HÜQUQŞÜNASLARIN MƏKANI
  İddianın verilməsi və onun təmin edilməsi (iddia icraatı)
 

 İddianın verilməsi və onun təmin edilməsi
(iddia icraatı)
 
AR Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respub­likasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. AR MM-in 157-ci maddəsinə əsasən mülkiyyət hüququnun müdafiəsinin 3 üsulu mövcuddur:
·       Mülkiyyət hüququnun tanınması;
·       Özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi;
·       Mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.
      Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.
      Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasına görə mülkiy­yətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyildirsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindi­kasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia verməlidir.
      Mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırıl­ması haqqında tələb neqator iddia adlanır. Mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Ona görə də bu hüquq pozuntusu aradan qaldırılmadığı bütün müddət ərzində neqator iddia qaldır­maq olar. Təsadüfi deyildir ki, MM-in 384-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir.
      Mülkiyyət hüququnun müdafiəsi üçün fiziki və ya hüquqi şəxlər tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. İddia ərizəsinin icraata qəbul edilməsi ilə başlanan prosessual fəaliyyət iddia icraatı adlanır. İddia icraaatı AR MPM-in 149-164-cü maddələri ilə tənzimlənir. MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmaqla və ərizədə aşağıdakılar göstərilməklə verilir:
1. ərizənin verildiyi məhkəmənin adı;
2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
     4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.
6. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri.
İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirə bilər. İddia tələblərinin birləşdirilməsinin məqsədi həmin tələblərə dair işlərin daha tez və düzgün həll olunmasıdır.
İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;
2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd;
4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;
5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;
6. onun mübahisələndirildiyi halda normativ aktın mətni;
7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutul­muşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.
İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda mümkünlük haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxıla bilər. Əgər ərizənin daxil olmasından 2 həftə müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır.
Qüvvədə olan mülki prosessual qanunvericiliyə görə iddia ərizəsinin icraata götürül­məməsi iki prosessual hüquq institutunun vasitəsilə mümkündür: a) iddia ərizəsinin qay­tarılması; b) iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olun­ması.
İddia ərizəsinin qaytarılmasının əsasları MPM-in 152.1-ci maddəsində sadalanır:
1. iddia ərizəsinin MPM ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;
2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;
3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;
5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edil­məsinə dair sənəd təqdim etmədikdə;
7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləş­dirildikdə;
8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalı­dırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmə­dikdə;
9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. Bu prosessual əsasların siyahısı yalnız bu maddədə göstərilənlərlə məhdudlaşmaqla qəti xarakter daşıyır və genişləndirici təfsir oluna bilməz.
İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Ərizə­nin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları MPM-in 153-cü maddəsində sadalanmışdır:
1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə;
2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edil­məsi haqqında məhkəmənin qərardadı olarsa;
3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə müba­hisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işə yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;
4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.
İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etmə­li olmasını qərardadda göstərilir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizə­yə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.
Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərar­dad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Cavabdeh iddianı etiraf edə və ya etiraf etməyə bilər. Bundan asılı olaraq onun iddia tələbinə qarşı müdafiəsinin təşkil edilməsi prosessual baxımdan müxtəlif formalarda həyata keçirilə bilər: a) iddia ərizəsinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməklə; b) qarşılıqlı iddia verməklə; c) ayrıca (müstəqil) iddia verməklə; d) əks dəlillər irəli sürməklə, iddianın faktiki əsasını təkzib edən sübutlar təqdim etməklə. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə aşağıdakıları göstərməklə və imza­lamaqla və ya onun nümayəndəsi tərəfindən imzalanmaqla məhkəməyə təqdim edə bilər.
1. mülahizənin göndərildiyi məhkəmənin adı;
2. iddiaçının adı və işin nömrəsi;
3. iddia tələbi rədd edildikdə etirazın əsaslandırıldığı sübutlara istinad etməklə, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri;
4. etiraza və ya mülahizəyə əlavə edilən sənədlərin siyahısı.
Qarşılıqlı iddia iddiaçının iddia ərizəsinin (ilk iddianın) məhkəmənin icraatına qəbul edilməsi ilə başlanmış mülki iş üzrə cavabdehin ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı irəli sürdüyü elə bir maddi-hüquqi tələbdir ki, bu tələb: a) ilk iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlir; b) bu tələbin təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır; c) qarşılıqlı iddia ilə ilk iddia arasında qarşı­lıqlı əlaqə mövcud olur. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. MPM-in 157.1-ci maddəsi iddianın təmin edilməsinin mümkünlüyünü mülki prosesin hər hansı bir mərhələsi ilə məhdudlaşdırmır. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianı təmin etmək üçün tədbirlər:
1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq;
2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək;
3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək;
4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq;
5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq;
6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
Əmlak üzərinə həbs qoyulması müəyyən ardıcıllıqla həyata keçirilir:
birinci növbədə – cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avto­nəqliyyatı, ofislərin dizayn predmetləri və sairə;
ikinci növbədə – hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;
üçüncü növbədə – daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;
dördüncü növbədə – başqa şəxslərə verilmiş əmlak.
Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır.
İddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb edə bilər.
İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin (qanuni nümayəndələrinin) ərizəsi əsasında mümkündür. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır və qərardad çıxarılıb işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir.
İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsinə zərurət o halda yaranır ki, iddianı təmin etmək üçün tətbiq olunmuş tədbir iddiaçının hüquqlarını təmin etmir və məhkəmə qətnaməsinin gələcəkdə icrasına real təminat vermir.
İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən məhkəmə iclasında baxılmaqla ləğv oluna bilər.
İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.
İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar, lakin bu həmin qərardadın icrasını dayandırmır. Lakin        iddianı təmin etməni ləğv etmək haq­qında və yaxud iddianın bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır.
İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticə­sində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.
 
 
  Bugün 33 ziyaretçi (56 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol