HÜQUQŞÜNASLARIN MƏKANI
  Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi
 

Azərbaycan Respublikasında
hakimiyyətlərin bölünməsi prinsipi
 
Hakimiyyətlərin bölünməsi prinsipi ilk dəfə İngiltərə inqilabы dövründə Leveller­lər tərəfindən irəli sürülərək möhkəmlənməkdə olan burjua­zi­ya­nın feodal mütləqiy­yətinə qarşı mübarizəsi nəticəsində ortaya çıxmışdır. Burjuaziyanın ideoloqları kral hakimiy­yətinin məhdudlaşdırılmasına can ataraq dövlət hakimiyyətinin müəyyən qollara ayrılması barədə fikirlər səsləndirirdilər. Məsələn, Lilbernin fikrincə, “haki­miy­­yətin bir nəfərin qəsb etməsinin qarşısını almaq və xalqın azadlığını qorumaq naminə kütləvi hakimiyyətin bir əldə cəmləşməsinə imkan vermək olmaz”. Sonralar həmin nəzəriyyə sistemli şəkildə Con Lokk və Şarl Lui Monteskyo tərəfin­dən işlən­mişdir. Con Lokka görə “azadlığın təminatı tələb edir ki, kütləvi hakimiy­yətin səlahiy­yətləri dəqiq müəy­yənləşdirilsin və ayrı-ayrı orqanlar arasında bölün­sün”. Monteskyonun fikrincə isə “əgər hakimiyyətin bu üç növü, yəni qanunları yaradan hakimiyyət, qərarları icra edən hakimiyyət və cinayətləri mühakimə edən hakimiyyət eyni bir adamın şəxsində, yaxud əyanlardan, zərdaganlardan və ya sadə insanlardan təşkil edilmiş eyni bir idarənin şəxsində birləşsəydi, o zaman hər şey məhv olardı”.
Dövlət hakimiyyəti biri-birindən ayrı, lakin qarşılıqlı fəaliyyət göstərməklə üç qola ayrılır: 1) qanunvericilik; 2) icra; 3) məhkəmə hakimiyyəti.
Bəzi müasir konstitusiyalarda hakimiyyət bölgüsü ilə bağlı üç qola ayrılma konsepsiyası müəyyən dəyişiklik və əlavələrə məruz qalmışdır. Məsələn, bəzi Latın Amerikası dövlətlərinin konstitusiyalarında (Nikaraquanın 1987, Braziliyanın 1988, Kolumbiyanın 1991-ci il konstitusiyaları) hakimiyyətin dörd budağa ayrılmasından söhbət gedir, dördüncü hakimiyyət kimi seçki hakimiyyətinin adı çəkilir. Haki­miyyətin bu budağı öz təşkilati ifadəsini xüsusi olaraq yaradılan seçki tribunallarının fəaliyyətində tapır. Onlar dövlət orqanlarına birbaşa seçkilərlə bağlı meydana çıxan mübahisələrə baxırlar.
Hüquq ədəbiyyatında dördüncü hakimiyyətin digər növü – təsisçi hakimiyyət barədə də bəhs olunur. Bu hakimiyyət xalqın bilavasitə və ya xüsusi müəssisələr məclisi yaratmaq yolu ilə əsas qanunu qəbul etmək və bununla da dövlətin təşkilinin əsaslarını müəyyən etmək hüququ kimi anlaşılır.
Bəzən rəmzi mənada ictimai rəyi formalaşdıran mətbuatı da dördüncü hakimiy­yət adlandırırlar. Lakin, bu yanaşma tərzi sırf sosioloji xarakter daşıyır. Məlum olduğu kimi mətbuat dövlət hakimiyyətinə malik deyil, həmçinin filosoflar və sosioloqlar tərəfindən sadalanan hakimiyyətlər – ideoloji hakimiyyət, texniki haki­miyyət, dini hakimiyyət və s. də dövlət hakimiyyəti sayıla bilməz.
Bəzən təcrübədə qanunvericilikdə beşinci hakimiyyət – dövlətin nəzarət hakimiyyəti haqqında da danışılır.
 Dünya dövlətlərinin praktikasında elə dövlət orqanlarına da rast gəlmək olur ki, həmin dövlət orqanları adı çəkilən hakimiyyət qollarının heç birinə daxil olmur. Buna İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatını misal olaraq göstərmək olar. Belə orqanlar hakimiyyət qollarına aid olmasa da onlar dövlət orqanları hesab edilir və dövlət mexanizmində mühüm səlahiyyətlərə malik olurlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində dövlət hakimiyyə­ti­nin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsindən bəhs olunur. Həmin maddəyə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Prezidentə mənsubdur, məhkəmə hakimiy­yətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Oxşar maddələr bir sıra dövlətlərin konstitusiyalarında da vardır. Məsələn, Türkiyə Konstitusiyasına görə “qanunve­ricilik səlahiyyəti Türk Milləti adına Türkiyə Böyük Millət Məclisinin­dir. Bu səlahiyyət alına bilməz” (7-ci maddə), “İcra səlahiyyəti və vəzifəsi, Prezident və Nazirlər Kabineti tərəfindən, Konstitusiya və qanunlara uyğun olaraq istifadə olu­nur və həyata keçirilir” (8-ci maddə), “Məhkəmə səlahiy­yəti Türk Mil­lə­ti adına müs­təqil məhkəmələr tərəfin­dən həyata keçirilir” (9-cu maddə). Bolqarıstan Konstitusi­yasının 8-ci maddəsində deyilir: “Döv­­lət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyəti qolları arasında bölünür”. Rusiya Konstitusiyasına əsasən “Rusiya Fede­rasiyasında dövlət hakimiyyəti qanunve­­ricilik, icra və məhkəmə ha­kimiyyətlərinə bölün­məsi əsasında həya­ta keçirilir” (10-cu maddə), “Rusiya Federasiyasında dövlət hakimiy­yətini Ru­siya Federasiyasının Prezidenti, Federal Məclis (Fe­derasiya Məclisi və Dövlət Düması), Rusiya Federasiyası Höküməti və Rusiya Federasiyasının məhkəmə­ləri həyata keçirir” (11-ci maddə).
“Hakimiyyətin bölgü prinsipi” özündə aşağıdakı üç elementi ehtiva edir:
1.“Çəkindirmə və tarazlaşdırma” mexanizmi;
2. Dövlət hakimiyyəti orqanlarının vahidliyi;
3. Dövlət hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən qanunvericilik, icra və məh­kəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.      
Qısa olaraq hər üç hakimiyyət qolu barədə məlumat verək.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar secki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə secilirlər. Azərbaycan Respublikası Milli Məclisinin deputatları 125 deputat­dan ibarət olmaqla hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyaya görə Azər­baycan Respublikası Milli Məclisi hər il iki növbəti yaz ve payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq edil­dikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasi həmin gündən baş­layaraq bir həftədən gec ol­ma­yaraq çağırılır. Azərbaycan Respublikası Milli Məclisinin növbə­dənkənar sessiya­la­rı Milli Məclisin sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Res­publikası Milli Məclisinin 42 deputatınn tələbi əsasında   çağı­rılır.
 Azərbaycan Res­publikası Milli Məclisi oz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunlari, qanunlar və qərarlar qəbul edir.
Azərbaycan Res­publikası Milli Məclisinin sədri ve müavinləri Milli Məclis tərəfin­dən seçilir. Azərbaycan Res­publikası Milli Məclisi ümumi qaydalar  müəyyən etdikdə, məsələn, Milli Məc­lisə seçkilər, Milli Məclis deputatlarının statusu, Azərbaycan Respub­likasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər, sosial təminat, ətraf mühitin qorunması və sair məsələlər üzrə qanunlar qəbul edir. Qanun və qərar lahiyələri Milli Məclis iki ay ərzində, təcili elan edildikdə isə 20 gün müddətində səsə qoyulur, qanun və qərar layihələri qəbul edildiyi gündən 14 gun müddətində, təcili elan edildikde ise 24 saat ərzində Azərbaycan Res­publikası Prezidenti tərəfindən imzalanır.
Azərbaycan Res­publikası Prezidenti özündə icra hakimiyyəti səlahiyyətlərinə malik olan və təmsilçilik funksiyası daşıyan şəxsdir.
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikası Prezidenti fərman­lar, başqa məsələlərdə isə sərəncamlar qəbul edir.
NAZİRLƏR KABİNETİAzərbaycan Res­publikası Nazirlər Ka­bineti yuxarı icra orqanı olmaqla Azərbaycan Res­publikası Prezidentə tabedir və onun qarşısında cavabdehdir. Azərbaycan Res­publikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Res­publikası Prezidenti müəyyənləşdirir və Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Azərbaycan Res­publikası Nazirlər kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Res­publikası Baş naziri sədrlik edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respub­likasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.  
Azərbaycan Res­publikası Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
MƏHKƏMƏ HAKİMİYYƏTİ - Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər və onlar müstəqildirlər. Məhkəmələr haki­miy­yətin digər qollarından asılı olmadan ədalət mühakiməsini həyata keçirir.
Konstitusiyada müraciət olunan “məhkəmə hakimiyyəti” termini hüquqi döv­lətdə hakimiyyətin bölünməsi pirinsipindən irəli gələn və məhkəmənin dövlət haki­miyyəti sistemində yerini müəyyən edən hakimiyyət növünün qısa ifadəsidir.
          Məhkəmə hakimiyyətinin əsasını müxtəlif səlahiyyətləri olan, nümayəndəli və icra orqanlarından asılı olmayan məhkəmə orqanlarının məcmuyu təşkil edir.
          Müasir ölkələrdə məhkəmə fəaliyyəti dövlətin konstitusiya qurluşunun əsasla­rının, fiziki və hüquqi şəxslərin hüquqlaının və maraqlarının müdafiəsinin təmin edil­məsinə yönəldilmişdir.
          Məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizmi kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətlərinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların fəaliyətini istiqamətləndirir, dövlət hakimiyyəti orqanları arasındakı səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir.
Məhkəmə sistemi müxtəlif dövlətlərdə fərqli qaydada formalaşmışdır.
Azərbaycan Res­publikası Konstitusiyasının 125-ci maddəsinin 6-cı bəndinə uy­ğun olaraq məhkə­mələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olun­mamış hüquqi üsulların tətbiq edilməsi və fövqalədə məhkəmələrin, eləcə də xarici dövlətlərin yaxud da qanunda nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.
          Məhkəmələrdə işlərə birinci, apelyasiya ve kassasiya instansiyaları üzrə baxılır. Məhkəmələrdə işlərə Azərbaycan Respublikasının konstitusiyasını, qanunlarını və digər qanunvercilik aktlarını eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutulur. Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası  adından hökmlər, qətnamələr, qərardadlar və qərarlar çıxarırlar.
          Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respub­likasının Konsti­tusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respub­likasının Apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmə­ləri həyata keçirirlər. Məhkəmə hakimiyyəti konstitu­siya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
Azərbaycan  Respublikası Konstitusiya məhkəməsi Azərbaycan Respublikasında konstitusiya nəzarətini təmin edir.
Onu da qeyd edim ki, Azrəbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanları ilə ölkəmizdə yeni məhkəmlər yaradılmış, bir sıra məhkəmələrin yurisdiksiyasında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə ləğv edilmiş və regionlarda yeni Ağır Cinayətlər Məhkəmələri yaradılmışdır. Həmçinin yerli iqtisad məhkəmələrinin baza­sında yeni ixtisaslaşdırılmış məhkəmələr olan inzibati-iqtisadi məhkəmələr yaradıl­mışdır.
 
 
  Bugün 33 ziyaretçi (53 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol