HÜQUQŞÜNASLARIN MƏKANI
  Dövlət qulluqçularının hüquqları, vəzifələri və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş məhdudiyyətlər
 

Dövlət qulluqçularının hüquqları, vəzifələri və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş məhdudiyyətlər
 

Ulu öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi çoxşaxəli islahatlar sayəsində Azərbaycan Respublikası bütün sahələrdə gündən-günə güclənmiş və beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirmişdir.
Digər sahələrdə aparılan genişmiqyaslı islahatlarla yanaşı, dövlət qulluğu sahəsində də aparılan köklü islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin tövsiyələri əsasında hazırlanmış və qəbul olunmuş bu qanunla Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin əsası qoyulmuş, dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarına aydınlıq gətirilmiş, dövlət qulluqçusunun hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Ölkəmizin uğurlu inkişafı “Dövlət qulluğu haqqında” Qanunun daha da təkmilləş­dirilməsi zərurətini yaratmışdır. Belə ki, ötən illər ərzində qanuna bir sıra əlavələr və dəyişikliklər edilmiş, bu vacib sənədin əsas müddəalarından irəli gələn bir çox nor­mativ hüquqi aktlar qəbul edilmiş və müasir tələblərə cavab verən qanun hazırlan­mış­dır. Bu qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzim­ləyir.
Dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Dövlət qulluqçusu dövlət qulluğu vəzifəsini tutan və haqqı ödənilməklə həmin dövlət orqanının funksiyalarını yerinə yetirən şəxsdir.
Dövlət qulluqçusu ilə dövlət arasında müəyyən mərhələdə qarşılıqlı hüquqların, vəzifələrin, məhdudiyyət və qadağanların, məsuliyyətin və dövlət qulluqçusunun hü­quqi statusunun digər atributlarının mövcudluğu ilə səciyyələnən konkret qulluq münasibətləri meydana gəlir. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.
Dövlət qulluqçusunun hüquqları
Dövlət qulluqçusunun səmərəli fəaliyyətini şərtləndirən və onun hüquqi statusunun əsasını təşkil edən elementlərdən birini də onun hüquqları təşkil edir.
Hər hansı bir digər hüquq subyekti kimi dövlət qulluqçusu da qanunvericiliklə müəyyən edilmiş hüquqlara malikdir. Bu hüquqlar aşağıdakılardır:
vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;
dövlət maaşı almaq;
elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götür­mək;
həmkarlar ittifaqlarında birləşmək;
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial mə­zuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniy­yət­lər), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əla­qədar pensiyalar və müavinətlər almaq və s.
Ümumiyyətlə, dövlət qulluğu cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan öz iş funksiya­la­rını dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Bu baxımdan qanunve­ricilikdə dövlət qulluqçusunun hüquqları ilə yanaşı vəzifələri də təsbit olunmuşdur.
Dövlət qulluqçularının aşağıdakı vəzifələri vardır:
- Qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək;
- Dövlət qulluğu iyerarxik tabelik prinsipinə əsaslandığından dövlət qulluqçuları tabelik qaydasında yuxarı rəhbər işçilərin vəzifə səlahiyyətləri daxilində verdikləri (açıq-aşkar qanunsuz olanlar istisna olmaqla) əmrləri, sərəncam və göstərişləri icra etməyə borcludurlar;
- Dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək;
Başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək;
- Dövlət qulluqçusu nəinki, yalnız dövlət qulluğuna ziyan vura bilən, yaxud, dövlət orqanına zərər yetirən əməlləri etməkdən, həmçinin həmin mənafelərə zidd fəaliyyət göstərməsi təsəvvürü yarada bilən çıxışlardan və müvafiq fikirlər söyləməkdən də çəkinməlidir.
- Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmaq və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək;
- Dövlət qulluqçuları vətəndaşların hüquq və azadlıqlarını, onların qanuni məna­fe­lərini təmin etməyə və qorumağa borcludurlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarındandır.
- Qanunvericiliyə əsasən dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Onlar təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onları təmin etmədikdə bunun səbəblərini göstərməli, şikayət vermə qayda­sı­nı izah etməlidirlər.
-  Lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək;
- Dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən sonra da saxlamaq;
Dövlət sirri dedikdə, dövlətin hərbi, xarici siyasi, iqtisadi, elmi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar nəzərdə tutulur.
- Vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamaq və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməmək;
- Qanunla nəzərdə tutulan hallarda öz vəzifə borcunu keyfiyyətlə yerinə yetirmək üçün qanunvericilik bəzi dövlət qulluqçularına belə xarakterli məlumatları əldə etmək səlahiyyəti verir, eyni zamanda, əldə edilmiş bu cür məlumatların yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyana görə məsuliyyət də nəzərdə tutur. Qulluqçular vəzifə səlahiyyətinin icrası ilə əlaqədar əldə etdikləri belə məlumatların yayılmamasını təmin etmək üçün özlərinin səlahiyyəti çərçivəsində müəyyən tədbirləri həyata keçirməlidirlər. Məsələn, Azərbaycan Respublikası CPM-də nəzərdə tutulur ki, müstəntiqin, prokurorun tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları şəxsi və ailə sirrini təşkil edən məlumatların yayılmamasını öz öhdələrinə götürürlər və onlardan bu barədə yazılı iltizam alınır. Hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, həmçinin, onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir. Bu cür məlumatları açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilir.
- Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçmək, başqa yerdə işləmək və ya başqa vəzifələri icra etmək;
- Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək;
- Etik davranış qaydalarına əməl etmək.
Vətəndaşın dövlət orqanında hər hansı bir vəzifəni tutması üçün onun həmin vəzifəni tutmağa mənəvi hüququ olmalıdır. Yəni o, nəinki, yalnız peşə-ixtisas, həmçinin mənəvi baxımdan müsbət keyfiyyətlərə malik olmalıdır. Yəni o, şərəf, borc, vicdan, məsuliyyət hissi kamilləşmiş şəxs olmalıdır. Buna görə də dövlət qulluqçu­su­nun qulluq etikası normalarına və dövlət orqanında müəyyən olunmuş daxili xidmət qaydalarına əməl etməsi barədə tələb çox mühüm əhəmiyyətə malikdir.
- Dövlət qulluqçusu öz peşə borcunu fədakarcasına yerinə yetirməlidir. O, öz qulluq vəzifələrini təmənnasız və vicdanlı, qərəzsiz və ədalətlə icra etməli, yalnız bir şəxsiyyətin deyil, bütün cəmiyyətin mənafelərini nəzərə almalıdır.
Dövlət qulluqçusu dövlət qulluğuna başlayarkən müvafiq hüquq və azadlıqlardan başqa qanunvericiliklə müəyyən olunmuş bir sıra məhdudiyyət və qadağanları da könüllü olaraq qəbul edir.
Dövlət qulluqçularının hüquqi məhdudiyyətləri onların yerinə yetirdikləri dövlət funksiyalarının və qulluq səlahiyyətlərinin xüsusiliyi ilə şərtlənir.
Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
- Dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa. Bu qadağan dövlət qulluq­çusunun bütün qulluq müddəti ərzində daim qulluq başında olması zərurəti ilə şərtləndi.
- Elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;
Dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa. Bu məhdudiyyətlə qanunvericilik dövlət qulluqçusuna təmsilçiliyi qadağan edir.
- İstefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respubli­kasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;Göründüyü kimi bu məhdudiyyətlə qanunverici qulluq dövründə əldə olunmuş informasiyadan qeyri-xidməti məqsədlər üçün istifadə etməyi qadağan edir. Dövlət qulluğunda olan heç bir qulluqçu öz vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq ona məlum olmuş xidməti informasiyadan şəxsi məqsədlərlə, habelə hər hansı fiziki və hüquqi şəxslərdən kommersiya qazancı əldə etmək məqsədi ilə istifadə edə bilməz.
- İşlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə. Bu qadağan dövlət qulluqçusunun xarici dövlətlərdən və onların vəzifəli şəxslərindən asılı vəziyyətə düşməməsini təmin etməyə yönəlmişdir.
- Tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
- Dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. Bu məhdudiyyət Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu və dinin dövlətdən ayrı olduğunu bir daha bəyan edir və təminat kimi çıxış edir.
- Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
Dövlət qulluqçusu bu tələblərə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qay­da nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qullu­ğu­na, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Beləliklə, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş yuxarıdakı məhdudiyyətlərə əməl etmək onların borcudur. Əgər dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətləri pozarsa və bu əməl cinayət tərkibi yaratmazsa, ona qarşı töhmətdən tutmuş vəzifədən azad edilməyə qədər intizam tənbehləri tətbiq oluna bilər.
 
 
 
  Bugün 6 ziyaretçi (16 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol