HÜQUQŞÜNASLARIN MƏKANI
  Prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri
 

Prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri
 
Dövlətçiliyin əsas dayaqlarından biri hesab olunan prokurorluq orqanlarının təşkili və fəaliyyətinin şaxələndirilməsi hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş, demokratik dəyərləri özünə rəhbər seçmiş hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Prokurorluq orqanlarının yaranması və fəaliyyəti ilə bağlı dünya ölkələrinin təcrübəsinə diqqət yetirsək görərik ki, mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır.
Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilmişdir. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
İngiltərədə orta əsrlərdə prokuror fəaliyyəti şəxsi xarakter daşıyırdı. Belə ki, nə dövlət, nə də yerlərdə prokurorluq orqanları təşkil olunmamışdı və hazırkı prokurorluq orqanlarının bir sıra səlahiyyətlərinin ədalət mühakiməsini həyata keçirən məhkəmələr öz üzərinə götürmüşdü. İngiltərənin baş prokuroru (General Attorney) kralla bağlı olan xüsusilə mühüm məsələlərlə məşğul olurdu. Başqa sözlə desək, kralın vəkili rolunda çıxış edirdi. İngiltərənin Amerikadakı koloniyalarında da eyni sistem mövcud idi.
Rusiyada prokurorluq isə l Pyotrun «Baş prokuror vəzifəsi haqqında» 12 Yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi ya­randıqdan sonra isə ədliyyə naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edil­mişdir.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilmişdir. O zamankı qanunvericiliyə görə ədliyyə naziri, eyni zamanda baş prokuror hesab olunurdu.
1920-ci ildə müstəqil Azərbaycan dövlətçiliyi süqut etdikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da müxtəlif illərdə ləğv edilmiş, yenidən təşkil edilmiş, mövcud olduğu dövrdə isə kommunist rejminə və partiya liderlərinə xidmət edən bir orqana çevrilmişdir.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni qanunvericilik sistemi formalaşdırılmağa başladı, konstitusiya qəbul olundu, Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» qanunlar qəbul olunmuş və «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında» Əsasnamə təsdiq edilmişdir.
Prokurorluq orqanlarının fəaliyyət istiqamətlərinin hüquqi əsasları 1995-ci il Konstitusiyasının 133-cü maddəsi və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində öz əksini tapmışdır. Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Konstitusiyaya görə Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.
 Bu statusa uyğun olaraq prokurorluq «Prokurorluq haqqında» 7 dekabr 1999-cu il tarixli qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlayır və ibtidai istintaq aparır, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir, məhkəmə qərarlarından protest verir, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
Dünya ölkələrinin prokurorluq orqanlarının fəaliyyət istiqamətlərinin müqayisəli təhlili zamanı müəyyən fərqli məqamlar da ortaya çıxır. Belə ki, Almaniyada prokurorluq orqanlarının istintaq və nəzarət fəaliyyətindən başqa məhkəmə qərarlarının icrası və məhkum olunmuş şəxslərin əfv olunması kimi səlahiyyətləri də vardır. Bundan başqa, Almaniyada prokurorluq orqanlarının fəaliyyətində nəzərə çarpacaq dərəcədə ixtisaslaşma mövcuddur. Belə ki, prokurorluq orqanlarında korrupsiya, mütəşəkkil cinayətkarlıq, siyasi cinayətlər, iqtisadi cinayətlər, ətraf mühit əleyhinə olan cinayətlər, narkotik cinayətləri ilə bağlı ayrı-ayrı şöbələr fəaliyyət göstərir.
Qeyd edək ki, ölkəmizdə 2011-ci ilin mart ayında “Prokurorluq haqqında” və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunlara edilən dəyişikliklərə əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin subyekti qismində prokurorluq orqanları çıxış edir. Fikrimizcə, bu dəyişikliyi nəzərə almaqla prokurorluq orqanlarının fəaliyyət istiqamətlərini nəzərdə tutan “Prokurorluq haqqında” qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda bənd də əlavə edilməsi məqsədəmüvafiq olardı: “qanunla nəzərdə tutulan hallarda əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək”
Həmçinin, prokurorluq orqanlarına əməliyyat-axtarış fəaliyyətinin subyekti olmaq səlahiyyəti verildiyindən “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulan hüquqlar və vəzifələr də onlara şamil edilir.
Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyin-də nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır.
Cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir.
Prokurorluğun digər bir fəaliyyət növü təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət mexanizmidir. Prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür və dürüst icrasını və tətbiqini təmin etmək məqsədilə aşağıdakı nəzarəti həyata keçirir:
- cinayətlər və digər qanuna zidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və məlumatların qeydə alınması, onlara baxılması və müvafiq tədbirlər göstərilməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi;
- təhqiqat orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyi.
Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.
Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətini ixtisaslaşmış prokurorluq orqanları yerinə yetirdiyindən bu zaman qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.
Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə tənzimlənir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.
Qanunda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət nəzərdə tutan 21-ci maddəyə görə Əməliyyat-axtarış fəaliyyətinin qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qeyd etdiyimiz kimi prokurorluq orqanlarının fəaliyyət istiqamətlərindən biri də ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun iştirakı və dövlət ittihamının müdafiəsi ilə bağlıdır.
Prokurorlar Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisə­lərə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir. Onu da qeyd edək ki, ibtidai istintaq aparan və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dövlət ittihamını müdafiə edə bilməz.
Ədalət məhkəməsinin həyata keçirilməsində ittihamı sübutetmə vəzifəsi prokurorunun üzərinə düşür. Toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir. Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun səlahiyyətləri Azərbaycan Respub­likasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Onu da qeyd edək ki, «Prokurorluq haqqında» qanunun 4-cü maddəsində birbaşa göstərilməsə də prokurorluq orqanlarının fəaliyyətindən bəhs edən III fəslində Prokurorluğun qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və müraciətlərə baxması, vətəndaşların qəbulunu həyata keçirməsi fəaliyyəti də təsbit olunub. Belə ki, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və müraciətlərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və müraciətlərə təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və müraciətlərdə göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməmə­sindən asılı olaraq müvafiq qərar qəbul edir. Azərbaycan Respublikası qanunverici­liyinin tələblərinə uyğun olaraq prokurorluğa daxil olmuş anonim ərizə, şikayət və müraciətlərə baxılmır.
Prokurorluğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması və siyasi bitərəflik kimi prinsiplərə əsaslanır.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, prokurorluq orqanlarının mövcudluğu, fəaliyyəti dövlət və ictimai maraqların təmin olunması, hüquqi dövlət quruculuğu, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətlidir.
 
 
  Bugün 3 ziyaretçi (8 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol