HÜQUQŞÜNASLARIN MƏKANI
  Avropa Məhkəməsinin statusu və bu məhkəməyə şikayətin verilməsi şərtləri
 

Avropa Məhkəməsinin statusu və bu məhkəməyə şikayətin verilməsi şərtləri
 
Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının sturukturuna daxil olan 5 orqandan biridir. Məhkəmənin yaradılmasının hüquqi əsasını İnsan Hü­quq­ları və Əsas Azadlıq­ların Müdafiəsi Haqqında Konvensiya təşkil edir. Belə ki, Kon­ven­siyanın 19-cu maddəsinə görə dövlətlərin konvensiyada və Proto­kollarda təsbit olunmuş öhdəliklərinin yerinə yetirmələrini təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi yaradılır. Məhkəmənin əsası hələ 1959-cu ildən qoyulmuş, ilk sessiyası həmin ilin fevral ayının 23-28-də keçi­ril­mişdir. Avropa İnsan Hüquq­ları Məhkəməsi 1 noyabr 1998-ci ildən, yəni 11 say­lı proto­kolun qüvvəyə minmə­sin­dən sonra daimi fəaliyyət göstərən məh­kə­mə orqanına çevrilmişdir. Fransanın Strasburq şəhərində yerlə­şən bu məhkəmə in­san hüquq­la­rı­nın pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə bey­nəlxalq məh­kəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanı­dır.
Məhkəmənin tərkibinə daxil olan hakimlərin sayı İnsan Hüquqları və Əsas Azadlıq­ların Müdafiəsi Haqqında Konvensiyanın iştirakçısı olan dövlətlərin sayı­na, yəni 47-yə bərabərdir. Hakimlər öz dövlətlərini təmsil etmirlər. Onlar Parla­ment Assambleyası tərəfindən Avropa Şurası üzvlərinin irəli sürdüyü 3 namizəd siyahısından səs çoxluğu ilə seçilirlər. Hakimlər 9 il müddətinə seçilir­lər, onların səlahiyyət müddəti 70 yaşına çatanda bitir. Konvensiyaya görə onlar yenidən seçilə bilməzlər.
Qeyd olunduğu kimi məhkəmənin əsas hüquqi bazası İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Kon­vensiyasıdır. Kon­vensiya yalnız Avropa Şurasına üzv olan dövlətlər tərəfindən 4 noyabr 1950-ci ildə Ro­ma şəhə­rin­də imzalanmış, 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. Avro­pa Şurasına üzv olan bütün dövlətlərin ehtiram göstərməli olduqları insan haqları və onlarla bağlı zəmanətlərin siyahısı da Konvensiyanın tərkib hissəsidir.
Avropa İnsan Hüquqları Məhkəməsi konvensiyanı tətbiq edir. Məhkəmənin və­zifəsi Avropa Şurasına üzv olan ölkələrin Konvensiyada əks olunan insan haq­larına və onlarla bağlı zəmanətlərə ehtiramla yanaşmalarına nəzarət etməkdir.
Bu nəzarət fərdi şəxslərin, bəzi hallarda isə dövlətlərin təqdim etdiyi şika­yət­lərə (onlara “şikayət ərizəsi” də deyilir) baxılması yolu ilə həyata keçi­rilir. Əgər Avropa Şurasına üzv olan ölkənin qeyd olunan hüquqlar və onlarla bağlı zəma­nətlərdən birini və yaxud bir neçəsini pozduğu  aşkar olunarsa, bu halda Məh­kəmə qərar çıxarır. Qərarların icrası məcburidir: ölkələr öz üzəri­lərinə götür­dükləri öhdəliklərə əməl etməlidirlər. Qərarların icrası üzərində nəzarəti Avro­pa Şurasının Nazirlər Komitəsi həyata keçirir.Məhkəmənin ona təqdim edilmiş işlərə təkhakimli tərkibdə, 3 hakimli komi­tə­lərdə, 7 hakimli palatalarda və 17 hakimli Böyük Palatada baxır.Məhkəmənin yurisdiksiyası dövlətlərarası işlər, fərdi şikayətlər və məslə­hətçi rəylər ilə əlaqədar nəzərədə tutulmuş şərtlərlə Konvensiyanın və onun protokol­larının şərhi və tətbiqinə dair göndərilən bütün məsələlərə şamil edilir.Konkret iş üzrə məhkəmənin yurisdiksiyası ilə bağlı məsələni məhkəmə həll edir.
Dövlətlərarası işlər: Hər hansı razılığa gələn yüksək tərəf digər razılığa gələn tərəfin Konvensiya və onun protokollarının müddəalarını istənilən poz­ması ehtimalı ilə bağlı məh­kəməyə müraciət edə bilər.
Fərdi şikayətlər: Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökümət təşkila­tından və ya ayrı-ayrı şəxslər qrupundan, razılığa gələn yüksək tərəflərdən biri­nin onun bu Kon­vensiya və ya onun protokolları ilə tanınmış hüquqlarını pozmasının qur­banı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn yüksək tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdə­lərinə götürürlər.
Məsləhətçi rəylər: Məhkəmə Nazirlər Komitəsinin müraciəti ilə Konvensiya və onun protokol­larının müddəalarının şərhinə dair hüquqi məsələlər üzrə məsləhətçi rəylər verə bilər. Məhkəmənin məsləhətçi rəy verməsi üçün Nazirlər Komitəsinin müraciəti Komitənin iştirak etmək hüququ olan nümayəndələrin səs çoxluğu ilə qəbul edilir. Şəxs özü və bilavasitə Konvensiya və ya onun Protokol­ları ilə təmin olunan hüquqları və onlarla bağlı zəmanətlərin pozulduğunu iddia edərsə, Məhkəməyə müraciət edə bilər.
Məhkəməyə müraciət edən şəxs Avropa Şurasına üzv ölkənin vətəndaşı ol­maya bilər. Onun şikayəti ilə bağlı olan qanun pozuntusu Konvensiyanı imza­la­yan ölkələrdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun əraziləri daxi­lində baş verməlidir. O, fiziki şəxs və təşkilatı təmsil edən hüquqi şəxs ola bilər.
Müraciət edən şəxs sübuta yetirməyə çalışdığı qanun pozuntusunun şəxsən və bilavasitə qurbanı olmalıdır. O, qanun və ya hər hansı məsələ ilə bağlı ümu­mi şikayət edə bilməz. Məsələn, hər hansı işin ancaq ümumi şəkildə ədalətsiz oldu­ğu­nu iddia edə bilməz və ya başqa insanların adından şikayət edə bilməz (Əgər həmin insanlar aydın şəkildə müəyyən olunursa və şəxs onların rəsmi təmsilçisi sayılırsa, müraciət edə bilər).
Şəxs şikayət etdiyi məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməzdən əvvəl öz ölkəsində bütün məhkəmə araşdırmalarından istifa­də etməlidir (adətən bu aşağıdakı mənanı daşıyır: O ilkin instansiya sayılan hər hansı müəyyən məhkəməyə müraciət edir, məhkəmənin çıxardığı qərar onu tə­min etmədikdə növbəti instansiya apellyasiya məhkəməsidir və əgər onun tələbi burada da təmin edilmirsə, O kassasiya məhkəməsinə (Azərbaycanda bu məh­kə­mə Ali Məhkəmə hesab edilir) müraciət edir). Bəzən bu instansiyalara müra­ciət edilməsi onun hüquqlarının təmin edilmə­si­nə kifayət etmir. Bu halda, o, şəx­sən öz etirazı ilə bağlı Avropa İnsan Hüquq­ları Məhkəməsinə müraciət edə bi­lər (yəni bu halda o, Konvensiyada göstərilən hüquqlarının pozulması ilə bağ­lı müraciət edir).
Şikayət beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra və son qərarın çıxarıldığı tarixdən 6 ay müddət keçənədək verilə bilər. Bu müddət bitdikdən sonra verilən şəxsin müraciəti Məhkəmə tərəfindən qəbul edilmir.
Məhkəmə anonim və mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan, yaxud beynəlxalq araşdırmanın və ya tənzimlənmənin digər prsedura­sının predmeti olan və işə aid yeni faktları əks etdirməyən şikayətlərə baxmır.
Məhkəmə qəbul olunmayan hesab etdiyi şikayəti icraatın istənilən mərhələ­sində rədd edə bilər.
• Şikayət etdiyi hərəkət həmin dövlətin və ya dövlətlərin rəsmi şəxsləri tərəfindən edilməlidir (məsələn məhkəmə və ya inzibati orqan).
• Məhkəmə ayrı-ayrı fərdlərə və ya özəl təsisatlara, məsələn, kommersiya şirkətlərinə qarşı qaldırılan işlərə baxa bilməz.
Şəxsin şikayət ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüququlardan biri ilə əlaqədar olmalıdır. Haqqında şikayət ərizəsi daxil olan pozuntular özündə geniş məsələləri ehtiva edə bilər. Məsələn, həbs olunan insanlara qarşı işgəncələrin tətbiq edilməsi və onlara qarşı qeyri-insani rəftar, qeyri-qanuni həbs, mülki və cinayət mühakimə icraatında yol verilən nöqsanlar, qanun­ların tətbiqi zamanı ayrı-seçkiliyə yol verilməsi, valideyn­lərin uşaqlar üzə­rində qeyri-zorakı davranışları, mənzil və məktublaşma hüququna hörmətlə yanaşılma­ması, fikir­lə­rin sərbəst şəkildə ifadə edilməsi və informasi­yanın əldə edilməsi, yaxud ötü­rül­məsi zamanı məhdudiyyətlərin qeydə alınma­sı, nüma­yişlərdə sərbəst iştirak etmək hüququnun pozulması, ölkədən zorla çıxarılma və s.
Şəxs öz şikayətinin bütün detallarını aydın şəkildə göstərmək şərti ilə məh­kə­məyə məktubla müraciət edə və yaxud ərizə formasını dolduraraq Avropa Məhkəməsinin rəsmi poçt ünvanına göndərə  bilər.
 Məktub və ya ərizə forması Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız), yaxud da Konvensiyanı ratifikasiya etmiş dövlətlərin birinin rəsmi dilində göndərilə bilər (məsələn: Azərbaycan, Rus, Türk və s.). Əgər şəxs şikayət ərizəsini faksla  göndərirsə, eyni ərizəni daha sonra  poçt vasitəsilə də göndər­məli­dir. Məhkəmənin Qeydiyyat şöbəsi şəxsin şikayət ərizəsi ilə bağlı olaraq əlavə sənəd, məlumat və ya izahat istəyə bilər.
 Ərizə formasının surətini alındıqdan dərhal sonra o səliqəli və aydın şəkildə doldurulub ən qısa vaxt ərzində Məhkəməyə göndərilməlidir. Ərizə forması aşağıdakıları ehtiva etməlidir:
• Faktların və şikayət edilən məsələnin qısa təsviri;
• Pozulduğu güman edilən Konvensiya müddəalarının qeyd olunması;
• Ölkə daxilində artıq müraciət edilmiş məhkəmə araşdırmalarının siyahısı;
• İş üzrə müraciət edilmiş bütün qurumlar  tərəfindən verilən qərarların surə­ti (bu sənədlər geri qaytarılmayacaq, ona görə də Məhkəməyə ancaq onların surətləri göndərilməlidir);
• Şikayət ərizəsini göndərən şəxsin və ya onu təmsil edən şəxsin imzası.
 Əgər şəxs öz şəxsiyyətini gizli saxlamaq istəyirsə, səbəbləri göstərərək dərhal Məhkəməni bu haqda xəbərdar etməlidir. Bundan sonra onun xahişinin təmin edilib-edilməməsini Məhkəmənin Sədri müəyyənləşdirəcək.
 Proseslərin bu mərhələsində şəxsin vəkillə təmsil olunmasına ehtiyac yox­dur. Bununla belə əgər şəxs Məhkəməyə hər hansı nümayəndə vasitəsi ilə mü­ra­ciət etmək istəyirsə, ərizə forması ilə birlikdə həmin nümayəndənin şəxsin adından fəa­liy­yət göstərə bilməsi üçün onun adına etibarnamə də göndər­məlidir. Həmin işə heç bir ödəmə olmadan baxılacaq. Müraciət edən şəxs ancaq öz şəxsi xərclə­rini ödəməlidir (öz müdafiəçisinin xidmət haqqı, tədqiqat və buna bənzər xərclər kimi).
 Şəxsin şikayət ərizəsi Məhkəmə tərəfindən qəbul edildikdən sonra hüquqi yardım üçün müraciət edə bilər. Hüquqi yardım dərhal verilmir, onunla ancaq Məh­kəmə araşdırmasının sonrakı mərhələsində  təmin olunur. Araşdırma yazılı şəkildə aparılır. Buna görə də Məhkəmədə, adətən, dinləmələr olmur və Məh­kəmə tərəfin­dən verilən hər hansı qərar haqqında şəxsə yazılı şəkildə məlumat verilir.
Birinci növbədə Məhkəmə şəxsin ərizəsini tədqiq etməli və onun qəbul edilib-edilməyəcəyini müəyyənləşdirməlidir. Yəni Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə uyğun olmalıdır. Əgər bu şərtlər təmin edilmirsə, şəxsin ərizəsinə rədd cavabı veriləcəkdir. Əgər o, Məhkəməyə bir neçə ərizə ilə müraciət etmişdirsə, Məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək dirgərlərinə rədd cavabı verə bilər. Əgər şəxsin ərizəsi və ya şikayətlərindən birinin qəbul edil­məməsi barədə qərar verilibsə, bu qərar qətidir və ona yenidən bir daha baxılmayacaq. Əgər şəxsin ərizəsi və ya şikayətlərin­dən birinin qəbul edilməsi barədə qərarı verilibsə, Məhkəmə ilkin olaraq tərəf­ləri (müraciət edən şəxs və haq­qında şika­yət edilən Dövləti) məsələni mehriban yolla həll etməyə sövq edir. Hər iki tərəf məsələni həll etmək üçün razılığa gəl­məyə dəvət olunur. Əgər tə­rəflər bu şəkil­də razılığa gəlməsələr, Məhkəmə şika­yət ərizəsinə baxır və Konven­siyanın müddəalarının doğrudan da pozulub-pozulmamasını müəyyən­ləşdirir.
 Qeyd edilməlidir ki,  Məhkəməyə edilən müraciətlərin sayını nəzərə alaraq şəxs Məhkəmənin şikayətlə bağlı ilkin araşdırmanı aparması üçün azı bir il göz­ləmək məcburiyyətində qala bilər. Əgər ərizəçinin fiziki işgəncəyə məruz qal­ması ehtimalı haqqında məlumat varsa, bəzi ərizələrə üstünlük verilərək onlara təcili baxıla bilər.
Əgər işin vəziyyəti aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istəni­lən mərhələsində məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:
Şikayətçi daha öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmirsə;
Məsələ öz həllini tapıbsa;
Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa;
Bununla belə, əgər bu Konvensiya və onun protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması bunu tələb edirsə, məhkəmə şikayətə bax­maqda davam edir.
Əgər məhkəmə işin gedişinin buna bəraət qazandırdığını hesab edirsə, şika­yətin baxılmalı işlər siyahısına bərpa edilməsi haqqında qərar qəbul edə bilər.
• Məhkəmənin milli qərarlarla bağlı yenidən qərar vermək və ya milli qanunları ləğv etmək kimi səlahiyyətləri yoxdur.
• Məhkəmə verdiyi hökmlərin icrasından məsuliyyət daşımır.
Razılığa gələn yüksək tərəflər tərəf olduqları istənilən məhkəmə prose­sində məhkəmənin verdiyi qəti qərarı yerinə yetirmək öhdəliyi götürürlər.
Dediklərimizi yekunlaşdırsaq onu deyə bilərik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsində, bu hüquqların düzgün təfsirində mühüm əhəmiyyətə malikdir.
 
 
  Bugün 33 ziyaretçi (54 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol