Nazirlər Komitəsi, Parlament Assamb­leyası, Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik.
Nazirlər Komitəsi - Avropa Şurasının ali orqanı olmaqla üzv dövlətlərin Xarici İşlər Nazirlərindən təşkil olunmuşdur. Ildə iki dəfədən az olmayaraq Komitənin nazirlər səviyyəsində sesiyaları keçirilir. Nazirlər Komitəsi əməkdaşlığın siyasi aspektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət proqramını hazırlayır, cari büdcəni təsdiq edir və s. məsələləri həll edir.
Parlament Assambleyası -Avropa Şurasının məşvərətçi orqanı olub, qanunvericilik səlahiyyətinə malik deyil. Assambleya hər bir üzv dövlətin parlamentindən seçilən nümayəndələrdən ibarətdir. Üzv dövlətlərin Parlament Assambleyasındakı nümayəndə­lə­rinin sayı 2-18 arasında dəyişir (Azərbaycandan 6 nəfər). Assambleyanın ildə dörd dəfə sessiyası keçirilir. Həmçinin Parlament Assambleyası Avropa Şurasının Baş kati­bini və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərini seçir.
Avropa yerli və regional hakimiyyətlər Konqresi - üzv dövlətlərin müvafiq ərazi qurumlarının nümayəndələrindən ibarətdir.
Katiblik - Avropa Şurasının inzibati orqanı olub, ona Parlament Assambleyası tərəfindən 5 il müddətinə seçilən Baş Katib rəhbərlik edir. Hazırda Avropa Şurasının Baş Katibi Norveçin keçmiş baş naziri Turborn Yaqlandadır.
Avropa Şurasının 47 üzvü vardır, mərkəzi Strasburq şəhəri, rəsmi dilləri ingilis və fransız dilləridir.
1996-cı ilin 28 iyun tarixində Azərbaycan Parlamenti Avropa Şurasının Parlament Assambleyasında Xüsusi Qonaq Satusunu almış, Azərbaycan 13 iyul 1996-cı ildə Avropa Şurasına üzvlüklə bağlı müraciət etmişdir. Ulu Öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında”, 1998-ci il 20 yanvar tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” və 1999-cu il 14 may tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncamları ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmışdır. 2000-ci ilin 28 iyunda keçirilən Parlament Assamble­yasının sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə qərar çıxarılmış, 17 yanvar 2001-ci ildə keçirilən Nazirlər Komitəsinin növbəti iclasında Azərbaycanın bu təşkilata tamhüquqlu üzv olunması rəsmi surətdə təsdiq edilmiş, təntənəli mərasim 25 yanvar 2001-ci ildə Strasburqda keçirilmişdir.
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) - vahid təsis aktı olma­yan, öz fəaliyyətinə 1972-ci ildə dialoq və danışıqlar üçün çoxtərəfli forum kimi başla­yan, özünəməxsus xüsusiyyətlərə malik regional təşkilatdır. Onun təsis aktları aşağı­dakı­lardır:
1975-ci il tarixli Helsinki Yekun Aktı, 1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Xartiya və ona Əlavə Sənəd, 1992-ci ildə Helsinkidə qəbul edilmiş “Dəyişikliklər Dövrünün çağırışı” Bəyənnaməsi, 1994-cü il tarixli Budapeşt Sammiti.
Öz fəaliyyətinə 1975-ci ildə ATƏM (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşa­virəsi) kimi başlayan  bu təşkilat 1994-cü il tarixli Budapeşt Sammitinin nəticəsinə əsasən  1995-ci il 1 yanvar tarixindən Avropanın sivilzasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özününidarə mexanizmləri olan ümumavropa təşkilatına-ATƏT-ə çevrilmişdir.  
ATƏT-in əsas məqsədləri uzunmüddətli sülhün təmin edilməsi üçün müvafiq şəraitin yaradılması, təhlükəsizlik şəraitində əməkdaşlıq, tərksilah, münaqişəli vəziyyət­lərin qarşısının alınması, iqtisadiyyat, mədəniyyət, insan hüquqları və əsas azadlıq­larının təmin olunması sahəsində əməkdaşlıq məsələləridir.
ATƏT-i digər regional təşkilatlardan fərqləndirən əsas cəhət onun bu və ya digər məsələyə dair qərarlarının hüquqi qüvvəsinin siyasi xarakterə malik olmasındadır.
ATƏT-in strukturu aşağıdakı kimidir:
ATƏT-in ali orqanı iki ildən bir çağırılan Dövlət və Hökümət başçılarının Müşavi­rəsi, ATƏT-in mərkəzi rəhbər orqanı ildə bir dəfə çağırılan Xarici İşlər Nazirlərindən ibarət Nazirlər Şurası, siyasi məsləhətləşmələrin aparılması və cari qərarların qəbul edil­məsi üçün ATƏT strukturunda əsas orqan sayılan Daimi Şura, Nazirlər Şurası tərəfin­dən üç il müddətinə seçilən Baş Katibin  başçılıq etdiyi Katiblik,  seçki prosesinə nəza­rət yolu ilə demokratik seçkilərin keçirilməsinə kömək göstərən, xüsusilə insan meyarı üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət edənDemokratik İnstitutlar və İnsan Hüquqları üzrə Büro, (mənzil qərargahı Varşavada yerləşir) preventiv diplomatik funk­si­yaları yerinə yetirənMilli Azlıqlar üzrə Ali Komissar (Mənzil qərargahı Haaqada yerləşir) və bütün üzv ölkələrin nümayəndələrindən ibarət Parlament Assambleyası.
ATƏT hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Mənzil-qərargahı Vyana şəhərində yerləşir.
Azərbaycan 1992-ci il yanvar ayının 30-da ATƏM-in üzvlüyünə qəbul edilmiş, beləliklə ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.
1992-ci ilin matr ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk Konfransının çağırılması haqqında qərar qəbul edilmişdir.
Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarusiya, Ermənistan, İsveç, İtaliya, Niderlanda Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir. Qrupa əvvəl Finlandiya və Rusiya, 1995-1997-ci illərdə İsveç və Rusiya başçılıq etmişlər. 
Budapeşt sammitinin nəticəsi olaraq 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nüma­yəndələrdən ibarət olan Yüksək səviyyəli planlaşdırma qrupu təsis olunmuşdur.
1995-ci ildə ATƏT-in fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. Hazırda ATƏT-in fəaliyyətdə olan sədri Qazağıstanın Xarici İşlər Naziri Kanat Saudabayev, şəxsi nümayəndəsi isəAnjey Kasprşıkdir.
1996-cı il 2-3 dekabr tarixində keçirilən Lissabon sammitində Ermənistan və Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermə­nis­tandan başqa) Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütöv­lüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı prinsiplərinə dair razılıq əldə edilmişdir.
1997-ci il 1 yanvar tarixindən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri-Bernar Fasyenin (Fransa), Robert Bratkenin (ABŞ) və İqor Popovun (Rusiya) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində apardığı danışıqların nəticəsi arzuolunan səviyyədə deyil.
 
 
  Bugün 5 ziyaretçi (13 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol