HÜQUQŞÜNASLARIN MƏKANI
  Mülki işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları
 

Mülki işdə iştirak edən şəxslər və
prosesin digər iştirakçıları
      
Mülki prosessual qanunvericilikdə işdə iştirak edən şəxslər kateqoriyasına tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar aiddirlər. İşdə iştirak edən şəxslərin dairəsi geniş olsa da, müəyyən əlamətlər onları prosesin digər iştirakçılarından fərqləndirməyə imkan verir. Belə ki, sözügedən şəxslər prosesdə müxtəlif xarakterli hüquqi marağa malikdirlər ki, bu da onların konkret prosessual vəziyyətindən asılıdır. Bu şəxslər öz hərəkətləri ilə icraatın taleyinə həlledici təsir edirlər. Məsələn, icraatın başlanması, başa çatması, müxtəlif prosessual münasibətlə­rin yaranması, dəyişməsi və xitamı başlıca olaraq onların prosessual vəziyyətindən asılıdır, araşdırılan iş üzrə sübutetmə vəzifəsini işdə iştirak edən şəxslər həyata keçirirlər, bundan başqa, məhkəmədə çəkişmə məhz işdə iştirak edən şəxslərin arasında baş verir.
İşdə iştirak edən şəxslərin öz hüquq və vəzifələrini yerinə yetirmək üçün qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyəti, yəni mülki prosessual hüquq qabiliyyəti olmalıdır. Mülki prosessual hüquq qabiliyyəti dedikdə, qanunla nəzərdə tutulmuş mülki prosessual hüquqlar əldə etmək və mülki prosessual vəzifələr daşımaq imkanı başa düşülür. Bütün fiziki şəxslər doğulduğu andan mülki prosessual hüquq qabiliyyətinə malik olurlar və onların ölümü ilə bu qabiliyyət xitam olunur. Hüquqi şəxslərin mülki prosessual hüquq qabiliyyəti onların maddi hüququn subyekti olduğu andan, yəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs statusu əldə etdiyi andan yaranır. Hüquqi şəxsin hər hansı üsulla ləğvi ilə onun mülki prosessual hüquq qabiliyyətinə xitam verilir.
Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti, yəni mülki prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunve­riciliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
Fiziki şəxslər mülki prosessual fəaliyyət qabiliyyəti ilə əlaqədar üç kateqoriyaya bölünürlər. 1) tam fəaliyyət qabiliyyətli fiziki şəxslər; 2) məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər; 3) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər
Hüquqi şəxslərin mülki prosessual fəaliyyət qabiliyyəti onların mülki prosessual hüquq qabiliyyəti ilə eyni anda yaranır və xitam olunur.
Mülki prosesdə tərəflər dedikdə, iddiaçı və cavabdeh başa düşülür. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qis­mində çıxış edə bilərlər.
İddiaçı hüquq və mənafeyinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir.
Cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, bir qayda olaraq, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Məsələn, borcun müəyyən olunmuş vaxtda ödənilməməsi nəticəsində ziyanın vurulması və s. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də mübahisəli hüquq münasibətinin subyekti olur. Məsələn, vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə vərəsəyə qarşı iddianın qaldırılması və s.
Tərəflər bərabər prosessual hüquqlara malik olub bərabər prosessual vəzifələr daşıyırlar.
Tərəflər işdə maddi hüquqi marağa malik olduqlarına görə öz hüquq və mənafelərinin müdafiəsinin həcmini müstəqil müəyyən etmək, o cümlədən irəli sürülmüş tələblərə dəyişikliklər etmək hüququna malikdirlər. Belə ki, iddiaçı iddiadan imtina edə, iddianın predmetini və ya əsasını dəyişdirə bilər, cavabdeh isə iddianı etiraf edə bilər, habelə tərəflər arasında barışıq sazişi bağlana bilər. Tərəflər məhkəmə müdafiəsinin prosessual vasitələrindən istifadə edilməsi üzrə, sübutlar təqdim etmək, onların tədqiqində iştirak etmək, işdə iştirak edən şəxslərə suallar vermək, habelə məhkəmə aktlarının qanuniliyi və əsaslılığının yoxlanılmasına nail olmaq üzrə də bərabər hüquqlara malikdirlər.
Mülki məhkəmə icraatında iddiaçı və cavabdehlə yanaşı, üçüncü şəxslər də iştirak edə bilərlər. Üçüncü şəxslərin iki iştirak forması mövcuddur:
1) Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qoşula bilərlər;
2) Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə məhkəmə tərəfindən qətnamə çıxarılana qədər həmin qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə prosesdə iddiaçının və ya cavabdehin tərəfindən iştirak edə bilərlər.
Ərizəçi dedikdə, xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəməyə müraciət edən şəxs başa düşülür. Maraqlı şəxs isə xüsusi icraat qaydasında baxılan işlər üzrə məh­kəmənin çıxaracağı qərarla üzərinə müəyyən vəzifələr qoyula biləcək, yaxud həmin qərarı icra etməli olan şəxsdir.
Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda, şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
Qanunda nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Bu subyektlərin mülki işdə iştirakının iki forması nəzərdə tutulmuşdur. 1) başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə, 2) dövlət orqanlarının yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı. Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli ozünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının rəy vermək üçün prosesdə iştiraka cəlb edilməsinə qanunla birbaşa nəzərdə tutulmuş hallarda yol verilir. Məsələn, AM-in 73-cü maddəsinə görə iddianın kimin tərəfindən qaldırılmasından asılı olmayaraq uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə baxarkən məhkəmə qəyyumluq və himayəçilik orqanlarını işə cəlb etməlidir. Məhkəmə dövlət və yerli özünüidarəetmə orqanını rəy vermək üçün işdə iştiraka həm öz təşəbbüsü, həm işdə iştirak edən şəxslərin təşəbbüsü, həm də müvafiq orqanın öz təşəbbüsü ilə cəlb edə bilər.
Prosesin digər iştirakçıları - İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər. Həmin şəxslərin əsas ümumi əlaməti onların işin nəticəsində bilavasitə maddi-hüquqi marağa malik olmamasıdır.
Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid işin nəticəsində marağı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı, tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s. münasibətləri ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Şahidin qanunvericilikdə bir sıra hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Şahid mülki məhkəmə icraatının bütün iştirakçıları üçün ümumi olan vəzifələrdən əlavə aşağıdakı vəzifələri də vardır.
Şahid məhkəmənin çağırışına gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.
Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. O, bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.
Şahidin məhkəmə prosesində normal iştirakını təmin etmək üçün ona müəyyən prosessual hüquqlar verilmişdir. Məsələn, şahid üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilmədikdə olduğu yerdə dindirilmək, çəkdiyi xərclərin və itirdiyi vaxtın pul əvəzini almaq, məhkəmənin aparıldığı dili bilmədikdə bildiyi dildə ifadə vermək, tərcüməçinin köməyindən istifadə etmək, yazılı qeydlərdən istifadə etmək kimi hüquqlara malikdir.
Ekspert – xüsusi biliyə malik olan, qanunda nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.
Mülki Prosessual Qanunvericilikdə ekspert kimi cəlb edilmiş şəxsin üzərinə iki əsas prosessual vəzifə qoyulmuşdur: 1. Qarşısına qoyulan suallar barəsində obyektiv rəy vermək; 2. Ekspert rəyi qiymətləndirilərkən və ya başqa zəruri hallarda məhkəmənin çağırışı üzrə gəlmək.
Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ekspert onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bir sıra hüquqlara malikdir. Buraya aiddir: məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq, məhkəmə iclasların­da iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək və s. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda rəy verməkdən imtina etməlidir.
Mütəxəssis – İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis işin nəticəsində şəxsi marağı olmayan, elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olan və öz razılığı ilə məhkəməyə kömək göstərmək üçün məhkəmə tərəfindən təyin olunan şəxsdir.
Qanunvericilikdə mütəxəssis qismində məhkəməyə çağrılmış şəxsin müəyyən vəzifə­ləri nəzərdə tutulmuşdur. Belə ki, o, məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
Öz prosessual vəzifələrini yerinə yetirə bilmək üçün mütəxəssis bir sıra hüquqlara malikdir. Məsələn, məsləhət və izahat vermək üçün zəruri olan iş materialları ilə tanış olmaq, müəyyən məsələləri dəqiqləşdirmək üçün iştirakçılara suallar vermək, zərurət olduqda müvafiq texniki vasitələrdən, o cümlədən komputer proqramlarından istifadə etmək, məhkəməyə gəlməsi ilə əlaqədar yol xərclərinin və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclərin, habelə sutkalıq xərclərin əvəzi kimi haqq almaq və s.
Tərcüməçi – Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və qanunda nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. Müvafiq dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə və təcrübəyə malik, işin nəticəsində marağı olmayan şəxs prosesdə tərcüməçi ola bilər. Lalların və karların ünsiyyət işarələrini başa düşən və işarələr vasitəsilə onlarla ünsiyyət yarada bilən şəxs də tərcüməçi hesab olunur.
Şəxsin tərcüməçi qismində prosesə cəlb edilməsi onun üçün müəyyən hüquq və vəzifələrin yaranmasına səbəb olur. Tərcüməçinin aşağıdakı vəzifələri vardır: Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur. Bilə-bilə yanlış tərcüməyə görə tərcüməçi cinayət məsuliyyəti daşıyır.
Tərcüməçi öz prosessual vəzifələrini lazımi qaydada yerinə yetirə bilməsi üçün prosessual hüquqlara malikdir: Buraya tərcümə etdiyi fikirləri və ifadələri dəqiqləşdirmək üçün proses iştirakçılarına, o cümlədən hakimə suallar vermək, öz vəzifələrini yerinə yetirməklə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər, habelə sutkalıq xərclər almaq və s. aiddir. Tərcüməçiyə öz prosessual vəzifələrini həyata keçirər­kən lüğətlərdən və xüsusi komputer proqramlarından istifadə etmək imkanı verilməlidir.
Vəkil – Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbay­can Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.
AR MPM-in 67-ci maddəsi mülki məhkəmə icraatında vəkilin iştirakının məcburi olduğu halları müəyyən edir. Həmin hallar aiddir: 1. Kassasiya instansiyası məhkəməsində icraat; 2. əlavə kassasiya qaydasında icraat; 3. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat.
AR MPM-in 68-ci maddəsində vəkilin hüquq və vəzifələri nəzərdə tutulmuşdur.
Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxarmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir.
Nümayəndə – hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər. Məhkəmədə nümayəndəliyə istənilən kateqoriya mülki işlər üzrə və prosesin istənilən mərhələsində yol verilir.
Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və himayəçilik altında olan şəxslər, hakimlər, müstəntiqlər, prokurorlar, deputatlar, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna olmaqla, şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclası katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, məhkəmədə nümayəndə ola bilməzlər. Göstərilən hallar istsisna olmaqla, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada təsdiq olunmuş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Nümayəndənin səlahiyyəti təmsil olunanın adından iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətlərinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv etməklə, müvəkkil edilmiş şəxs isə istənilən vaxt etibarnaməyə xitam verməklə nümayəndənin səlahiyyətinə xitam verə bilər.
Qanuni nümayəndələr – fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Qanuni nümayəndəlik institu­tu fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin hüquq və mənafelərinin lazımi səviyyədə müdafiə edilməsi üçün müəyyən edilmişdir və müvafiq şəxslər barəsində qanunla nəzərdə tutulduğundan belə, yəni qanuni nümayəndəlik adlanır.
Beləliklə, dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ bilərik ki, mülki işdə iştirak edən şəxslər və prosesin digər iştirakçılarının statusu, eləcə də həmin şəxslərin hüquq və vəzifələri AR MPM-də öz əksini tapmışdır və sözügedən mülki prosessual institut mühüm hüquqi əhəmiyyətə malikdir.

 
  Bugün 1 ziyaretçi (5 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol