HÜQUQŞÜNASLARIN MƏKANI
  Məhkəmə qərarlarının anlayışı, növləri (hökm, qətnamə və qərardad) və əlamətləri
 

Məhkəmə qərarlarının anlayışı,
növləri (hökm, qətnamə və qərardad) və əlamətləri
 
Azərbaycan Respublikasının Cinayət və Mülki Prosessual Məcəllələrində məhkəmə qərarlarının növləri olan hökm, qətnamə, qərardad və sərəncam fərqləndirilir. Sözü­gedən qərarlar haqqında məlumat vermək istərdim.
İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə forma­sında çıxarılır. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.
MPM-in 216.1-ci maddəsinə görə qətnamə işi mahiyyəti üzrə həl edən birinci instan­siya məhkəməsini aktıdır. Qətnamənin çıxarılması ilə mülki işə müvafiq məhkəmədə baxılması yekunlaşdırılır.
Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. ARK-nın 129.1-ci maddəsində məhkəmənin qəbul etdiyi qərarların dövlət adından çıxarıldığına dair müd­dəa birbaşa göstərilmişdir. Buna görə də yalnız qətnamə deyil, bütün məhkəmə aktları dövlətin adından çıxarılır və onların icrası məcburidir.
MPM-in 216.3-cü maddəsi məhkəmə qətnaməsi çıxarılmasının xüsusi prosessual qay­dasını müəyyən edir. Bu qayda hər şeydən əvvəl müşavirə otağının gizliliyini qorun­ması (müşavirə və səs vermənin gizliliyi) tələbinə əsaslanır ki, bu da hakimlərin müstəqilliyinin prosessual təminatlarından biridir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə qətnaməsi maddə və prossesual huquqi normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətlən­dirir, iş üçün əhəmiyyətli olan halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qa­nunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzzrə qətnamə çıxarır.
Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda hakimlərin biri tərəfindən yazılı surətdə tərtib edilir. Qətnamə işə hakim tərəfindən təkbaşına baxıl­dıqda həmin hakim, kollegial qaydada baxıldıqda isə bütün hakimlər tərəfindən imzalanır.
Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qətnamə strukturuna görə 4 hissəyə bölünür:
a) giriş hissə - çıxma vaxtı, yeri, çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclas katibi, tərəflər və s. kimi məlumatlar göstərilir;
b) Təsviri hissə - iddiaçının tələbi, cavabdehın etirazları, mülahizələr, digər şəxslərin izahatları əks olunur;
c) əsaslandırıcı hissə - işin faktiki halları müəyyən edilir və qətnamə əsaslandırılır;
ç) nəticə hissə - işin faktiki halları müəyyən edilərək tərəflərin qarşılıqlı münasibətlərinə verilən hüquqi qiymət müəyyən olunur.
Müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edil­dikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırlmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnamənin nə vaxt ala biləcəklərini elan edir.
Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib ediəlndən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Qətnamə qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərardadları
İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır.
Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddaanı baxılmamış saxladıqda, habelə bu məsələ ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.
Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim yaxud hakim­lər tərəfindən imzalanıb qəbul edldikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.
Məhkəmə mürəkkəb olmayan məsələni məhkəmə iclasında həll etdikdə müşavirə otağına getməyib yerində müzakirə edərək ayrıca akt şəkilində tərtib olunmadan qərardad çıxara bilər. Bu zaman qərardad şifahi elan olunur və məhkmənin iclas protokoluna yazılır. Qərardad onun hansı məsələ ilə əlaqədar çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.
Qərardadın qətnamə və əmrdən fərqi mülki işi mahiyyəti üzrə həll etməməsidir. Qərardad adətən müxtəlif prosesual-hüquqi məsələlərin həll edilməsi üçün çıxarılır.
Qərardadın 2 növü fərqləndirilir:
a) müstəqil akt şəklində olan qərardadlar.
b) müstəqil akt şəklində tərtib olunmayan qərardadlar
Qanunvericilikdə müəyyən prosessual hərəkətlərin icrasının rəsmiləşdirilməsi üsulu kimi qərardadın çıxarılmasına dair tələb müəyyən olunduqda belə qərardadlar, bir qayda olaraq, müstəqil akt şəklində tərtib olunmaqla çıxarılır. Məsələn, məhkəmə işi üzrə icraatın dayandırılması və ya təzələnməsi haqqında qərardadlar, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad və s.
Hər iki növ qərardad şifahi elan olunur və məhkəmə iclasının protokoluna yazılır.
Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:
- Qərardadın çıxarılma yeri və vaxtı;
- qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi işdə iştirak edən şəxslər;
- qərardadın hansı məsələ barədə çıxarılması;
- məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutuduğu qanunlara istinad edilməsi;
- baxılan məsələ üzrə nəticə;
- qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti.
Maddənin mənasından belə başa düşülür ki, qərardadlar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarətdir.
Xüsusi qərardadlar:
Məkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əla­mətlərini aşkar çıxarırsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Xüsusi qərardad işdə iştirak edən şəxsin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxara bilər. Ayrıca akt şəklində qəbul edilmiş qərardaddan qanunda göstərilmiş hallarda şikayət verilə bilər.
Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
Məhkəmə əmri
Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılaraq çıxarılır.Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və akt icra sənədi hesab edilir.Azərbaycan Respublikası mülki prosessual qanunveri­ciliyi üçün kifayət qədər yeni olan bu institut konkret mülki işlərin sadələşdirilmiş for­masında həll edilməsinə imkan verdiyindən çox mühüm təcrübi əhəmiyyətə malikdir.
Bu icraatın mahiyyəti ondan ibarətdir ki, məhkəmə qaydalarında baxılaraq həll edilməli olan müəyyən növ aşkar tələblər üzrə mübahisə yaranarsa, həmin tələblərə sadələşdirilmiş qaydada və qısaldılmış müddətlər çərçivəsində baxılaraq icrası məcburi olan məhkəmə aktı olan məhkəmə əmri qəbul edilə bilər.
Əmr icraatı qaydalarında işlərə baxılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
- irəli sürülən tələb məhkəmədə mülki icraat qaydasında araşdırılmalı olan tələb olmalıdır;  yalnız MPM-in 276-cı maddəsində göstərilmiş tələblər üzrə həyata keçirilə bilər; yalnız aşkar tələbə əmr icraatı qaydasında baxıla bilər və s.
Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.
Əmrin qətnamədən fərqi:
- məhkəmə əmri həm quruluşu, həm də məzmunu baxımından daha sadədir.
-  məhkəmə əmrinin hər hansı başqa qaydada mübahisələndirliməsi MPM-da nəzərdə tutulmur.
- Məhkəmə əmri qısa müddətdə qüvvəyə minir.
Cinayət mühakimə icraatı zamanı yekun məhkəmə qərarının çıxarılması:
Məhkəmənin yekun qərarı dedikdə, birinci instansiya məhkəməsinin cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə mahiyyəti üzrə baxılması nəticəsində qəbul etdiyi və bütövlükdə birinci instansiya məhkəməsində icraata yekun vuran prosessual akt başa düşülməlidir.
Cinayət prosessual qanunvericilik birinci instansiya məhkəməsində məhkəmə baxışının sonunda müşavirə otağında qəbul etdiyi yekun qərarın 2 növünü fərqləndirir: 1) hökm; 2) digər yekun qərar.
Digər yekun qərar dedikdə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında və tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında və sair qərar başa düşülür.
Hökm və ya məhkəmənin digər yekun qərarı mahiyyəti etibarilə fərdi xarakterli hüquq-tətbiqetmə aktıdır.
Məhkəmə hökmü Azərbaycan Respublikası adından çıxarılır. Bu onun fiziki və hüquqi şəxs üçün məcburi hüquqi qüvvəyə malik olduğunu göstərir.
Hökmün 2 növü fərqləndirilir : 1) bəraət hökmü; 2) ittiham hökmü.
Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edil­di­yi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarır.
İttiham hökmü
Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.
Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Bütün zəruri məsələləri həll etdikdən sonra məhkəmə hökmün tərtib edilməsinə başlayır.
Məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib edilməlidir.
Hökm 3 hissədən: a) giriş : b) təsviri-əsaslandırıcı :c) nəticəvi hissədən ibarətdir.
Hökm hakimlərdən biri tərəfindən əllə yazılmalı və ya çap makinasında, yaxud komputerdə hazırlanmalıdır.
Hökmün məzmunu : (ittiham hökmü)
Giriş hissədə:Hökmün Azərbaycan Respublikası adından çıxarıldığı, çıxarıldığı tarix, vaxt, yer, hökmü çıxarmış məhkəmənin adı və sair.
Təsviri-əsaslandırıcı hissədə:Cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarak­teri, törədilmə motivləri, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı ssübutlar, məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar və sair.
Nəticəvi hissədə:Təqsirləndirilən şəxsin cinayət qanununun konkret maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi və s.
Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərardan    Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
 
 
  Bugün 6 ziyaretçi (14 klik) şəxs burada idi

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol