HÜQUQŞÜNASLARIN MƏKANI
  Polisin təyinatı, əsas vəzifələri və fəaliyyət istiqamətləri
 

Polisin təyinatı, əsas vəzifələri və fəaliyyət istiqamətləri
 
Dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçərək ictimai asayişin qorunmasında, yaranan dövlət çevrilişlərindən, prezidenti və xalqı terror və sui-qəsdlərdən qorumağı bacaran, Qarabağ cəbhəsində şəhidlik zirvəsinə ucalan bütöv bir polis nəsli yetişdirilmişdir. Ümummilli lider H.Əliyev daxili ictimai-siyasi sabitliyin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq…Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir...” Əlamətdar haldir ki, daxili işlər orqanlarının şəxsi heyəti bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur.
2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğunun müasirləşmə, dinamik inkişaf mərhələsi başlamışdır ki, ictimai-siyasi sabitliyin sarsılmaz təməlləri üzərində milli yüksəliş bu gün də davam edir.
Əvvəlcə polisin yaranma tarixinə nəzər salaq. Polis - (yunanca - dövləti idarə etmə, müdiriyyət) istismarçı dövlətlərdə xüsusi nəzarət və məcburiyyət orqanları sistemi, həmçinin mövcud ictimai quruluşu qoruyan daxili təyinatlı cəza ordusu olmuşdur. Polis orta əsrlərdə, xüsusilə mütləqiyyət dövründə daha çox inkişaf etmişdir.
Bu orqan ölkəmizdə Azərbaycan Cümhuriyyəti dövründə, yəni 1917-ci ildə yaradıl­mış, 1931-ci ilədək yerli Sovetlərin nəzdində Xalq Daxili İşlər Komissarlığı, 1946-cı ildən isə Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərmişdir.
Bu orqan bir neçə Avropa ölkəsində (məsələn, Almaniya, İtaliya və s.) polis adı, Azərbaycanda, Sovetlər Birliyində və sosialist respublikalarının bir çoxunda isə milis adı ilə fəaliyyət göstərmişdir. Milis - (latınca-militia- hərbi xidmət, qoşun) SSRİ-də dövlətin inzibati-icraiyyə orqanı kimi fəaliyyət göstərmiş, vəzifəsi isə ictimai asayişi, sosialist mülkiyyətini, vətəndaşların, müəssisə, təşkilat və idarələrin hüquqlarını, qanuni mənafelərini cinayətkar qəsdlərdən və digər cəmiyyətə zidd hərəkətlərdən mühafizə etmək olmuşdur.
SSRİ dağıldıqdan sonra bütün sosialist ölkələri və əvvəlki sovet respublikalarında milisin adı dəyişildirilmiş, bu qurum Polşa, Bolqariya və Sloveniyada 1989-cu ildə, Rumıniya, Litva, Estoniya, Moldaviya və Xorvatiyada 1990-cı ildə, Latviya 1991-ci ildə, Gürcüstanda 1993-cü ildə, Serbiyada 1997-ci ildə, Qazaxıstanda 1998-ci ildə, Rusiyada 01 mart 2011-ci ildə, nəhayət, Azərbaycanda 1999-cu ildə polis orqanı kimi fəaliyyətə başlamışlar.
Polisin şanlı tarixinin ən mühüm mərhələsi sözsüz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra bütün dövlət orqanlarına olduğu kimi Daxili İşlər Nazirliyinə də dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. 
Bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cina­yətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş Ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübari­zə­nin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmandan sonra ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılaraq müsadirə olunmuş, törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalmışdır.
Şəxsi heyətin professionallığının artırılması, gənc əməkdaşların nəzəri biliklərinin, praktiki vərdişlərinin yüksəldilməsi istiqamətində nazirliyin Polis Akademiyasının rolu danılmazdır. Belə ki, 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan məktəb statusunda yaradılmış bu təhsil müəssisəsi sonradan orta-ixtisas, 1992-ci ildən isə ali təhsil ocağı kimi fəaliyyətə başlamışdır.
Müstəqillik əldə edildikdən sonra bir sıra sahələrdə olduğu kimi hüquq muhafizə orqanlarında da islahatlar həyata keçirilməyə başlanıldı. Belə ki, daxili işlər orqanlarının fəaliyyətini daha da təkmilləşdirməkdən ötrü 1999-cu il 28 oktyabr tarixində “Polis haqqında” Azərbarcan Respublikasının Qanunu qəbul olundu. Qanun 6 fəsil 40 maddə­dən ibarətdir. Bundan sonra “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Daxili işlər orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi fondunun yaradılması haqqında”, “Daxili işlər nazir­li­yinin daxili qoşunlarının hərbi hissəsinin döyüş bayrağı haqqında əsasnamənin və daxili işlər nazirliyinin daxili qoşunlarının hərbi hissəsinin döyüş bayrağının təsvirinin təsdiq edilməsi barədə” fərman və sərəncamlar imzalanaraq polisin fəaliyyət və vəzifələri daha dolğun şəkildə tənzimləndi. 
Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.
Polisin əsas vəzifələri aşağıdakılardır:
1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;
2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək;
3) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək;
4) səxsiyyəti, insan hüquq və azadlıqlarını, mülkiyyəti hüquqazidd əməllərdən qorumaq;
5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektlərini mühafizə etmək;
6) törədilmiş cinayətləri açmaq;
7) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq;
8) cinayətkarları aşkara çıxarmaq və tutmaq;
9) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq;
10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiy­yətləri daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və ya inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq;
11) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
12) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək;
13) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
14) hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq;
15) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq;
16) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək;
17) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
18) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etməkdən ibarətdir.
Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, huma­nistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
1)  İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
2)   Cinayətlərin və digər xətaların qarşısının alınması və açılması;
3) Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.         
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı vəzifələri vardır:
1) hər bir şəxsin təhlükəsizliyini təmin etmək;
2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq;
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının və məhkəmələrin qərarlarını icra etmək;
4) Qanunla müəyyənləşdirilmiş qaydada tutulan şəxsi müvafiq orqanlara təhvil  verilənədək saxlamaq;
5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq;
6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tət­­biq edilən föv­­qəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya və ya epizootiya zamanı karantin təd­­birlərinin həyata keçirilməsində iştirak etmək;         
7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək;
8) mü­­vafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təh­vil veri­lə­­­n­­­­­­­­­­­­­ədək sahib­­­siz əmlakın və dəfinə­­lərin, habelə tapılmış və polisə təhvil verilmiş sənə­dlə­ri­n,əş­yala­rın və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək;
9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq;
10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək;
11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək;
12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq;
13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Cinayətlərin və digər hüquqpozmalarının qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşlarının vəzifələri aşağıdakılardan ibarətdir: cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək, cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləş­dirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, yuxarıda sadalanan məsələlər üzrə məhkəmənin (hakimin) və ya prokurorun qərarlarını, habelə müstəntiqin və ya təhqiqatçının qərarla­rını və ya yazılı tapşırıqlarını icra etməkdən ibarətdir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:
1) nəqliyyatın və piyadaların hərəkətini nizama salmaq, sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının gözlənilməsinə nəzarət etmək, yol hərəkətinin təhlükəsizliyini təmin etmək;
2) yolların təmiri, tikintisi, layihələşdirilməsi, istismarı və onlara xidmət zamanı yol hərəkəti təhlükəsizliyinin tələbləri ilə bağlı qüvvədə olan qaydalara, normativlərə və standartlara əməl olunmasına nəzarət sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
3) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
4) təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşki­latlar və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, avto­nəqliyyat vasitələrinin zərərli tullantılardan ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsində dövlət nəzarətini təmin etmək;
5) yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək;
6) yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul etmək və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini vermək;
7) nəqliyyat vasitələrinin və qoşquların qeydiyyatını aparmaq, onlara dövlət nömrə nişanlarını vermək.
 
 
 
  Bugün 6 ziyaretçi (15 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol