HÜQUQŞÜNASLARIN MƏKANI
  Dünya konstitusiyalarının inkişaf mərhələləri
 

DÜNYA KONSTİTUSİYALARININ İNKİŞAF MƏRHƏLƏLƏRİ
 
Dünya dövlətlərinin konstitusiyaları üç mərhələdən keçmiş və hazırda dördüncü mərhələdədir. Konstitusiyaların sosial-iqtisadi və hüquqi məzmununun dəyişməsinə təsir göstərən bu mərhələləri şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Birinci mərhələ XVIII əsrdə Əsas Qanun hesab edilən konstitusiyaların meydana gəlməsindən başlayaraq Birinci dünya müharibəsi və totalitar sosialist dövlətlərinin yaranmasına qədər davam etmişdir (bu dövr üçün Afrikada Liberiya və Cənubi Afrika, eləcə də Avstraliya istisnalıq təşkil edir). Bu mərhələdə qəbul edilmiş konstitusiyaların tənzimləmə obyektinin dairəsi həcmcə kiçik olmuş, əsasən insan və vətəndaşların şəxsi və qismən də siyasi hüquqları, habelə dövlət hakimiyyəti orqanlarının təşkili və səlahiyyətləri məsələləri ilə məhdudlaşmışdır.
2. İkinci mərhələ iki dünya müharibəsi arasındakı dövrü əhatə etməklə Şərqi Avropanın bəzi yeni yaranmış dövlətlərinin, həmçinin Asiya və Afrikanın bir neçə dövlətinin konstitusiyalarına («müstəmləkə konstitusiyaları») şamil oluna bilər. Dövlətin artmaqda olan iqtisadi və sosial rolu ilə əlaqədar belə konstitusion hüquqi tənzimləmə həm köhnə, həm də yeni dövlətlərdə ictimai münasibətlərin yeni sahələrini əhatə etmiş, totalitar sosializm ölkələrində meydana gələn konstitusiyalarda isə bu tənzimləmə sosial-iqtisadi hüquqlar sahəsinə, ideologiyaya, totalitar siyasi sistemin yaradılmasına şamil edilərək, demək olar ki, hər məsələni ehtiva edən bir xarakter almışdır.
3. Üçüncü mərhələ İkinci dünya müharibəsindən sonra 80-90-cı illərin sonlarına qədər müstəmləkə asılılığının ləğvi ilə əlaqədar 100-dən artıq yeni dövlətin yaranması nəticəsində konstitusiya prosesinin Asiya, Afrika və Okeaniyaya yayılaraq qlobal xarakter alması ilə bağlıdır. Bu mərhələdə müxtəlif qrup dövlətlərdə dörd konstitusiya modeli qüvvədə olmuşdur: A) keçmişin liberal konstitusiyaları (ABŞ, Belçika və s.); B) «İkinci dalğa» liberal konstitusiyalar (məsələn, Yaponiyanın 1946-cı il, İtaliyanın 1947-ci il konstitusiyaları); C) totalitar sosializm konstitusiyaları; D) Latın Amerikası da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrin liberal konstitusiyaları. Erkən sosialist konstitusiyalarının və kütləvi demokratik hərəkatın təsiri altında birinci və xüsusilə də ikinci model konstitusiyaların konstitusion tənzimlənməsinin obyekti xeyli genişləndirilmişdir. Belə ki, onlara sosial-iqtisad müddəalar, siyasi partiyaların rolu haqqında normalar, xarici siyasətin prinsipləri, qismən də ictimai birliklər haqqında müddəalar daxil edilmişdir. Totalitar sosializm konstitusiyaları hakimiyyət bölgüsünü inkar etmiş və dövlət hakimiyyətinin vahidliyi prinsipini özünəməxsus anlamda («Bütün hakimiyyət Sovetlərə!») təsbit etmiş, marksist-leninçi partiyanın dövlətdə və cəmiyyətdə rəhbər rolunu, «zəhmətkeşlər»in hüquqlarının üstünlüyünü və məcburi ideologiyanı bəyan etmişdir. Kapitalist təmayüllü, yeni inkişaf etməkdə olan dövlətlərin konstitusiyaları totalitar sosialist dövlətlərin əsas qanunlarının ayrı-ayrı müddəalarını (məsələn, milli məsələ üzrə, planlaşdırma, istismarla mübarizə haqqında və s.) əxz etməklə qərb modelinə meyl etmişdir. Sosialist təmayüllü dövlətlərin konstitusiyaları bir çox cəhətdən sosialist konstitusiya modelini – çox vaxt bir qədər də pisləşdirərək – təqlid etmişdir (bununla belə, onlara bəzi liberal müddəalar da daxil edilmişdir);
     
4. Dördüncü mərhələ XX əsrin 80-cı illərin sonu – 90-cı illərin əvvəllərində başlamış Avropa, Asiya və Afrikada totalitar rejimlərin dağılması ilə xarakterizə olunur. Keçən əsrin 80-cı illərinin sonundan 1997-ci ilədək şəraitin və konstitusiya prioritetlərinin dəyişməsi nəticəsində 100-dən çox yeni konstitusiya qəbul edilmişdir. Onlar, həmçinin, ümumbəşəri dəyərlərin əhəmiyyətinin artmasını (bu, müəyyən mənada qalmaqda olan sosialist dövlətlərinin yeni konstitusiyalarına və onlara edilmiş əlavələrə də aiddir), totalitarizmdən imtina edilməsini və öz təcrübəsini daha dəqiq nəzərə almaqla müxtəlif hüquqi sistemlərin yaxınlaşmasını əks etdirir.
 
 
  Bugün 35 ziyaretçi (62 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol