HÜQUQŞÜNASLARIN MƏKANI
  Cinayət işi üzə vəkilin mövqeyi
 

Xəlilov Yunis Fərman oğlu tərəfindən yazılan bu elmi məqalə “Qanun” ictimai-siyasi, elmi hü­­­­quq jur­na­lında ( 04 (132), Bakı. 2005. səh. 54-55) çap olunmuşdur.
Bundan başqa, həmin məqalə müəllifin “Hüquq: mülahizə və təkliflər” adlı kitabına da daxil edilmişdir (Ba­kı, “Nurlan” nəşriyyatı, 2005. 184 səhifə).


 Yunis Fərman oğlu Xəlilov
  hüquqşünas
 
 
CİNAYƏT İŞİ ÜZRƏ VƏKİLİN MÖVQEYİ
 
          Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Belə ki, cinayət prosesində ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulan əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatını, cinayət törətmiş şəxsin məsuliyyətə cəlb edilməsinin mümkünlüyünü sübut etməyə, müdafiə tərəfi isə, əksinə, cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməyə və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb etməyə çalışır. Cinayət prosesində tərəflərin çəkişməsi prinsipini təmin etmək üçün isə, itiham və müdafiə tərəfi heç kimdən asılı olmayaraq müstəqil və sərbəst şəkildə öz mövqeyini seçir və onu müdafiə etmək üçün üsul və vasitələri müəyyənləşdirir. Bu zaman hər iki tərəf öz mövqeyini müdafiə etmək üçün bərabər hüquq və imkanlardan istifadə edərək məhkəmədə təmsil olunurlar.
          Cinayət prosesində adətən müdafiə tərəfini təmsil edən vəkil (müdafiəçi) üçün iş üzrə mövqe onun danışacaqlarının ölçülüb-biçilmiş özəyi və yeganə əsası hesab olunur. Bəziləri səhvən, cinayət prosesində vəkilin yalnız bir mövqeyinin olmasını (nəyin bahasına olursa-olsun, təqsirləndirilən şəxsin günahsızlığını sübüt etməsini) düşünür. Əslində isə, cinayət prosesində vəklin bəraətverici mövqeyi ilə yanaşı, digər mövqeləri də ola bilər: əməlin Cinayət Qanununun daha yüngül maddəsi ilə tövsif olunması, məhkəmənin diqqətini yüngülləşdirən halların mövcudluğuna cəlb etmək, işin əlavə araşdırılmaya göndərilməsi və s.
          Vəkil öz mövqeyini bütün istintaq və məhkəmə presesi müddətində sabit və dəyişilməz şəkildə müdafiə etməlidir. İstintaq və məhkəmə təcrübəsi göstərir ki, cinayət prosesinə daxil olan andan məhkəmə prosesinin sonunadək vəkilin bir mövqeyə sadiq qalması və bütün proses müddətində müdafiə mövqeyinin dəyişməməsi məhkəməni vəkilin haqlı olması qənaətinə gətirir ki, bu da nəticədə müdafiə tərəfinin uğur qazanmasına səbəb olur. Əks təqdirdə, dəyişkən mövqe vəklin mövqeyinə öldürücü zərbə vurmaqla yanaşı , onun məhkəmə qarşısında inamını da sarsıda bilər. Dəyişkən mövqeyin səbəb olduğu uğursuz müdafiəyə aid bir misal:
          “A. satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətini törətməkdə (AR CM-in 234.2-ci maddəsi) ittiham olunurdu. İş əlavə araşdırmaya göndərilənədək A. öz təqsirini boynuna almayaraq bildirirdi ki, onun heç bir satış məqsədi olmayıb. Təbii ki, bu halda vəkil də A.-nın mövqeyini təsdiqləyərək onu müdafiə edirdi. Lakin əlavə araşdırma zamanı A. etiraf edəndə ki, “o, həqiqətən satış məqsədi ilə bu cinayəti törədibdir”, vəkil əməlin yüngül maddə ilə (AR CM-in 234.1-ci maddəsi) tövsif olunması mövqeyini kəskin şəkildə dəyişdi.Artıq o, məhkəmənin diqqətini əməldə yüngüləşdirən halların mövcudluğuna cəlb etmək qərarına gəldi. Vəkilin obyektiv həqiqətdən daha çox, nəyin bahasına olursa-olsun təqsirləndirilən şəxsi müdafiə etmək niyyətində olduğunu görən məhkəmə bu andan etibarən vəklin qeyri-səmimiliyinə görə onun söylədiyi fikir və gətirdiyi dəlillərə də inamsız yanaşdı”. (Düzdür , təqsirləndirilən şəxsin mövqeyi nə qədər absurd olsa da, vəkil bu mövqe ilə razılaşmasa da o, təqsirləndirilən şəxsin seçdiyi mövqeyin doğura biləcəyi mənfi nəticələri izah etməli, təqsirləndirilən şəxs öz mövqeyində israrla təkid etdiyi halda isə, vəkil üçün nə qədər çətin olsa da, təqsirləndirilən şəxsə imkan daxilndə hüquqi yardım göstərməlidir. Bu məsələdən bəhs edərkən Beynəlxalq Vəkillər Birliyinin Vəkillik etikası qaydalarının 2.10-cu maddəsinə nəzər salmaq yerinə düşər: “Təqsirləndirilən şəxs özünü təqsirli bilmirsə, vəkil onun mövqeyini dəstəkləməyə və əsaslandırmağa borcludur.O, başqa mövqe tutmağa haqlı deyil.Bu şəraitdə müdafiə etdiyi şəxsin təqsirli olduğunu etiraf etmə müdafiə hüququnun kobud şəkildə pozulmasıdır).
          Deməli, vəkil müdafiə mövqeyini hazırlayarkən mütləq təqsirləndirilən şəxslə yekdil razılığa gəlməlidir ki, nəticədə yuxarıdakı misalda olduğu kimi uğursuzluğa düçar olmasın. Məhz bu baxımdan mövqenin sabit qalması və dəyişməməsi əhəmiyyət kəsb edir.
          Vəkilin tutduğu mövqeyə uyğun olaraq , onun qazana biləcəyi uğurlara dair bir neçə nümunəyə nəzər salaq.
          Bəraətverici mövqeyə dair: N. gece saat 2-də ovdan qayıdırdı. Qəflətən, onun yanındakı it hürməyə başladı. Ovçu (N.) fənərlə irəlini işıqlandırdı və gözünə dovşan izləri sataşdı. Izlər ovçunu bostana tərəf aparırdı. İt burada daha da aramsız hürməyə başladıqda ovçu fitini çalaraq fənərlə ətrafı bir daha işıqlandırdı.
          Bundan sonra baş verənləri şübhəli şəxsin (N.-nın) dindirilməsi protokolundan izləyək: “Ağacların arxasından gözümə dovşan qulaqları dəydi və mən dərhal atəş açdım. Atəşdən sonra insan fəryadı eşidildi. Həmin yerə qaçdım və başından yaralanmış bir adamın yerdə qan içində uzandığını gördüm. Mənə sonradan məlum oldu ki, sərxoş halda olan bu naməlum şəxs gecə vaxtı bostana kələm oğurluğuna gəlibmiş”.
          Istintaq zamanı mübahisə demək olar ki, yalnız ikincə kəlmənin-“gözümə dəydi” ifadəsinin üzərində getdi. Faktları təhlil edən müstəntiq bildirirdi ki, “gözümə dəydi” ifadəsi , “mənə elə gəldi ki”, anlamına gəlir.Buna görə də N.-nin əməlində ehtiyatsızqdan adam öldürmə cinayətindən (AR CM-in 124-cü maddəsi) söhbət getməlidir. Çünki N. öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir.(AR CM-in 26-cı maddəsi). Vəkil (həmçinin təqsirləndirilən şəxs) isə N.-nin verdiyi ifadədə işlətdiyi “gözümə dəydi” sözlərinə belə aydınlıq gətirdi:  “N. bu ifadə ilə atəş açdığı zaman həqiqətən dovşan qulaqları gördüyünü demək istəyirdi. Qulaqlar yarpaqların arxasından çıxmışdı. Buna görə də söhbət yalnız bədbəxt hadisədən gedə bilərdi. Bundan əlavə, təcili yardım və polis maşınlarında olanlar da hadisə yerinə çata-çatda iri boz bir dovşanın qəfildən maşınların qarşısından qaçdığını söylədilər.” Beləliklə, ikicə kəlmə sözü vəkilin ustalıqla istifadə etməsi nəticəsində ovçunun taleyi həll olundu.
Məhkəmənin diqqətini yüngülləşdirən halların mövcudluğuna cəlb etmək mövqeyinə dair: Bu zaman cəzanı yüngülləşdirən halları vurğulamaqla yanaşı, vəkilin emosianal mövqedən çıxış etməsi də zəruridir3. Əlbəttə, söhbət çıxışın emosianallığı nəticsəsində vəkilin dinləyicilərdə-hakimdə, andlı iclasçıda, dövlət ittihamçısında emosianal hissləri yaratmasından gedir. Bu zaman vəkil elə faktlara müraciət etməli və çıxışında elə nəticələrə gəlməlidir ki, bunlar rəhm, başqasının vəziyyətinə acıma, şəfqət, başqasının halını başa düşmə, ona kömək etmə və onu əfv etmə hissləri yarada bilsin. Bütün bunları edərkən o, cəzanı yüngülləşdirən halları da vurğulayaraq məhkəmənin diqqətini cəlb etməyə çalışmalıdır. Yalnız bu zaman haqqında bəhs etdiyimiz mövqe müsbət nəticə doğura bilər. Bu mövqe ilə bağlı vəkilin məhkəmə çıxışından  bir nümunəyə nəzər salaq: “Hörmətli məhkəmə , B. sürücü işləyir. Bir gün o, axşam vaxtı yorğun halda işdən qayıdarkən arvadını narahat vəziyyətdə görür. Səbəbi öyrəndikdə aydın olur ki, qızı səhər universitetə getmiş və hələ də qayıtmamışdır. Ər-arvad onu səhərədək gözləyirlər. Ata qaş-qabaqlı halda səhərə qədər otaqda gəzişir,siqaret dalınca siqaret çəkir. Səhər saat 6-da qapının zəngi çalınır və möhkəm döyülmüş, paltarları cırılmış, üz-gözü qan içində olan və gözlərinin yaşı hələ də qurumayan övladları içəri girir. Valideynlər üçün artıq hər şey aydın olur. Ata pərişan halda olan qızına bircə sual verir: “Kim?” Cavabında qız tufeyli həyat keçirən qonşu oğlanın adını deyir.Hərkətlərinə hakim ola bilməyən xəstə və əsəbi ata hər bir atanın bu vəziyyətdə edə biləcəyi hərəkəti edir. O, qızının namusunu təmizləmək üçün mətbəxt bıçağını götürüb qonşunun evinə gedir və oğlanın ürəyindən vuraraq onu öldürür. Ailəsinin yeganə qazancı sürücülükdən gələn və himayəsində iki azyaşlı uşağı olan bu yazıq ata yol verdiyi əməli tərbiyəli bir ev qızının namusuna toxunan şəxsin əxlaqsız hərəkətləri nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində törətmişdir. Hörmətli məhkəmə, işğal olunmuş Azərbaycan torpaqlarının yağı düşmənlərdən azad olunması uğrunda müharibədə iştirak etmiş, döyüş cəbhəsində vətən uğrunda iki dəfə yaralanmış və göstərdiyi qəhrəmanlıqlara görə bir neçə dəfə mükafatlandırılmış bu vətənpərvər insanın həmin əməli törətməyə məcbur olduğu zaman keçirdiyi hissləri nəzərə almağınızı xahiş edirəm.” Təbii ki, vəkilin bu çıxışı məhkəməyə təsir etməyə bilməzdi. Bu təsirli çıxışın nəticəsində hakimlər özlərini atanın yerində hiss etdilər və qərar qəbul edərkən də onun vəziyyətini və cəzanı yüngülləşdirən halları nəzərə aldılar.
          Sonda , cinayət işi üzrə vəkilin mövqeyi ilə bağlı bir məsələyə də toxunmaq istərdik. Bəzən təcrübədə vəkillər üçün cəzanı yüngülləşdirən halları tapmaq çətin olur. Belə vəziyyətlərdə hətta təcrübəli vəkillər də mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Əksər vaxt, bu cür situasiyalar cəmiyyətdə qəzəb və nifrət doğuran cinayətlərin, məsələn , zorlama, xüsusi amansızlıq və s. ilə müşayiət olunan qətl cinayətlərinin törədilməsi zamanı yaranır. Belə vəziyyətlərdə təqsirləndirilən şəxsi necə müdafiə etməli? Bu cür hallarla qarşılaşan vəkillərin təcrübəsinə nəzər saldıqda belə ümumiləşmiş nəticəyə gəlmək olar ki, vəkillər üçün deməyə söz yoxdursa, məhkəmə sistemi haqqında, ədalət mühakiməsi barədə, qanuni yolla əldə edilməyən, mübahisəli sübutlar haqqında danışmaq, eləcə də ekspertiza təyin edilməsinin zəruriliyinə ehtiyac hiss olunursa, o zaman muvafiq ekspertizanıн təyin olunmasını tələb etmək məqsədəuyğundur. Məsələn, T. 12 yaşlı iki qızı zorladıqdan sonra onların hər ikisini diri-diri tonqalda yandırmışdır. Deməyə sözü və başqa çıxış yolunun olmadığını görən T.-nin vəkili məhkəmə istintaqında təkrar stasionar məhkəmə-psixiatrik ekspertiza keçirilməsində təkid etmək məcburiyyətində qaldı, çünki belə tükürpərdici cinayəti normal insan törədə bilməzdi. Məhkəmə vəkilin dəlilləri ilə razılaşıb onun vəsatətini təmin etdi.
          Bundan əlavə, “vəziyyətdən çıxış yolu tapmadıqda təqsirləndirilən şəxsi necə müdafiə etməli?” situasiyası yarandıqda istənilən vəkilin ehtiyatında təcrübədə uğurla tətbiq edə biləcəyi bir çox üsullar da mövcuddur. Buraya qüvvədə olan qanunları təhlil etməyi, əxlaqi və hüquqi tərbiyədəki nöqsanlara, cinayətkarlığın artmasına, ətraf mühitin getdikcə kriminallaşmasına, hər gün oxuduğumuz qəzet və jurnallarda öz əksini tapan, televiziya ekranlarında nümayiş etdirilən zorakılıq səhnələrinə istinad etməyi,eləcə də ayrı - ayrı oxşar hadisələr arasında müqayisələr aparmağı və digər üsulları aid etmək olar.

 
  Bugün 33 ziyaretçi (55 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol