HÜQUQŞÜNASLARIN MƏKANI
  Dövlət qulluğunun anlayışı, prinsipləri və şərtləri, dövlət qulluğu keçmə
 
 

Dövlət qulluğunun anlayışı, prinsipləri və şərtləri,
dövlət qulluğu keçmə
 
1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının Milli Şurası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etmişdir. Həmin vaxt­dan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələri sırasına siyasi-iqtisadi, sosial-mədəni və mənəvi həyatın bütün sahələrinin yeni əsaslar üzərində qurulması daxil edildi. Bu ülvi vəzifələrin həyata keçirilməsi respublikamızda müstəqil və müasir dövlət qul­lu­ğu sisteminin yaradılmasını bir zərurətə çevirirdi. Bu zərurət isə düşünülmüş, elmi cəhət­dən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, nizamlı və sabit dövlət idarəçiliyi bərpa edildi. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti vətəndaşların dövlət hakimiyyət və idarəetmə orqanlarının işinə inamını artırdı.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin dekabrında imzaladığı fərman əsasında dövlət idarəçiliyi sistemində islahatların aparılması üzrə dövlət komissiyası yaradıldı. Komis­siya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləş­di­ril­məsi və demokratikləşdirilməsi, habelə sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması sahəsində kompleks tədbirlər gördü.
 Görülən işlər 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul olun­ması ilə nəticələndi. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirən bu qanun eyni zamanda, dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar işçi korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır.
Qanunun 2-ci maddəsində deyilir: “Dövlət qulluğu Azərbaycan Respublikasının Konsti­tusiyasına və qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiya­la­rının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir”.
Dövlət idarəetmə orqanlarında çalışanlar qanunla “dövlət qulluqçusu” adlandırıldılar.
Dövlət qulluğu haqqında qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
Dövlət qulluğu aşağıdakı prinsiplərə söykənir:
qanunçuluq, dövlət hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
dövlət orqanlarına və qulluqçularına nəzarət və onların hesabat verməsi;
 yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;
bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə borclu olması;
 dövlət qulluğuna qəbulun şəffaflığı, vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.
Azərbaycan Respublikasında Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir.
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilin­dən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Qanun dövlət qulluğuna qəbulun yolverilməz olduğu halların da dairəsini müəyyənləşdirir. Belə ki, şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmə­nin qərarı ilə təsdiq edilərsə, məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkə­mənin qanuni qüvvəyə minmiş qərarı olarsa və qanunvericiliklə müəyyən edilmiş başqa hallarda şəxsin dövlət qulluğuna qəbulu yolverilməzdir.
      Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.
 İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı müsabiqə elan edir. Qanunve­ri­cilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsa­bi­qənin elan edilməsinə yol verilmir. Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq (ən azı ayda bir dəfə) müvafiq icra hakimiyyəti orqanına məlumat vermə­lidir.
Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər. Müsabiqə vahid test imtahanından və müsahibədən ibarət olur.
 Test imtahanından müvəffəqiyyətlə çıxanlar sənədlərini 10 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqa­nının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizəd­lərdən birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləş­dirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.
Yuxarıda qeyd etdiyim staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir.
Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə yenidən müsabiqədən müvəf­fəqiyyətlə keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs yenidən müsabiqədən müvəffə­qiyyətlə keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
Daimi dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində staj və sınaq müddəti tətbiq edilmir.
İnzibati vəzifələrin birinci - beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
Qanunda dövlət qulluqçularının məzuniyyət hüququ ilə bağlı məsələlər də öz əksini tapıb. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü;
 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;
 15 ildən çox əmək stajına görə —6 təqvim günü;
 Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir.
İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu, Dövlət qulluğu haqqında qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
Attestasiyanın keçirilməsinin müddətləri və cədvəli müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlan­masına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.
Qeyd edək ki, Ölkə Prezidentinin bilavasitə təşəbbüsü ilə hazırlanan və 2007-ci il 31 may tarixində qəbul edilən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət qulluqçularının davranış prinsiplərini və qaydalarını müəy­yən edir. Qanunun qəbul edilməsinin əsas məqsədlərindən biri dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsidir.
Bu gün yüksək ixtisaslı mütəxəssislərin dövlət qulluğunu seçməsi üçün Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti kompleks tədbirlər görür. Bu tədbirləri aşağıdakı kimi sıralamaq olar:
Birincisi, dövlət qulluğuna milli ruhu yüksək olan mütəxəssislər cəlb edilir. “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə”, “Dövlət qullu­ğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də bu amala xidmət edir.
İkincisi, dövlət orqanlarında çalışanların sıralarını yüksək təhsilli, günün tələblərinə cavab verən gənc mütəxəssislərlə zənginləşdirmək məqsədilə Azərbaycan gənclərinin dövlət hesabına xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil alması və sonradan dövlət qulluğuna cəlb edilməsi üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib.
Üçüncüsü, respublikamızda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə hər il iyun ayının 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi təqvimə daxil edilib.
Sonda onu da qeyd etmək istərdim ki, respublika Prezidenti Cənab İlham Əliyev dövlət hakimiyyəti orqanlarının fəaliyyətini və dövlət qulluğunun daha səmərəli təşkili məsələ­lərini, habelə dövlət qulluqçularının və onların ailələrinin sosial qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət qulluqçularının vəzifəsi isə dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaqdan ibarətdir.
 
 
 
  Bugün 34 ziyaretçi (59 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol