HÜQUQŞÜNASLARIN MƏKANI
  Azərbaycan Respublikasının Milli Məclisi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunverici orqan kimi
 

Azərbaycan Respublikasının Milli Məclisi və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
qanunverici orqan kimi
 
      Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq dövlət hakimiyyəti üç qola ayrılmışdır. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respubli­ka­sının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycan Respublika­sının məhkəmələri həyata keçirir.
Milli Məclis ən əsas və aparıcı dövlət orqanlarından biridir. Buna səbəb odur ki, ölkədə hamının riayət etməli olduğu hüquq normalarını məhz bu orqan yaradır. Bir sıra ölkələrin konstitusiyalarında qanunverici orqanının həm də ümumxalq təmsilçiliyi orqanı olması əks olunur. Məsələn, Böyük Britaniyada qanunvericilik hakimiyyətini parlament həyata keçirir və onun tərkibinə monarx və iki palata – icmalar palatası və lordlar palatası daxildir. Parlamentin əsas funksiyaları, digər ölkələrdə olduğu kimi millətin təmsilçiliyi, qanunvericilik, büdcənin qəbulu və hökumətin fəaliyyətinə nəzarət hesab olunur. Fransada da qanunverici hakimiyyəti parlament həyata keçirir, onun tərkibi iki palatadan ibarətdir: Milli Məclis və senat. Millət vəkilləri Milli Məclisə birbaşa seçilir, senat isə dolayı səsvermə yolu ilə seçilir. İtaliya konstitusi­yasının 55-ci maddəsinə əsasən parlament millət vəkilləri palatasından və Respublika senatından ibarətdir. Millət vəkilləri palatası ümumi və birbaşa seçilir, Respublika senatı isə vilayətlər üzrə seçilir. Millət vəkilləri palatası 630 millət vəkilindən, Respublika senatı isə 315 nəfərdən ibarətdir və beş il müddətinə seçilirlər. Türkiyədə qanunvericilik hakimiyyətini Türkiyə Böyük Millət Məclisi həyata keçirir. Böyük Millət Məclisi millətin ümumi səslə seçdiyi 450 millət vəkilindən ibarətdir və səlahiy­yət müddəti 5 ildir. Almaniyada isə qanunvericilik hakimiyyəti bir qədər fərqlidir. Burada qanunverici hakimiyyəti bundestaq və bundesrat həyata keçirir. Bundestaq konstitision səlahiyyətlərələ təmin olunur və o, qanunvericilik fəaliyyətini həyata ke­çirir və bu onun başlıca funksiyasıdır. Bundestaqın millət vəkilləri ümumi, birbaşa, azad, bərabər və gizli səslə seçilirlər və onun səlahiyyət müddəti 4 ildir. Bundesratın səlahiyyətləri isə azdır və yalnız qanunların müəyyən hissəsini qəbul etmək üçün onun razılığı tələb olunur.
Artıq qeyd etdiyimiz kimi ölkəmizdə qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağrışının səlahiyyət müddəti 5 ildir. Milli Məclis işini bilavasitə özü təşkil edir. Parlamentin daxilində işin nizamlanması üçün Milli Məclisin daxili nizamnaməsi mövcuddur. Milli Məclis komitələr yaratmaqla fəaliyyət göstərir. Milli Məclisin komitələri onun tərkib hissəsi­dir və qanunvericilik prosesində mühüm rola malikdir. Milli Məclisin komitələri köməkçi funksiyaları yerinə yetirmək və Milli Məclisə öz başlıca funksiyasını həyata keçirməkdə yardım etmək məqsədilə yaradılan təşkilati formadır. Belə ki, komitələr deputatların təklif etdiyi qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Milli Məclisdə baxılmasına dair rəy verir, qanun və qərar layihələrini hazırlayır.
Bundan başqa, komitələr ümumxalq müzakirəsinə çıxarılacaq qanun layihələri ilə bağlı daxil olmuş təklifləri ümumiləşdirir və Milli Məclisə təqdim edir; Birinci və ikinci oxunuşda qəbul olunmuş qanun layihələri üzərində iş aparır və onları üçüncü oxunuşa hazırlayır; Milli Məclisin səlahiyyətlərinə aid olan məsələlərə baxır və rəy verir; Milli Məclisin qanunvericilik işləri planına dair öz təkliflərini verir; İldə iki dəfə yaz və payız sessiyalarının əvvəlində öz işi barədə hesabat verir.
Azərbaycan Respublikası Milli Məclisində aşağıdakı komitələr fəaliyyət göstərir:
1.    Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
2.    Təhlükəsizlik və müdafiə məsələləri komitəsi;
3.    İqtisadi siyasət komitəsi;
4.    Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsi;
5.    Aqrar siyasət komitəsi;
6.    Sosial siyasət komitəsi;
7.    Regional məsələlər komitəsi;
8.    Elm və təhsil məsələləri komitəsi;
9.    Mədəniyyət məsələləri komitəsi;
10. İnsan hüquqları komitəsi;
11. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
Milli Məclis öz fəaliyyətini həyata keçirmək üçün müvafiq orqanlar da yarada bilər. Buna Hesablama Palatasını misal göstərmək olar. Bu palata büdcəyə nəzarətlə bağlı Milli Məclisin funksiyasını yerinə yetirir
Parlamentlər səlahiyyətləri sisteminə görə üç qrupa bölünür:
- Məhdud səlahiyyətli parlamentlər
- Qeyri-məhdud səlahiyyətli parlamentlər
      - Nisbi-səlahiyyətli parlamentlər
Məhdud səlahiyyətli parlamentlərin səlahiyyətləri qanunvericilikdə dəqiq müəy­yənləşdirilir və onların genişləndirilməsi imkanı olmur. Belə parlamentlərə İran və İraq parlamentlərini misal göstərmək olar.
Qeyri-məhdud səlahiyyətli parlamentlərin səlahiyyətləri qismən qanunvericilikdə dəqiqləşdirilir və digər hakimiyyət budaqlarına aid edilməyən bütün məsələlərin həlli bu orqana tapşırılır. Qeyri-məhdud səlahiyyətli parlamentə Böyük Britaniya parlamen­tini misal göstərmək olar.
Nisbi-səlahiyyətli parlamentlərin səlahiyyətləri qanunvericilikdə dəqiq müəyyən­ləşdirilir, bununla belə, onların səlahiyyətlərinin artırılması üçün mexanizm də mövcud olur. Azərbaycan Respublikasının parlamenti bu cür parlamentlər sisteminə daxildir. Belə ki, konstitusiyanın 94 və 95-ci maddələrinin sonuncu hissəsində həmin maddələrə əlavələr edilməsinin mümkünlüyü müəyyənləşdirilir.
Azərbaycan Respublikasının konstitusiyası Milli Məclisin səlahiyyətlərini iki qrupa ayırır. Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və Milli Məclisin həll etdiyi məsələlər.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsində Azərbaycan Res­publikası Milli Məclisinin ümumi qaydalar müəyyən etdiyi məsələlər öz əksini tap­mışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsində isə Milli Məclisin səlahiyyətləri sadalanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.
Milli Məclis öz funksiyalarını sessiyalar keçirmək yolu ilə həyata keçirir. Sessiya qanunla müəyyənləşdirilmiş elə zaman kəsiyidir ki, bu dövr ərzində Milli Məclis öz funksiyalarını yerinə yetirir, yəni qanunları qəbul edir, onlara dəyişikliklər, əlavələr edir və müvafiq hallarda onları ləğv edir. Səlahiyyətinə aid olan digər məsələlər üzrə qərarlar qəbul edir.
Sessiyalar iki növə bölünür: növbəti sessiyalar və növbədənkənar sessiyalar. Növbəti sessiya qanunvericilikdə müəyyənləşdirilmiş ardıcıllıqla keçirilən sessiyadır. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti sessiyaya yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-dan başlanır və dekabrın 30-dək davam edir. Növbədənkənar sessiyalar, qanunvericilikdə nəzərdə tutulmuş müddətdən daha tez və sessiyalararası vaxtda keçirilən sessiyalardır ki, onlar bir qayda olaraq, qısamüddətli olurlar. Növbədənkənar sessiyalar bir növ dövlət səviyyəsində müəyyən hadisəyə Milli Məclisin reaksiya verməsi üçün nəzərdə tutulan təşkilati formadır. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağrılır. Elə onlar da növbədənkənar sessiyanın gündəliyini müəyyən edir və həmin məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
     Milli Məclisin fəaliyyətinin əsas hüquqi forması qanunlar, qərarlar qəbul etməkdən ibarət olan qanunvericilik prosesidir. Qanunvericilik prosesi Milli Məclisdə hüquqi aktların hazırlanması və qəbulu prosedurasını əhatə edir. Qanunlar və qərarlar isə bu fəaliyyətin nəticəsi kimi ortaya çıxan və əldə edilən nəticənin hüquqi formasıdır. Qanunvericilik prosesi normativ hüquqi aktların hazırlanması, layihələrin Milli Məclisdə müzakirəsi və qəbulunu bildirir.
Qanun layihəsi təklif edə bilmək imkanına qanunvericilik təşəbbüsü hüququ deyilir. Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsü hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hü­ququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikasının Prokrorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi mənsubdur. Qanunvericilik təşəbbüsü hüququn­dan istifadə edən subyektin müzakirəyə təqdim etdiyi qanun layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Belə qanun layihələrinə dəyişikliklər onu irəli sürən orqanın razılığı ilə edilə bilər. Bu cür məhdudiyyətin qoyulmasında izlənilə məqsəd qanun layihəsini irəli sürən subyektin qanunda əks olunan marağının gözlənilməsidir. Lakin nəzərə almaq lazımdır ki, dövlət orqanları nə qədər ictimai maraqlardan çıxış etsələr də, təbii olaraq, bəzən onların öz maraqları olur və bunların tam təmin olunması üçün qanunvericilik təşəbbüsündən istifadə edilməsi mümkündür. Buna görə də bu cür hər hansı marağın neytrallaşdırılması üçün bu layihələrə dəyişiklik edilməsi imkanı da saxlanılmışdır. Hər bir halda Milli Məclis qanun layi­həsi ilə razılaşmadığı təqdirdə onu qanun kimi qəbul etməyə bilər.
Qanun layihələri 6 ay müddətində baxılır, müzakirə edilir və onlarla bağlı müəy­yən qərar qəbul edilir. Qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyekt üçün bu müddət qısaldılaraq iki ay müəyyən edilmişdir. Milli Məclisə daxil olmuş qanun və qərar layihələri Milli Məclisin aparatında qeydiyyata alınır və Milli Məclisin sədri onların baxılması üçün müddət təyin edərək müvafiq komitəyə göndərir. Əgər qanun layihəsi bir neçə komitəyə göndərilərsə onlardan biri aparıcı təyin olunur. Bir layihə üzərində işləyən bir neçə komitə arasında fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin fikri əsas götürülür.
Qəbul olunan qanun layihələri Milli Məclisdə bir neçə aspektdən müzakirə olunur. Bunun üçün də qanun layihələrinin fərqli müzakirə növləri müəyyən olunur ki, buna da qanunun oxunuşu deyilir. Qanun üç oxunuşdan keçir. Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir. Qanun layihəsinin birinci oxunuşunun baxılması nəticəsində Milli Məclis aşağıdakı qərarlardan birini qəbul edir.
1.    Layihə birinci oxunuşda qəbul edilsin və verilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin.
2.    Layihə qəbul edilməsin.
3.    Qanun qəbul edilsin .
Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı komitə öyrənir və ümumiləşdirir. Yenidən işlənmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclasının gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir.
   Qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi aparıcı komitənin nümayəndəsinin məruzəsi ilə başlanır. Layihənin ikinci oxunuşda müzakirəsi, qanun layihəsi təşəbbüs­çüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir. Daha sonra ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilir. Qanun layihəsi əsas kimi qəbul edildikdən sonra Milli Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir. Bundan sonra qanun layihəsi ikinci oxunuşdan qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyən­ləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazır­lanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsini üçüncü oxunuşda baxılması üçün Milli Məclisin iclasının gündə­liyinə salır. Qanun layihəsi üçüncü oxunuş zamanı bütövlükdə səsə qoyulur. Qanun layihə­si­nin üçüncü oxunuşu zamanı onun mətnində, bir qayda olaraq, dəyişikliklər edilə bilməz.
Naxçıvan Muxtar Respublikasında da dövlət hakimiyyəti hakimiyyətlərin bölün­məsi prinsipi əsasında təşkil edilir. Naxçıvan Muxtar Respublikası Konstitu­siyasının 11-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiy­yətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Ali Məclisin deputatları majo­ritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətləri Azərbaycan Respub­li­kası konstitusiyasının 138 və 139-cu maddələrində və Naxçıvan Muxtar Respublikası konstitusiyasının 24 və 25-ci maddələrində təsbit edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.
 
 
 
  Bugün 3 ziyaretçi (9 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol