HÜQUQŞÜNASLARIN MƏKANI
  Azərbaycan Respublikasının qanunvericilik sistemi
 

Azərbaycan Respublikasının qanunvericilik sistemi
 
Qanunvericilik sistemi hüquq sisteminin təzahürü, hüquq normalarının ifadə forması­dır. Bu mənada qanunvericilik sistemi hüququn formaları (mənbələri) ilə eyniləşir. Hüquq sistemindən fərqli olaraq qanunvericilik sistemi dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən, qanun və qanunqüvvəli aktların məcmuyudur.
Adətən hüquqi akt ictimai münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün verilir. Belə aktlarda hüququn müxtəlif sahələrinin normaları mövcud ola bilər. Bu cür hüquqi aktlar (qanunlar, fərmanlar, qərarlar və s.) qanunvericilik sistemini təşkil edir.
Qanunvericiliyin məcmuyu ölkənin qanunvericilik sistemini əmələ gətirir. Buraya fərdi hüquqi aktlar daxil deyil. Onlar konkret bir dəfə əmələ gələn və subyektləri yalnız konkret şəxslər olan ictimai münasibətləri tənzimləyir. Fərdi hüquqi-aktlar hüquq norma­sı yaratmır, Ona görə də onlar qanunvericilik sisteminə daxil deyil. AR Konstitusiyasının 10-cu fəsli qanunvericilik sistemi adlanır. Ölkənin qanunvericilik sisteminə ancaq nor­mativ hüquqi aktlar daxildir. Çünki onlar hamı üçün məcburi və dəfələrlə tətbiq olu­nan, dövlətin müdafiə etdiyi davranış normalarını müəyyən edir. Qanunvericilik sis­temi ilə hüquq sistemi anlayışları üst-üstə düşmür. Qanunvericilik sistemi hüquq sistemi­nə qis­mən uyğun gələn, bir növ onun təzahür formasıdır. Qanunvericilik sisteminin elementi və ya vahidi qanundur. Hüquq sisteminin elementi isə hüquq normasıdır. Həm qanunve­ricilik, həm də hüquq sistemi sahələrə malikdir, lakin bu sahələrin ayrılma meyarları üst-üstə düşmür. Məsələn, inzibati hüquq hüquq sahəsidir, amma qanunveri­cilik sahəsi deyil. Mülki hüquq isə həm hüquq sahəsi, həm də qanunvericilik sahəsidir. Hüquq sisteminin formalaşmasına əsasən obyektiv faktorlar təsir etdiyi halda, qanunve­ricilik sistemi əsasən subyektiv faktorların təsiri altında formalaşır. Bundan əlavə, hüquq sahələrinin müstəqil sahə kimi ayrılma meyarı hüququn predmeti və metodudursa, qanunvericilik sahəsinin fərqləndirilmə meyarı ancaq predmetdir. Qanunvericilik sistemi müxtəlif növ normativ hüquqi aktların mexaniki yığını deyil, dəqiq, qarşılıqlı münasi­bətlər sisteminə və təsir mexanizminə malik olan bütöv bir sistemdir. Qanunvericilik sisteminin bir sistem kimi mövcudluğunu şərtləndirən iki amil vardır: 1) müxtəlif qanunlarla eyni predmetlərin nizamlanması; 2) aktlar arasında tabeçilik-iyerarxiya münasibətlərinin olması. İyerarxiya əlaməti qanunvericiliyi qanunların mexaniki yığınından fərqləndirən başlıca əlamətdir. Ona görə də konstitusiya məhz iyerarxiyanı formalaşdırmaqla bütövlükdə qanunvericiliyə təsir edir. Qanunvericilik sisteminə aşağıdakı anlayışı vermək olar: qanunvericilik sistemi ictimai münasibətləri tənzimləyən, bir-biri ilə iyerarxiya əlaqəsinə malik normativ hüquqi aktların məcmusudur. Qanunvericilik sisteminin iyerarxiya pilləsindəki akt ondan yüksəkdə duran akta zidd olmamalıdır.
AR Konstitusiyasının 148-ci maddəsinə görə qanunvericilik sistemi aşağıdakı aktlar­dan ibarətdir:
1. Konstitusiya; 2. Referendumla qəbul edilmiş aktlar; 3. Qanunlar; 4. Fərmanlar; 5. AR Nazirlər Kabinetinin qərarları; 6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
AR-in qanunvericilik sistemi yalnız normativ hüquqi aktlardan ibarətdir. Normativ xarakterli aktlar və qeyri-normativ aktlar qanunvericilik sisteminə aid edilə bilməz. “Nor­mativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 1.0.1-ci maddə­sində normativ hüquqi akta belə anlayış verilmişdir: tənzimlənməsi Azərbaycan Respublika­sının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Daha sonra həmin qanunla müəyyən edilir ki, normativ hüquqi aktlar Kons­titusiyaya və onlardan daha yüksək hüquqi qüvvəyə malik olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.
Həmin Qanunun 3-cü maddəsinə görə qeyri-normativ hüquqi akt­lar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları; 2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları; 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam­ları; 4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları.
Qanunun 4-cü maddəsində normativ xarakterli aktlara aşağıdakılar aid edilir:
1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; 2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları; 4. Məhkəmə-Hüquq Şurasının qərarları; 5. Milli Televiziya və Radio Şurasının qərarları; 6. yerli özünüidarə orqanlarının qərarları; 7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
Qanunvericilik sistemində birinici yeri konstitusiya tutur. Belə ki, AR Konstitusi­yasının 147-ci maddəsinə görə, AR Konstitusiyası AR-də ən yüksək hüquqi qüvvəyə və birbaşa hüquqi qüvvəyə malikdir. Həmçinin, AR Konstitusiyası qanunvericilik sisteminin əsasıdır. Konstitusiya “yüksək hüquqi qüvvəyə malikdir” müddəası onun AR-in ərazi­sin­də qüvvədə olan digər normativ hüquqi aktlardan üstünlüyünü təsdiq edir. Məhz bu üstün mövqeyi ilə qanunların və qanunqüvvəli aktların Konstitusiyaya zidd olmaması müəyyən edilir.
Konstitusiyanın yüksək hüquqi qüvvəsini şərtləndirən əsas amillərdən biri də ona dəyişikliklərin və əlavələrin edilməsinin xüsusi qaydalarının müəyyən olunmasıdır.
Konstitusiyanın qüvvəsi AR-in bütün ərazisinə şamil olunmaqla dövlətin bütövlü­yünü və dövlət hakimiyyəti sisteminin vahidliyini təcəssüm edir.
Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir müddəası onu bildirir ki, Konstitusiya­nın mətnində onun bir sıra müddəalarının inkişaf etdirilməsi və dəqiqləşdirilməsi məqsədilə qanunların qəbul edilməsini müəyyən edən normalar vardır və onun norma və müddəalarının hər hansı bir digər akta möhtac olmadan, onun tərəfindən konkretləşdiril­mədən bilavasitə müxtəlif həyati məsələlərə tətbiq olunma imkanını nəzərdə tutur. Sovet Konstitusiyasında belə müddəalar yox idi və onlarda əks olunan bir çox müddəalar cari qanunvericilikdə öz əksini tapmayınca real tətbiq oluna bilmirdi. Konstitusiyanın birbaşa tətbiqi, ümumiyyətlə, mürəkkəb problemdir və öz həllini gözləyir. Bir sıra normaların birbaşa tətbiqi nəzəri olaraq belə çətindir. Məsələn, əqli mülkiyyət hüququnun və ya seçki hüququnun xüsusi qanunlar olmadan birbaşa tətbiq olunması, demək olar ki, mümkün deyil, çünki hüququn realizə qaydası, qorunma qaydası qanunla dəqiqləşdirilməlidir. Buna görə də Konstitusiyada təsbit olunan müddəalar sonradan qanunlar və ya digər normativ hüquqi aktlar tərəfindən inkişaf etdirilir. Məsələn, Konstitusiyada seçki hüqu­qunun prinsipləri və nisbətən bir sıra vacib tərəfləri əks olunub. Bu normalar Milli Məclisin qəbul etdiyi seçki qanununda əsaslı şəkildə inkişaf etdirilir və hüquq institutu tam şəkildə qurulur.
Sistemdə ikinci yeri referendum yolu ilə qəbul edilmiş aktlar tutur. Buna səbəb onların da konstitusiya kimi bilavasitə xalq tərəfindən qəbul olunmasıdır.
Qanunlar qanunvericilik sisteminin əsas elementidir. Onlar özlərində yuxarıda duran aktların müddəalarını inkişaf etdirir, bəzən hər hansı bir institutun əsaslı şəkildə qurul­ması məhz qanun səviyyəsində həyata heçirilir. İcra hakimiyyətinin aktları qanunun müd­dəalarını dəqiqləşdirir və onların realizə edilməsinə xidmət edirlər. Qanun, qanunve­rici orqan tərəfindən qəbul edilən və onun səlahiyyətlərinə aid edilmiş məsələləri həll edən, ən mühüm ictimai münasibətləri tənzimləyən notmativ hüquqi aktdır.
Qanundan sonrakı yeri iyerarxiyada icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları tutur. Prezidentin fərmanları onun səlahiyyətlərinə aid edilmiş məsələlərin norma­tiv nizamlanması və nəzərdə tutulmuş qanunların icrası üçün verilən, onların müddəa­larını dəqiqləşdirən normativ hüquqi aktlardır. Nəzərə almaq lazımdır ki, qanunlardan fərqli olaraq, icra hakimiyyətinin normativ hüquqi aktları bir çox hallarda həm normativ, həm də fərdi aktların əlamətlərini bildirir. Bu aktlar dəfələrlə tətbiq olunmaq üçün nəzər­də tutulur, eyni zamanda konkret ünvanı müəyyən edilir. Bəzən bu aktlarda bir dəfə tət­biq olunması nəzərdə tutulan çoxsaylı göstərişlər olur. Bu da təbiidir, çünki icra hakimiy­yəti orqanlarının aktları hüququn tətbiqi aktları olub idarəçilik xarakterli məsələləri həll edir və bu məsələlərin bilavasitə həlli üçün məcburi təşkilati göstərişləri də özündə əks etdirir.
Mərkəzi icra hakimiyyəti orqanları hər hansı sahənin idarəçiliyi ilə məşğul olan orqanlar sistemini idarə edən (həmin sahə üzrə) əsas orqandır. Məsələn, Təhsil Nazirliyi təhsil sahə­sində dövlət idarəetməsini həyata keçirən orqanların başında durur və bu sahədə hamı üçün məcburi olan göstərişlər verir. Bu mərkəzi icra hakimiyyəti orqanla­rının başında durur və bu sahədə hamı üçün məcburi olan göstərişlər verir. Bu mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları tam şəkildə sistemləşdirilməyib və müxtəlifdir. Onların içərisində əsas yeri təlimatlar, əsasnamələr, nizamnamələr, qaydalar və s. tutur.
AR Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə görə AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericiliyin tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddə­sinə görə qanunlar və digər aktlarla AR-in tərəfdar çıxdığı beynəlxalq aktlar arasında ziddiyyət olarsa, onda beynəlxalq aktın norması tətbiq edilir. Bütün digər ziddiyyətlər zamanı da iyerarxiyanın yuxarı pilləsində duran aktın göstərişi tətbiq olunur. Fiziki və hüquqi şəxslər maraqlı tərəflər kimi öz aralarında və ya onlarla dövlət orqanları, idarələri və təşkilatları arasında mövcud mübahisələrin həllində AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə birbaşa istinad edə bilərlər. Qanunvericilik sisteminə AR-in Milli Məclisi tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrdən əlavə, həmçinin səlahiyyətli dövlət orqanları tərəfindən AR adından bağlanmış və ratifikasiya edilməsi tələb olunma­yan beynəlxalq müqavilələr də aiddir. AR Milli Məclisi tərəfindən ratifikasiya edilməsi tələb olunan beynəlxalq müqavilələrin növləri “AR-in beynəlxalq müqavilələrin bağlan­ması, icrası və ləğv edilməsi qaydaları haqqında” 1995-ci il 13 iyun tarixli AR qanunu­nun 8-ci maddəsində belə təsbit edilmişdir:
1) dostluq, əməkdaşlıq və qarşılıqlı yardım (həmrəylik) haqqında, dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən edən müqavilələr; 2) sülh müqavilələri; 3) ərazi­lərin bölünməsi, özgəninkiləşdirilməsi və sərhədlərin dəqiqləşdirilməsi məsələləri barə­sində Azərbaycan Respublikasının başqa dövlətlərlə müqavilələri; 4) müdafiə xarakterli və hərbi əməkdaşlığa dair müqavilələr; 5) hüquqi yardım haqqında müqavilələr; 6) Azər­baycan Respublikasının universal və regional xarakter daşıyan beynəlxalq təşkilatlara daxil olması haqqında müqavilələr; 7) çoxtərəfli və ya uzunmüddətli iqtisadi müqavilələr; Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydalardan fərqli qay­dalar müəyyən edən müqavilələr; 9) Azərbaycan Respublikasının qanunlarında, yaxud beynəlxalq müqavilələrində ratifikasiya edilməsi nəzərdə tutulan müqavilələr; 10) kredit alınması məsələlərinə dair müqavilələr; 11) dövlətlərarası ittifaqlara və başqa dövlət­ləra­ra­sı birliklərdə iştiraka dair müqavilələr; 12) Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin başqa ölkələrə göndərilməsi, yaxud başqa dövlətlərin silahlı qüvvələri kontingentinin Azərbaycan Respublikasının ərazisinə buraxılması haqqında müqavilələr.
AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qanunvericilik sisteminin tərkib hissəsi elan olunması qanunvericilik praktikasında yeni haldır. 148-ci maddə ilə qanunve­ricilik sisteminə beynəlxalq hüququn mənbəyi olan yalnız beynəlxalq müqavilələr aid edilmişdir. RF Konstitusiyasının 15-ci maddəsinə görə onun hüquq sisteminə RF-in beynəlxalq müqavilələri ilə yanaşı, habelə beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları da aid edilmişdir.
Naxçıvan MR Konstitusiyasının 48-ci maddəsinə əsasən Naxçıvan MR-in qanunveri­ci­lik sistemi də AR-in qanunvericilik sisteminin tərkib hissəsidir. Naxçıvan MR-in qa­nunve­ricilik aktları ancaq Naxçıvanın ərazisində tətbiq olunur. Naxçıvan MR-in qanunve­ricilik sistemi AR-in qanunvericilik sisteminə uyğun olmalıdır, yəni onun aktlarına zidd gələ bilməz və iyerarxiya quruluşu oxşar olmalıdır.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respub­likasının aşağıdakı normativ hüquqi aktlarından ibarətdir:
1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası; 2) Naxçıvan Muxtar Respublika­sının qanunları; 3) Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərmanları; 4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları; 5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə və birbaşa hüquqi qüvvəyə malikdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır.
AR Konstitusiyasının 149-cu maddəsi aktlar arasındakı iyerarxiyanın məzmununu açır və aktlara verilən tələbləri özündə birləşdirir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Referen­dumla qəbul edilmiş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətən­daşlar, qa­nunve­ricilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Qanunlar Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
AR Prezidentinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunla­rına, zidd olmamalıdır, yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
AR Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. AR Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitu­siyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbay­can Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Konstitusiyanın 150-ci maddəsi bələdiyyə aktlarının məcburiliyini göstərir. Bələdiy­yələr özü dövlət orqanı olmasa da, onların aktına dövlət orqanının aktı keyfiyyətləri ve­rilir, qanunvericilik sisteminə daxil deyil, lakin qanunla müdafiə olunur. Bunu bələdiy­yələrin ən yüksək dövlət təminatı hesab etmək olar. Bələdiyyə aktları onun ərazisində yaşayan vətəndaşlar və həmin ərazidə yerləşən hüquqi şəxlər üçün məcburidir. Bu əlaməti ilə o, yerli icra hakimiyyəti orqanlarının aktlarına oxşayır.
 
 
 
  Bugün 35 ziyaretçi (60 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol